Türk mühəndislərinin hazırladığı “möcüzə materialı”
Elm

Türk mühəndislərinin hazırladığı “möcüzə materialı”

Türkiyə bir çox texnologiyada dünyadakı rəqibləri arasında fərq yaradarkən, yeni bir texnologiyanı da təqdim edib. Türkiyəli mühəndislər, "möcüzə materialı" olaraq xarakterizə edilən və "super material"a çevrilən qrafenin daha təsirli modelini hazırlayıblar və artıq kütləvi istehsal və ixraca başlanılıb.

Kütləvi istehsaldan sonra ixrac olunmağa başlayan və türkiyəli mühəndislər tərəfindən çox əhəmiyyətli bir funksiya qazandırılan, eyni zamanda "möcüzə material" adlandırılan qrafen poladdan 200 qat daha möhkəm hala gəlib. Türkiyəli mühəndislərin əlində "super material"a çevrilən qrafen 10 ildən artıqdır ki, dünyada haqqında ən çox danışılan materiallardan biri hesab olunur.

"Ahlatcı Holding"in yüksək texnologiyalı materiallar sahəsində fəaliyyət göstərən törəmə şirkəti "Nanografi Nanoteknoloji AŞ" "möcüzə materialı" olaraq xarakterizə edilən və Nobel mükafatına mövzu olan qrafenlə bağlı işlərini yüksək səviyyəyə qaldırıb. Şirkət poladdan 200 dəfə güclü, misdən daha keçirici, eyni dərəcədə elastik və yüngül olan qrafeni daha da inkişaf etdirərək "super qrafen" əldə edib.

Bununla bağlı açıqlama verən "Nanografi" şirkətinin İş inkişaf etdirmə üzrə direktoru Yunus Emre Deli 2011-ci ildə bu sahədə fəaliyyətə başladıqlarını, istehsal modellərini inkişaf etdirdiklərini və 2020-ci ilin əvvəlində Ankarada dünyanın ən böyük kütləvi istehsal sınaqlarından birini qurduqlarını deyib.

Yeni texnoloji məhsullar istehsal etməyə başladıqlarını vurğulayan direktor ötən il rəqabətli bazarları olan onlarla ölkəyə ixracat həyata keçirdiklərini deyib: "Biz məhsullarımızı Avropa və Şimali Amerikadakı universitetlərə və yüksək texnologiya şirkətlərinə təqdim edirik. Dövriyyəmizin demək olar ki, 90 faizindən çoxu ixracat olub. Kosmos-aviasiya da daxil olmaqla müdafiə sənayesi, elektronika, kimya tədqiqatlarında dünyanın qabaqcıl yüksək texnologiya şirkətləri türkiyəli mühəndislər tərəfindən hazırlanan məhsullardan istifadə edirlər".

Y.E.Deli Nobel mükafatına layiq görülən və birdən-birə dünya gündəminə gələn qrafenlə bağlı son 10 ildə böyük inkişaf olduğunu, materialın yeni məhsullarda istifadə olunmağa başladığını açıqlayıb. O deyib: "Qrafen hazırkı modelində demək olar ki, bütün dünyada müxtəlif sektorlarda istifadə olunur. Əvvəlkindən daha çox istehsalçı var. Universitetlərdə şöbələr yaradılıb və elmi-tədqiqat işlərinə daha çox vəsait ayrılıb. Bu araşdırmaların ən əhəmiyyətlisi onun sənayeyə daha sürətli inteqrasiya oluna biləcəyi və daha effektiv şəkildə necə istifadə ediləcəyi idi. Elm dünyasının bu axtarışına cavab verəcək və məhsuldakı bəzi qüsurları aradan qaldıracaq həllər üzərində işlədik və nəticə ürəkaçan oldu. "Nanografi" olaraq "Ür-Ge" və "Ar-Ge" infrastrukturumuzla bir müddətdir bu məhsul üzərində işləyirdik və akademik nəşrlərdə "holey" qrafen olaraq xatırlanan, "super qrafen" olaraq təyin etdiyimiz bir məhsul yaratdıq. Çünki biz onların imkanlarına görə məlum qrafendən qat-qat təsirli, yetkin performanslara sahib olduğunu gördük və bunu elm aləmində paylaşdıq. Əldə etdiyimiz məlumatlarla ultrayüksək keçiricilik dəyərlərinə, daha böyük səth sahəsinə və elektrokimyəvi xüsusiyyətlərinə malik olan, məlum qrafendən çox-çox yüksək keyfiyyətli məhsul əldə etdik".

Qrafenin bu yeni formasının mövcud qrafendən demək olar ki, 3 qat daha yüksək keçiricilik dəyərinə sahib olduğuna diqqətçəkən Y.E.Deli keçiricilik performansının 16 min 500 mikrosiemenə qədər artdığını bildirib: "Kosmos-aviasiyada, elektron tədqiqatlarda, enerji saxlama sistemlərində materialın ən çox axtarılan xüsusiyyəti onun keçiricilik dəyəridir. Keçiriciliklərin yüksək olması materiala və sistemin özünə daha yüksək axın daşıma, daha yüksək məlumat transferi imkanı verir. Digər tərəfdən, daha yüksək və aktiv səth sahəsi təklif edərək, xüsusilə membran sistemlərində, batareya tədqiqatlarında və super kondensatorlarda yeni bir aktiv sahə təqdim edir. Digər tərəfdən, "super qrafen"lə elektrokimyəvi performansların artması ilə, xüsusilə batareya və biosensor tədqiqatlarında üstünlüklər əldə olundu. Geyinilə, daşına bilən və daha yüksək performansla daha az enerji sərf edən biosensor və ya qaz sensoru inkişaf etdirmə tədqiqatlarının artdığını, xüsusilə "super qrafen" ilə bunun daha da sürətlənəcəyini gördük. İndi deyə bilərik ki, qrafendən yuxarı versiya olan ultra xassələrə malik material hazırlanıb və istehsal edilib".

Qrafenin dünyada məhdud sayda ölkə tərəfindən inkişaf və istifadə edilə bilən yüksək əlavə dəyərə malik bir məhsul olduğuna diqqətçəkən Y.E.Deli karbondan yeni bir material yaratdıqlarını da qeyd edib. "Deyə bilərik ki, "super qrafen"in əlavə dəyəri keyfiyyət və performansları artırmaqla yaxşılaşmağa davam edəcək. Hazırda polimer sənayesi tərəfindən istifadə edilən qrafenin qiymət diapazonu kiloqram üçün 1000-2000 dollar aralığında olsa da, elektron texnologiyalar üçün bu, dəyişə bilər. Qrafen hər istifadə üçün yenidən fərdiləşdirilə bilər. Tibbi araşdırmalarda DNT keçidlərini, ardıcıllığı və dizaynı sürətləndirəcək və monitorinqi asanlaşdıracaq bir texnologiyanın "super qrafen"lə mümkün ola biləcəyini gördük. Dərman daşıma sistemlərində, xərçənglə mübarizədə, biosensorlarda artıq qrafenin daha çox sürətli istifadəyə təqdim olunacağını, sınaqdan keçiriləcəyini bilirik. İnanıram ki, "super qrafen" həm əlavə dəyəri, həm yaradacağı texnoloji qazanclar, həm də yeni texnoloji məhsullardan təmin edəcəyi faydalar baxımından əhəmiyyətli bir məhsul olacaq".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.