Türk dünyasını birləşdirəcək layihə
Siyasət

Türk dünyasını birləşdirəcək layihə

İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi qələbə Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyət formalaşdırmaqla yanaşı, yeni mərhələnin başlanğıcını qoydu. 44 günlük Vətən müharibəsindən sonra ən vacib məsələlərdən biri də regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərpa olunmasında xüsusi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi bütövlükdə türk coğrafiyası üçün müstəsna önəmə malikdir. Məhz bu dəhliz vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına şərait yaranacaq, eyni zamanda region ölkələri bu layihədən yetəri qədər faydalana biləcəklər. Zəngəzur dəhlizinin reallaşması siyasi-iqtisadi baxımdan səmərəlidir. Dəhlizin açılması türk dünyasının bir əsrdən çox mövcud olan probleminin həllinə böyük töhfə verəcək. Daha dəqiq desək, türk dünyasının coğrafi parçalanması aradan qaldırılacaq və əməkdaşlıq əlaqələri daha da dərinləşəcək. Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyəyə birləşdirəcək dəhliz Orta Asiya ilə Avropanı, Aralıq dənizindən Böyük Çin səddinə qədər nəhəng bir ərazini əhatə edəcək. Zəngəzur dəhlizinin bərpasında ən mühüm məqamlardan biri isə türk dövlətləri arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların əldə olunmasıdır. Bu gün Mərkəzi Asiyadakı türk dövlətləri Orta Dəhliz vasitəsilə Azərbaycanla əlaqələrini genişləndirir. Orta Dəhlizin Zəngəzur qolu isə Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradacaq. Beləliklə, Zəngəzur dəhlizinin açılması ilə türk dövlətlərinin dünya bazarlarına inteqrasiyası da yeni müstəviyə qədəm qoyacaq. Bu, təkcə iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də türk dünyasının birləşməsi, mədəniyyətlərinin, adət-ənənələrin bir-birinə daha da yaxınlaşması, gediş-gəlişin, alqı-satqı proseslərinin intensivləşməsinə töhfə verəcək. Nəticədə türkdilli dövlətlərin iqtisadi layihələrinin reallaşdırılmasında yeni imkanlar yaranacaq, iqtisadi güc potensialı daha da artacaq. Həmçinin dəhliz vasitəsilə türk dövlətlərinin dünya siyasətindəki rolu yüksək həddə çatacaq.

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Sülh müqaviləsinin imzalanması ilə Ermənistan da dəhlizdən faydalana biləcək. Məhz bu dəhliz sayəsində bütün regional layihələrdən kənarda qalan Ermənistan logistik dalandan çıxacaq. Gələcəkdə rəsmi İrəvan Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan üzərindən Şimal-Cənub, Şərq-Qərb magistrallarına da qovuşacaq. Bu dəhliz Ermənistana xarici investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına da kömək edəcək. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan ərazisindən keçən, Rusiyadan Ermənistana uzanan dəmir yolu xəttinin reallaşması da mümkündür. Bununla yanaşı, Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı da yarana bilər. Eyni zamanda İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı yaranacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən faydalanacaqlar.

44 günlük müharibədən sonra imzalanan üçtərəfli Bəyanatda Ermənistan bölgədə nəqliyyat dəhlizlərinin açılması barədə öhdəlik götürüb. Azərbaycanla Naxçıvan arasında açılacaq nəqliyyat dəhlizi də Bəyanatın ən mühüm maddələrindən biridir. Amma əfsuslar olsun ki, Ermənistan üçtərəfli Bəyanatın 9-cu bəndi olan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi istiqamətində heç bir addım atmayıb. Bu gün Ermənistan hakimiyyəti Azərbaycanın gücündən və onun yaratdığı reallıqlardan xəbərdardır. Zəngəzur dəhlizinin açılması da bu mənada qaçılmazdır. Nikol Paşinyan hakimiyyəti reallığı dərk edir. Azərbaycan qarşıya qoyulan bütün hədəflər kimi, Zəngəzur dəhlizinin açılmasına da nail olacaq.

Nəzrin ELDARQIZI,

“Respublika”.