Torpaqdan güc alan təbiət aşiqi
Elm

Torpaqdan güc alan təbiət aşiqi

Nə qədər mükafatlar, təltiflər, təşəkkürnamələr olsa da, əslində insan üçün mühüm olan bu dünyadan köçüb gedəndən sonra xatırlanmasıdır. Onların yaddaşlardan silinməməsi, daim xatırlanması isə sonrakı nəsillərin üzərinə düşən vəzifədir.

Odlar yurdu bu günə qədər yüzlərlə igid, mərd oğul-qız böyüdüb. Elm, təhsil, incəsənət, idman və bir çox sahələrdə adını tarixə qızıl hərflərlə yazmış həmyerlilərimiz var. Onlardan biri də Azərbaycan coğrafiya elminin inkişafına dəyərli töhfələr vermiş, görkəmli alim, əməkdar elm xadimi, akademik Budaq Budaqovdur. 1928-ci il fevralın 23-də Ermənistan SSR-in Zəngibasar rayonunun Çobankərə kəndində dünyaya göz açan Budaq Budaqov orta məktəbi bitirdikdən sonra 1945-1947-ci illərdə İrəvanda Azərbaycan pedaqoji məktəbində, 1947-1951-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində təhsil alıb. Oxumaqdan, araşdırmadan yorulmayan gənc biliyini daha da artırmaq üçün Moskvaya gedir. Ötən əsrin 50-ci illərində Rusiyanın paytaxtında aspirantura təhsili alıb və əmək fəaliyyətinə də bu vaxtlarda başlayıb. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. Budaq Budaqov sonralar burada böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini işləyib. O, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olub. Alimin əsas elmi nailiyyətləri Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlı olub. Akademikin rəhbərliyi və yaxından iştirakı ilə respublikada səhralaşma prosesinin elmi əsasları araşdırılıb, landşaftın geokimyasına dair problemlər tədqiq olunub. Yüksək ensiklopedik biliyə, zəngin təfəkkürə, tədqiqatçı bacarığına malik olduğuna görə Cənubi və Qərbi Azərbaycanda, Gürcüstanda, Mərkəzi Asiyada olan türk mənşəli adları tədqiq edərək geniş oxucu kütləsinə çatdırıb. Akademik həmçinin sel təhlükəsinə görə Azərbaycanın rayonlaşma sxemini hazırlayıb. Görkəmli alimin tədqiqatları nəticəsində ilk dəfə palçıq vulkanlarının irimiqyaslı landşaft və geomorfoloji xəritələri tərtib olunub.

Hər şeyi təmənnasız, qarşılıqsız olaraq millətinin mənafeyi naminə edən alimin yurdsevərliyi, torpağa bağlılığı hər bir Azərbaycan gənci üçün əsl örnəkdir. Ona sadəcə coğrafiyaşünas alim demək və qəlibləşdirmək düzgün olmaz. Budaq müəllim həm də təbiət və poeziya vurğunu idi. Onun publisistikasında xüsusi yer tutan təbiət və poeziya qoşa qanad kimi olub. Alimin qələmindən çıxmış "Nizami əsərlərində təbiət", "Yer adları xalqın sərvətidir", "Toponimika: keçilən yol və gələcəyə baxış", "Bu qala, bizim qala", "Görən kim yaratmış bu təbiəti", "Pirşağının ekoloji qayğıları" və onlarca başqa məqalələr həmişə rəğbətlə qarşılanıb. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutub. "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş dağlar", "İkimərtəbəli çay", "Üzən su anbarları", "Coğrafi adlar tarixi abidədir", "Toxunulmaz müqəddəslər" səpkisində yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələr "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", "Ulduz" jurnallarında, "Vətən səsi", "Ədəbiyyat və incəsənət" və başqa qəzetlərdə dərc edilib. Budaq Budaqovun elmi araşdırmaları ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 1000-dən çox elmi əsərdə, 30 xəritə-atlas və 40 monoqrafiyada əksini tapıb. Görkəmli akademik məqalələrində ictimaiyyətin diqqətini ekologiya və ətraf mühitin qorunması problemlərinə yönəldib, yurdumuzun zəngin sərvətlərindən səmərəli istifadə olunmasını təbliğ edib. Alimin "Coğrafi adlar tarixi abidədir", "Qərq olmuş dağlar", "İkimərtəbəli çay" kimi məqalələri ölkəmizdə beynəlxalq turizm marşrutlarının yaradılması, Azərbaycanın ekoloji, mədəni-tarixi və etnoqrafik irsinin dünyada tanıdılması üçün çox böyük vəsilədir.

Görkəmli alim ölkəmizdə coğrafiyaşünasların yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyib, coğrafiya dərsliklərinin hazırlanması və yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə böyük əmək sərf edib. Budaq müəllimin neçə-neçə tələbələri alimləri onun işini davam etdirirlər. Necə deyərlər, bu gün onun ardıcılları min budaq olub.

Şübhəsiz ki, Budaq Budaqovu təsvir etmək üçün sözlər aciz qalır. Çünki o bir kitaba bənzəyirdi. Ensiklopedik biliyə malik idi. Bu gün onun səhifələri vərəq-vərəq oxunur. O əsl təbiət adamı idi. Sanki gücünü elə oradan alırdı. Bütün Azərbaycanı qarış-qarış gəzir, diqqətlə seyr edir və öyrənirdi. Torpaqdan güc alır, sərin bulaqlardan təravətlənir, təmiz havadan həyat eşqi alırdı. Təkcə öz yurdunu deyil, həm də xarici ölkələri də gəzirdi. Bu zaman yenə doğma diyarımızı unutmurdu. Xarici səfərlərində, elmi toplantılarda Azərbaycanın əlverişli coğrafi mövqeyi, misilsiz təbiəti, iqlim müxtəlifliyi, adət-ənənə, milli mətbəx zənginliyi, qonaqpərvərliyi haqqında mükəmməl təqdimatları hər zaman həmkarlarının diqqətini cəlb edir və Azərbaycana qarşı xüsusi maraq oyadırdı.

Qeyd edək ki, Coğrafiyaşünas alimin elmi fəaliyyəti layiqincə qiymətləndirilib. Akademik Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib, akademik Yusuf Məmmədəliyev, akademik Həsən Əliyev, şair Məmməd Araz, mesenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlara, Ümumdünya Sülh Federasiyasının "Planetdə Sülh Naminə", Dinlərarası və Millətlərarası Federasiya tərəfindən "Dünya Səfiri" adına və Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

2012-ci il noyabrın 1-də coğrafiya elminə ağır itki üz verdi. Görkəmli alim Budaq Budaqov həmin gün dünyasını dəyişib. Akademikin elmi irsi bu gün də tədqiqatçılar üçün dəyərli mənbə hesab olunur.

Töhfə SƏMƏDOVA,

"Respublika".