HAZIRLIQ DAVAM EDİR
Region

HAZIRLIQ DAVAM EDİR

Ölkəmizin siyasi həyatında çox mühüm önəm daşıyan prezident seçkilərinə bir aydan da az vaxt qalır. Yurdumuzun hər yerində olduğu kimi, dağlar diyarı Lerik rayonunda da bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq görülür. Lerik şəhərinin girəcəyində, şəhərin mərkəzi yerlərində "7 fevral 2024-cü il prezident seçkiləri günüdür. Hamılıqla səs verək!" sözləri yazılmış plakatlar diqqəti cəlb edir.

80 saylı Lerik-Astara Dairə Seçki Komissiyasında yüksək işgüzarlıq, qaynar mühit, sağlam əhvali-ruhiyyə hiss olunur. Komissiyanın sədri İdris Şıxəliyev 25 ilə yaxındır ki, dairəyə rəhbərlik edir. Seçki sahəsində kifayət qədər təcrübəyə malikdir. Komissiyanın fəaliyyətinin Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na uyğun qurulduğunu, nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə həyata keçirildiyini bildirir:

Dairəmiz 127 seçki məntəqəsini əhatə edir. Məntəqələrin 108-i Lerik, 19-u Astara rayonunun ərazisində yerləşir. Seçicilərin ümumi sayı 47311 nəfərdir. Təmirə ehtiyacı olan məntəqələrdə cari təmir işləri aparılıb. Bütün məntəqələr lazımi avadanlıqlar, işıq, rabitə və digər xidmətlərlə, təşviqat materialları və müvafiq təlimatlarla təchiz edilib. Məntəqələrin 7-də veb kamera quraşdırılıb. Seçkilərin ədalətli, demokratik və yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri davam edir. İlk dəfə 3241 nəfər gəncin seçkilərə qatılacağı və səsvermədə iştirak edəcəyi nəzərdə tutulub.

1 nömrəli seçki məntəqəsi Rövşən Abdullayev adına Lerik rayon mədəniyyət mərkəzində yerləşir. Mərkəzin girəcəyində təşviqat materialları asılıb. Məntəqənin sədri Bəylər Salmanov hazırlıq işlərinin başa çatdırıldığını, 1250 nəfər seçici siyahısının dəqiqləşdirilərək məntəqədə asıldığını, səsvermə kabinələrinin və veb kameranın quraşdırıldığını, müşahidəçilər üçün yer ayrıldığını bildirir.

Piran kəndi Lerik-Lənkəran avtomobil yolunun üzərində yerləşir. Kəndin ərazisində lövhələrdə seçkiqabağı təşviqat materialları yerləşdirilib. 74 saylı seçki məntəqəsinə baş çəkirik. Məntəqə Piran kənd tam orta məktəbinin binasında yerləşir. Seçkiqabağı hazırlıq işləri barədə məntəqənin müdiri Əfqan Höccətov məlumat verərək bildirdi ki, məntəqə zəruri avadanlıq və texniki vasitələrlə təmin olunub. Ərazidə təşviqat və tanıtma lövhələri asılıb. Seçici siyahıları dəqiqləşdirilib. Seçki günü məntəqədə 672 nəfərin səsverməsi üçün hər cür şərait yaradılıb. Onlardan 8 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcəkdir. Məntəqənin 6 nəfər üzvü var. Seçicilərin müraciətlərinə həssaslıqla yanaşır, suallarını ətraflı cavablandırırıq.

Şəhid atası, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov əhali arasında birlik, həmrəylik, xoş əhvali-ruhiyyənin hökm sürdüyünü, qarşıdakı seçkilərin Zəfər seçkiləri kimi tarixə çevriləcəyini qeyd edir. 44 günlük Vətən müharibəsindən sonra xalqımız qələbə sevincləri, sabaha sonsuz ümid hisslərilə yaşayır. Əminik ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində də xalqımız müdriklik göstərəcək, ölkəmizi qələbədən-qələbəyə aparan liderə səs verəcək, müstəqil Azərbaycanın uğurları, qələbələri, zəfərləri seçkilərdən sonra da davam edəcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".