Min bir dərdin dərmanı İstisu
Region

Min bir dərdin dərmanı İstisu

Azərbaycanın ən qədim torpaqlarından olan Kəlbəcər bir inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunub. Ərazisinin böyüklüyünə görə Azərbaycanda birinci yerdə duran rayon 3 aprel 1993-cü ildə haylar tərəfindən işğal edilənə qədər, mərkəzi Kəlbəcər şəhəri olmaqla, 1 qəsəbə, 147 yaşayış məntəqəsindən ibarət olub.

Kəlbəcər düşmən tapdağı altına düşdükdən sonra yerli sakinlər Azərbaycanın müxtəlif bölgələrində qaçqın həyatı yaşamağa məcbur qalmışdı. Belə ki, işğaldan sonra Kəlbəcərdən 53,3 min nəfər adam qovulmuş, 50 nəfər dinc sakin öldürülmüş, 20 nəfər əsir götürülmüş və ya itkin düşmüşdür. Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayının hövzəsində yerləşən rayon qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər həmçinin, resurs potensialına görə Azərbaycanın ən zəngin rayonlarından hesab edilir.

İstisu təbiətin Kəlbəcərə bəxş etdiyi min nemətdən biridir. Bu mineral suyun loğman kimi milyonlarla insanı sağaldaraq həyata qaytardığını nəzərə alsaq dirilik suyu da adlandıra bilərik. Kəlbəcərin qərb hissəsinin silsilə dağ yamaclarındakı İstisu Göyçə gölündən 300 metr məsafədə, dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşir. İstisu mineral bulaqları qədim tarixə malikdir. 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gələn İstisu mineral bulaqları ümumilikdə 12 bulaqdan ibarətdir. Bu su, həmçinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun digər bir üstünlüyü isə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etməyə qadir olmasıdır. Təsadüfi deyil ki, hələ ötən əsrin 80-ci illərində İstisu bulağı üstündə bir kurort və mineral sudoldurma zavodu tikilib. Sözügedən zavod həmin dövrdə sutkada 800 min litr su istehsal edirdi. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan "İstisu" sanatoriya kompleksinin tikintisinə həmişə böyük maraq göstərib, 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul edib. Bundan iki il sonra - 1928-ci ildə isə İstisu sanatoriyasının tikilməsi, bura yolların çəkilməsi haqqında sovetlərin qurultayında məsələ qaldırılıb. İstisu hətta öz müalicəvi əhəmiyyətinə görə Çexiyadakı Karlovı-Varı bulaqlarından da yüksək qiymətləndirilir. Kəlbəcər işğal olunanadək İstisu nəinki ölkəmizdə, hətta bütün postsovet dövlətlərində olduqca məşhur idi. İşğal dövründə vandal ermənilər ölkəmizin mədəni abidələrinə, zəngin təbiətinə qənim kəsildiyi kimi, İstisu sanatoriyasını da viran qoyub. Bütün bunlar kifayət deyilmiş kimi, 1997-ci ildən etibarən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını öz brendləri kimi "Cermuk" suyu adı altında Avropa ölkələrinə, hətta ABŞ-a yüksək qiymətə satmaqla milyonlarla dollar gəlir əldə ediblər.

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə, nəhayət tarixi ədaləti bərpa etdi. Zəfərimizin rəsmi simvolu kimi 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ölkəmizə təhvil verildi. Beləliklə, rayonun Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi bir güllə belə atılmadan işğaldan azad edildi.

İşğaldan azad edildikdən sonra, digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı. Ötən il iyunun 27-də Prezident İlham Əliyev Kəlbəcərdə "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. Ümumilikdə, 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək potensialına malikdir. Həmçinin, kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılıb. İşğal dövründə vandal ermənilər tərəfindən yararsız hala salınan sanatoriya öz şöhrətini bərpa etməklə yanaşı, bir çox insanın dərdinə yenidən əlac olacaq. Ölkə başçımızın mərasimdəki çıxışı zamanı söylədiyi fikirlər bir daha İstisuyun əhəmiyyətini təsdiqləyir: "İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz "İstisu" sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb".

Xatırladaq ki, "İstisu" bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Tərkibi (bir litr suda 6,7 qrama çatan litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium), dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bir məqamı da qeyd edək ki, bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və s. xəstəliklərinin müalicəsində istifadə edilir. Statistikaya əsaslanaraq deyə bilərik ki, ölkəmizdəki mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Həmin rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.

Nəzrin ELDARQIZI,

"Respublika".