Tarixə çevrilən uğurlu il
Siyasət

Tarixə çevrilən uğurlu il

Artıq tarixə çevrilən 2022-ci il də Azərbaycan üçün mühüm hadisələrlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri sürətlə davam etdirildi. Xalqımız Azərbaycanın tarixinə uğurlu illər kimi daxil olan 2020, 2021 və 2022-ci illər kimi 2023-cü ilə də xeyirli, bərəkətli, işğaldan azad olunmuş torpaqlarımızın - Qarabağımızın cənnətməkana çevriləcəyinə inam hissi ilə qədəm qoydu.

"Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi". Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Ölkə başçısı qeyd edib ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir.

Köhnə ilin unudulmayan mühüm hadisələrinin bəzilərini qısaca xatırlayaq.

İşğaldan azad edilmiş ərazilərə ilk dəfə sərnişin avtobuslarının müntəzəm reysləri başladı. Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir. Ötən il Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. Bu, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Üçüncü hava limanı isə Laçında maksimum iki ildən sonra istifadəyə veriləcək. Hava limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir.

Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başladı. Zəngilanda təməli qoyulan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Kompleks İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış oldular. Zəngilan şəhərində təməli qoyulan ilk yaşayış binasının ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı oldu.

Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Ağdam Sənaye Parkının rezidenti "Smartpoint" MMC burada alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərini, digər rezident "Dadaş-N" MMC müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradıldı. Keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyuldu.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt-lik "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkətilə Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair saziş də imzalandı, Tərtər rayonunun Suqovuşan qəsəbəsində turizm kompleksinin təməli qoyuldu. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq.

Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməli qoyuldu. 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular. "Azbadam" Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodu açıldı. Layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılır. Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli qoyuldu. Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır. Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur.

Ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" stansiyasının və "Xocəsən" elektrik deposunun açılışında iştirak edib. "Xocəsən" stansiyası bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir. Stansiya Lökbatan qəsəbəsi və "Sədərək" Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak edib, kompleksdə yaradılan şəraitlə tanış olublar. Kompleks Azərbaycanda Hindistanın qədim təbabət sistemi - Ayurveda ilə müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya metodları təklif edilir.

 Azərbaycan Prezidenti xalqa müraciətində deyib: "Mən bu ili "Şuşa İli" elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə "Heydər Əliyev İli" elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".

Mustafa KAMAL,

"Respublika".