Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir
Siyasət

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir

"Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin sentyabrında İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı bildirib. Dövlət başçısı həmçinin deyib: "Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq".

2022-ci ilin fevralında dünyanın nüfuzlu mətbuat orqanı olan "Pakistan Observer" qəzetində "Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişir" sərlövhəli məqalə dərc olunmuşdu. Məqalənin müəllifi Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi İdarə Heyətinin üzvü, geosiyasi məsələlər üzrə analitik Mahmud Hasan Xan Cənubi Qafqazın geosiyasi mənzərəsinin Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsilə kəskin şəkildə dəyişdiyini, bölgənin ən böyük iqtisadiyyatına malik olan Azərbaycanın enerji mənbələrinin (istehsal, tədarük, nəqliyyat) şaxələndirilməsi və sosial-iqtisadi inkişaf baxımından daha da irəlilədiyini və Azərbaycanın Avrasiyanın enerji xəritəsini uğurla dəyişdirdiyini qeyd edirdi. Vurğulanırdı ki, Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya təbii qaz tədarük etməklə Azərbaycan daha bir tarixi nailiyyətə imza atdı.

Bu, həqiqətən də regionun enerji təhlükəsizliyinin və sabitliyinin daha da möhkəmləndirilməsi baxımından irəliyə atılmış nəhəng addımdır.

Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyi sistemini gücləndirəcəyini və Avropa qitəsinin Xəzər regionu ilə birləşdirilməsinə xidmət etdiyini yazan müəllif bu layihənin Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını bildirib: "TAP boru kəməri layihəsinin reallaşmasını bu gün Avrasiyanın coğrafiyasını və enerji xəritəsini dəyişən Azərbaycanın iqtisadi diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirirəm".

1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin imzalanması ilə Avropa qitəsinin enerji xəritəsi və siyasəti demək olar ki, tam dəyişdi. Bundan 28 il sonra 2022-ci ilin sentyabr ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bu sahədə daha bir səhifə açdı. Belə ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin açılış mərasimi Rusiya ilə ciddi enerji böhranı yaşayan Avropa İttifaqı dövlətləri üçün "yeni ümid və imkanlar" kimi dəyərləndirildi.

Müasir dövrdə enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti getdikcə artır. Bu baxımdan Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsi isə heç də təsadüfü deyil. Doğrudur, Azərbaycan bu vaxta qədər də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Ölkəmiz uzun illərdir ki, etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edirdi, lakin bundan sonra öz tərəfdaşlarını təbii qazla da təmin etməyi planlaşdırır və qaz hasilatının artırılması istiqamətində fəaliyyət göstərir. Bu məsələdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Bir sözlə, Azərbaycan öz enerji siyasətini daha da genişləndirməyi düşünür və bu hədəfə çatmaq üçün Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi də ölkəmizin milli maraqlarına uyğundur.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin açılış mərasimində qonaq qismində iştirak edən Prezident İlham Əliyev çıxışında ölkəmizin enerji siyasəti ilə bağlı gələcək planlarını açıqlayıb. Ötən il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlət başçısı qeyd edib ki, bu Memoranduma əsasən, Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır. Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısıdır, tezliklə elektrik təchizatçısına da çevriləcək.

Dövlət başçısı ötən il noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda ölkəmizin enerji siyasətindən danışarkən xüsusi olaraq qeyd edib ki, istənilən genişmiqyaslı layihələrin icrası üçün önəmli məqamlardan biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətinin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir.

Azərbaycan hər zaman imzasına və sözünə sadiqdir. İkitərəfli və çoxtərəfli razılaşmalar əsasında üzərinə götürdüyü bütün öhdəlikləri dəqiq və vaxtında yerinə yetirir. Təbii ki, rəsmi Bakının bu yanaşmasında qarşı tərəfdən də gözləntiləri var. Bu cür mühüm məsələlərdə üzərinə götürülən öhdəliklərə qarşılıqlı şəkildə qərəzsiz yanaşma nümayiş etdirilməli, qəbul edilən qərarlar vaxtında reallaşdırılmalıdır. Artıq Azərbaycanın Avropanın düşdüyü çətin durumdan çıxmaq üçün üzərinə götürdüyü öhdəliklərini reallaşdırmasının ilkin nəticələri də statistik rəqəmlərdə özünü büruzə verir. Belə ki, Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan İnterkonnektorunun isə düşməsindən sonra Bolqarıstanda qazın topdansatış qiyməti 34 faiz azalıb. Bu barədə Bolqarıstanın Enerji və Su Təsərrüfatı Tənzimlənməsi Komissiyası məlumat verib.

Ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib. Rumıniya Prezidenti Klaus Yohannisin dəvətilə Buxarestdə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasdakı çıxışında deyib: "Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya, Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidir".

İclasda digər çıxış edənlər bərpaolunan enerji mənbələrinin artmaqda olan payının inteqrasiyası istiqamətində güclü elektrik enerjisi interkonnektorlarına ehtiyac duyulduğunu və Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xəttinin vacibliyini vurğulayıblar.

Azərbaycan yaxın zamanda elektrik enerjisi ixracatçısı kimi də tanınacaq. Hazırkı dövrün əsas tələbləri sırasında bərpaolunan enerji növlərinə investisiyaların yatırılması mühüm yer tutur. Dövlət başçısı İlham Əliyev sözügedən konfrans çərçivəsində iştirakçıların suallarını cavablandırarkən bu məqama da xüsusi diqqət yönəldərək bildirib ki, nəhəng potensialdan istifadə etmək vaxtı yetişib. Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlil aparılıb. Günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Şimal dənizindən sonra Xəzər külək enerji potensialına görə dünyada ikincidir. Bu əminlik ifadə edir ki, enerji şirkətləri nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və ölkəmizin ən günəşli yerlərindən biri olan Cəbrayıla da nəzər yetirəcəklər.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bir çox məşhur media orqanlarının da diqqətindədir. Məsələn, Avstriyanın "dasfazit.at" internet qəzetinin "Prezident İlham Əliyev Azərbaycanı ciddi enerji gücünə çevirdi" adlı məqaləsində qeyd edilir ki, Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, etibarlı tərəfdaş imicinin formalaşmasını təmin edir. Azərbaycan Avropa enerji xəritəsinin yenidən qurulması prosesində fəal iştirak edən mühüm oyunçudur və dünyanın enerji xəritəsinin dəyişməsində də böyük rol oynayır.

Zümrüd QURBANQIZI,

"Respublika".