Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı xalqımıza növbəti qələbəni yaşatdı
Digər xəbərlər

Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı xalqımıza növbəti qələbəni yaşatdı

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha gücümüzü, qüdrətimizi göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.

Qısa müddətdə - cəmi bir gündən də az vaxtda Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfi təslim olmağa məcbur etdi. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açılmadı. Yalnız legitim hərbi hədəflər zərərsiz hala gətirildi.

Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Məğlub və fərari ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı birləşmələr tərk-silah edilmədi, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif silahlı təxribatlara əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə hərtərəfli dəstək göstərdilər və s. Bir sözlə, təcavüzkar niyyətlərinin arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki, Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü.

Bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır, kənar dövlətlərin də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.