Azərbaycan regionda əsas nəqliyyat habına çevrilir
Digər xəbərlər

Azərbaycan regionda əsas nəqliyyat habına çevrilir

Bu gün Azərbaycan regionun əsas nəqliyyat habına çevrilməkdədir. Bunun arxasında bir sıra səbəblər dayanır. İlk olaraq ölkəmiz Avrasiyada əlverişli coğrafi məkanda yerləşir. Bundan başqa, beynəlxalq əhəmiyyətli iki mühüm nəqliyyat dəhlizi - Şərq-Qərb və Şimal-Cənub marşrutları məhz Azərbaycan ərazisindən keçir. Respublikamızın bu kimi üstünlükləri ölkə ərazisindən tranzit daşımalarının həcminin artmasına imkan verir. Bu da öz növbəsində qeyri-neft sektoru üzrə əlavə gəlirlərin şaxələnməsinə öz müsbət təsirini göstərir.

Azərbaycanın açıq dənizə çıxışı olmasa da, hazırda geniş Avrasiya məkanında mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Burada dövlətin siyasi iradəsi, həyata keçirilən siyasətin rolu danılmazdır. Hər bir ölkə ayrılıqda tranzit daşımalarındakı zəncirin bir həlqəsi hesab olunur. Bu baxımdan, tranzit daşımalarında qonşu ölkələrin əməkdaşlığı, bir-biri ilə xoş münasibətləri əsas faktor kimi çıxış edir. Bu reallığı Azərbaycanın timsalında aydın şəkildə görmək mümkündür. Ölkəmizin əlverişli coğrafi mövqeyi ilə yanaşı, Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə xoş mərama əsaslanan münasibətlərinin mövcudluğu Azərbaycanın tranzit daşımaları sahəsində uğurlar qazanmasına töhfə verib. Bundan başqa, möhkəm qanunvericilik bazası, quru və su sərhədlərinə malik olması, qonşu dövlətlərlə razılaşdırılmış optimal qiymət siyasəti kimi amillər də respublikamıza tranzit ölkə olaraq marağı artırır.

Azərbaycanın gündən-günə nüfuzunun artmasında ölkəmizdə bərqərar olan uzunmüddətli daxili sabitliyin önəmini də qeyd etməliyik. Çünki ölkəmizdə daxili qarşıdurmalar, terror təhlükəsi, narko ticarət marşrutu yoxdur, nizam-intizam isə yüksək səviyyədədir. Məhz bütün sadaladığımız faktlar ayrı-ayrı ölkələri və transmilli şirkətləri öz yüklərini Azərbaycan üzərindən daşımağa sövq edir. Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm amillərdən biri də bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturudur. Geridə qoyduğumuz illər ərzində respublika üzrə təxminən 18 min kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Bundan başqa, Azərbaycan Xəzərdə ən böyük donanmaya malik olan dövlətlərdəndir. Təsadüfi deyil ki, hazırda ölkəmizdə 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılıb. Artıq onlardan ikisi - Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verilib, Laçın aeroportunun inşası isə intensiv şəkildə davam etdirilir.

Nəqliyyatdan bəhs etdiyimiz zaman ölkə ərazisindəki dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulmasını da vurğulamaq lazımdır. Bununla yanaşı, sözügedən istiqamətdə böyük həcmlərdə investisiya tutumuna malik layihələr də reallaşdırılıb. 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu bunun əyani sübutudur. Eyni zamanda, Azərbaycan Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında tikilmiş Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Bu, ehtiyacdan asılı olaraq 25 milyon tona qədər artırıla bilər. Yaradılan yüksək səviyyəli infrastruktur yüklərin Azərbaycan ərazisindən təyinat yerinə tez və rahat çatdırılmasını təmin edir. Bir məsələni də qeyd edək ki, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturu beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Həmçinin müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə inteqrasiya olunan dəhlizlər də Azərbaycanın tranzit imkanlarına öz müsbət təsirini göstərir. Belə ki, Qədim İpək Yolu marşrutu üzrə uzanan Şərq-Qərb dəhlizi ilə Mərkəzi Asiyadan gələn yüklərin daşınması həyata keçirilir. Dünya nəhəngi Çin də həmin marşrutdan istifadə edərək öz mallarını Avropaya çatdırır.

Ölkəmizin ərazisindən keçməklə formalaşan Şimal-Cənub marşrutu isə Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycan regionda, beynəlxalq arenada da etibarlı ticari-iqtisadi tərəfdaş kimi qəbul olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".