SERBİYA
Digər xəbərlər

SERBİYA

Zəngin mədəni irsə və dərin tarixə malik Serbiya Respublikası Qərbi Avropa və Yaxın Şərqə gedən yolların kəsişdiyi Balkan yarımadasında Avropanın bir növ "yol ayrıcıdır". Bu yarımadanın mərkəzi hissəsində, Cənub-Şərqi Avropada dənizə çıxışı olmayan ölkə şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Ümumi sahəsi 88.361 kvadratkilometr olan ölkənin paytaxtı Cənub-Şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. Balkan bölgəsinin coğrafiyasına bir neçə əhəmiyyətli obyekt daxildir - muxtar Voyvodina (Pannoniya ovalığında yerləşir), Serbiyanın qalan hissəsi isə Dinar Alpları Şərqi Serbiya dağları, Karpat dağları və Stara Planinadır. Zirvəsi 2656 metrə çatan ən yüksək Serb dağı Jeravicadır. Serbiyanın çayları və gölləri - bütün ölkə ərazisindən axan və ölkənin yeganə ən böyük su hövzəsi olan Dunay çayıdır. Serbiyanın digər çaylarına Dunay çayının qolları (Sava, Tisa və Beqey), Velika Morava, Tamiş, Qərbi Morava, Drina, İbar, Cənubi Morava, Timok və Radik çayları daxildir. Serbiyada təbii və süni göllər - Djerdap gölü, Ağ göl, Paliç, Borsko, Srebrno, Zlatarsko və sairədir.

Serbiyanın iqliminə dağ sistemləri və yaxınlıqdakı su ehtiyatları (Atlantik okeanı, Adriatik dənizi) təsir edir ki, bu da ölkənin şimalında kontinental istilik və sərt qışı, eləcə də regionun cənubunda mülayim Aralıq dənizi iqlimini təmin edir. Serbiyada yayın ortasında orta temperatur +22 dərəcə, yanvarda isə təxminən 0 dərəcədir. Ölkənin rəsmi dili Cənubi Slavyan dilləri qrupuna aid olan serb dilidir. Ərazisində 8-dən çox millətin yaşadığı ölkədə əsas dildən əlavə macar, rumın, bolqar, alban, ukrayna və bir çox dillərdə danışırlar.

Serb xalqının adət və mədəniyyət ənənələrini öyrənməklə bu ölkəni daha yaxından tanımaq olur. Serb xalq adətləri qədim dövrlərdən və qədim xristianlıqdan əvvəlki inanclardan gəlir. Xoş niyyətini hər zaman nümayiş etdirən serb xalqının fərqli xüsusiyyəti unsiyyətçil olmalarıdır.

Əsasən ət və ət məhsullarından daha çox istifadə edən serblər yalnız səhər yeməyində ətdən istifadə etmirlər. Hətta "ətsiz şam yeməyi nahar deyil" kimi deyimləri də var. Serbiyanın qastronomiyasında həm Avropa, həm də Asiya ənənələrinin təsirini tapmaq olar, bunun bariz nümunəsi ərəb kababının analoqu olan "çevapçiçi"dir. Serbiyada məşhur desertlər daha çox süddən hazırlanır. Çoxəsrlik ənənəyə malik qəhvənin hazırlanması adəti də burada çox məşhurdur. Qonaqpərvər və mehriban serblər ilk olaraq evlərinə gələn qonağa şirniyyat və su təklif edir, daha sonra isə qəhvəyə dəvət edirlər. Serbiyada milli meyvə sayılan və ondan məşhur rakiyanın dəmləndiyi gavalı - "slivovitz" müəyyən mənada Serbiyanın simvollarından birinə çevrilib. Serbiyada istirahət edən hər kəs bu ənənəvi içkidən mütləq dadır.

Geyim tərzinə xüsusi diqqət yetirən və ehtiramla yanaşan serblərdə geyimlər qeyri-rəsmi, lakin mühafizəkardır və yerli ənənələrə əsaslanır. Milli geyimlər daha çox ənənəvi bayramlarda istifadə olunur. Serblərin ən məşhur bayramı Vidov Dandır (Müqəddəs Vitus Gününün yerli versiyası).

Serb xalqının musiqi mədəniyyəti özünəməxsus ənənələrin formalaşması və inkişafının çoxəsrlik tarixi prosesinin nəticəsidir. Bu konsepsiya Serb musiqi folklorunu, müasir xalq musiqisini, Serb akademik musiqisini və Serb müqəddəs musiqisini birləşdirir. Serb rəqs mədəniyyəti dinamizm, ritm, ifa olunan rəqslərin müxtəlifliyi ilə seçilir. Serb xalq rəqslərində ən çox yayılmış rəqs növü bütün Balkan ölkələrində olduğu kimi dəyirmi rəqsdir. 1948-ci ilə qədər Serbiyada həm ümumi, həm də regional 1668 növ xalq rəqsi var. Serbiyanın hər bir bölgəsində ayaqların hərəkəti və icra üsulu ilə fərqlənən bir çox rəqslər mövcuddur. Ən məşhur serb xalq rəqsi "kolo"dur. Əvvəllər kolo yalnız oxumaqla müşayiət olunurdu, 19-cu əsrdən indiyədək kolo xalq çalğı alətlərinin müşayiəti ilə rəqs edilir. Serb xalq rəqsinin başqa bir növü də "cacak"dır.

Dünyanın aparıcı dövlətləri ilə əlaqələrini daim genişləndirən Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafıında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Serbiyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olması iki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdəndir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər 1997-ci ilin 21 avqustunda qurulmuşdur.

 Ölkə rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsində böyük rol oynamış, həmçinin Balkan və Qafqaz regionları arasında geniş imkanlar açmışdır. Perspektiv əməkdaşlığın inkişafına dair sazişlərin və protokolların imzalanması hər iki ölkə üçün böyük töhfələr verib. Bunlardan "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında diplomatik və xidməti rəsmi pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"lər, həmçinin "Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Serbiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında gəlirlərə və vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya"nı göstərmək olar.

 Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birini dəstəkləyən Azərbaycan və Serbiya keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində də hər zaman prinsipial mövqe bildirib. 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə Serbiyanın məsələnin lehinə mövqe nümayiş etdirməsi bunu bir daha göstərir. Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmiş, Kosovonun müstəqilliyini tanımamaqla beynəlxalq müstəvilərdə də bu mövqedən çıxış etmişdir. 2010-cu ilin may ayında sabiq prezident Boris Tadiç Azərbaycana səfəri zamanı ərazi bütövlüyü, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vacibliyini, həmçinin iki ölkələnin gələcək inkişafı və bu kimi məsələləri qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il iyunun 8-9-da Serbiyaya rəsmi səfəri zamanı Ümummilli lider Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində Üzeyir Hacıbəyovun büstünün açılışlarında iştirak etmişdir. 2013-cü il 7-9 fevral tarixlərində ölkəmizdə səfərdə olan Tomislav Nikoliçin səfəri zamanı görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı baş tutmuşdur. Həmin səfər zamanı həmçinin iki ölkənin dövlət başçıları tərəfindən "Dostluq münasibətləri və strateji əməkdaşlığa dair" Bəyannamə imzalanmışdır ki, bu da Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə keçdiyinin bariz nümunəsidir. 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç də Bakıya səfər etmişdir. Həmin ilin iyununda Tomislav Nikoliç yenidən Bakıya gəlmişdir.

Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç Azərbaycana rəsmi səfərini 2018-ci ilin 21-22 may tarixində həyata keçirmişdir. Həmin səfər çərçivəsində iki ölkə arasında münasibətlərin möhkəmlənməsi, əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi və müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılmışdır.

Serbiya iqtisadiyyatında şəkər istehsalı, kənd təsərrüfatı maşınları, elektrik və kommunikasiya avadanlıqları, kağız, filiz, qurğuşun və daşıma avadanlıqları prioritet təşkil edir. Azərbaycanla iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olan Serbiya dövləti bu istiqamətdə mövcud potensialdan daha geniş istifadə olunmasını vacib sayır. İki ölkə arasında keçirilən biznes forumlarda kənd təsərrüfatı, qida sənayesi, enerji, əczaçılıq, neft və kimya, tikinti, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdi. Bu forumlar Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin artırılmasında vacib amillərdəndir. Energetika sahəsinin inkişaf etdirilməsində səy göstərən Azərbaycan və Serbiyanın rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. 2022-ci il iyunun 1-də Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş" də bunun bariz nümunəsidir.

2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya prezidenti Aleksandar Vuçiç də iştirak etmişdir. A.Vuçiç çıxışında vurğulamışdır ki, İlham Əliyevin iştirakı olmasaydı, qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il noyabrın 23-də Serbiyanın paytaxtı Belqrad şəhərinə rəsmi səfəri əlaqələrin daha da inkişaf etdirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermişdir. Azərbaycan Prezidentinin serbiyalı həmkarı Aleksandar Vuçiç və Baş nazir Ana Brnabiç ilə görüşləri zamanı ikitərəfli sənədlər imzalanmışdır.

Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Arzu ASİFQIZI,

"Respublika".