Mədəniyyət

"Şeir mənim üçün bir kainatdır"

Şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq şairi, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. Söhbət çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra olduqca maraqlı bir irs qoyub gedən Nəbi Xəzridən gedir.

Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub. İlk şeiri "Günəş"i 1940-cı ildə qələmə alıb. Bütün yaradıcılığı boyu demək olar ki, Günəş onun poeziyasına işıq saçıb. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942-1943-cü illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə iştirak edib. Ordudan təxris olunduqdan sonra isə 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alan görkəmli şairin "Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı da məhz tələbəlik illərində çap olunub. Şair dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyi üçün 1958-ci ildə özünə "Xəzri" təxəllüsünü götürüb. Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi çalışan Nəbi Xəzri, eyni zamanda 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.

Şair öz yaradıcılığında dilimizin poetik imkanlarından professional şəkildə istifadə edib. Cəsarətlə deyə bilərik ki, Xəzri, öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir edib. Sənətkarın yaradıcılığında azərbaycançılıqla yanaşı, bəşəriliyin izlərini də görürük. Onun səsi Asiya, Avropa, Afrika, Amerika qitələrinə yayılaraq öz oxucularının yaddaşına həkk olunub. Otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərən sənətkarın şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Bununla da Azərbaycan oxucusu onun bədii tərcümələri sayəsində dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Eyni zamanda Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyularaq müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Vaxtilə Sovet Azərbaycanının xarüqələrini, Milini, Muğanını, Qarabağını, göy Xəzərini, əmək bahadırlarını vəsf edən Nəbi Xəzrini daha sonra artıq müstəqil Azərbaycanın taleyi düşündürürdü.

Kükrəyib qəzəbdən od tökür qışım,

Qolumdan bərk tutsun qardaşım gərək.

Qarışsa yad elə bircə qarışım,

Özüm də torpağa qarışam gərək.

Çəkin bu torpaqdan qara əlləri!

Çəkin Qarabağdan qara əlləri!

Bu misraların müəllifi yurduna, torpağına, məmləkətinə, onun qanla yazılan tarixinə, XX əsr gerçəkliyinə bağlı bir şair idi. "Qəm dəftəri", "Zaman çıxsa məcrasından", "Xəzan yarpaqları" adlı kitablarında olan şeirlərə diqqət yetirsək, görəcəyik ki, şair məmləkətimizdə baş verən hadisələrin heç birinə biganə qalmayıb. Nəbi Xəzri deyəndə dərhal gözlərimiz qarşısında şair obrazı canlanır. Amma bu obraz onun nəsrində, dramaturgiyasında və publisistikasında da öz sözünü deyir. Nəbi Xəzri tarixin və yaşadığı dövrün həqiqətlərini təkcə şeir və poemalarında deyil, "Sən yanmasan", "Əks-səda", "Mirzə Şəfi Vazeh", "Torpağa sancılan qılınc", "Burla Xatun" pyeslərində, "Heykəlsiz abidə", "Miras" povestlərində də əks etdirirdi. Poeziyasında təbiətə, onun gözəlliklərinə minlərlə şeirlər həsr edən sənətkar sanki təbiəti necə sevməyin dərslərini öyrədib bizə. Onun poeziyasında İnsan, Təbiət, Sevgi vəhdət halındadır.

Həm oxucu marağına səbəb olmuş, həm də məşhur bəstəkarların diqqətini cəlb etmiş "Azərbaycan", "Dərələr", "Ağ çiçəyim", "Səhər-səhər", "Mavidir", "Gələrmi, gəlməzmi", "Pəncərəmə qondu çiçək", "Sən danışanda", "Çinar", "Nar ağacı, nar çiçəyi", "Gənclik mahnısı" və s. onlarla nəğmələri xalqımızın tanınmış sənət ustalarının ifalarında səslənib. Bu gün də repertuarlarda mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olub.

Xatırladaq ki, Nəbi Xəzri 60-dan çox kitabın müəllifidir. "Çiçəklənən arzular" (1950) onun ilk kitabıdır. "İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Peyğəmbər" (1992), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. onun müxtəlif illərdə çap olunmuş kitablarıdır. Müstəqillik illərində çap etdirdiyi "Qəm dəftəri", "Zaman çıxsa məcrasından", "Xəzan yarpaqları" kitabları şairin müstəqil dövlətimizin taleyi ilə bağlı yazıya çevrilmiş forması idi.

...Şair Nəbi son nəfəsdə

Bu torpağı qucub gedər!

Çağdaş əsərlərin müəllifi Nəbi Xəzri 2007-ci ildə əbədi olaraq dünyaya gözlərini yumub. Bu gün ədəbiyyatımızda sözün fiziki mənasında onun yeri görünür, amma mənəvi mənada Nəbi Xəzri elə öz yerindədir. O, bütün zamanların söz adamı olaraq mənsub olduğu xalqın qəlbində böyük məhəbbətə sahibdir. Həmçinin qeyd edək ki, Nəbi Xəzrinin 90 illik yubileyi 2014-cü ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

Röya RÜSTƏMLİ,

"Respublika".