Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 140 mənzil və fərdi ev təqdim edildi
Sosial həyat

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 140 mənzil və fərdi ev təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Abşeron, Gəncə, Bərdə, Beyləqan, Oğuz, Qazax, Saatlı, Salyan, Tovuz, Ucar, Zaqatala, Bərdə, Xaçmaz, Şabran şəhər və rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 140 mənzil və fərdi ev təqdim edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksindən mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Beləliklə, postmüharibə dövründə 5 000, bu il 500, ümumilikdə ötən dövrdə 13 800 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Eyni zamanda, ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Mustafa KAMAL,

“Respublika”