30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu
Sosial həyat

30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu başa çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 15 gün ərzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunublar.

DTSERA-nın İdarə Heyətinin sədr müavini Ramin Rzayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi Yevgeni Osadçiy və səfirin xanımı Lyudmila Qrebeniçenkonun həmin uşaq və gənclərlə görüşü olub.

Qeyd olunub ki, mərkəzdə ukraynalı uşaq və gənclərin tibbi və sosial-psixoloji reabilitasiyası işləri aparılıb. Emosional vəziyyətlərinin stabilləşməsi məqsədilə peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları və yoqa məşqləri keçirilib. Eyni zamanda, onların regionun tarixi və görməli yerlərinə ekskursiyaları təşkil olunub.

Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi ukraynalı uşaq və gənclərə göstərilən qayğıya görə təşəkkürünü bildirib.

Ukraynalı uşaq və gənclərə hədiyyələrin təqdim olunduğu görüş konsert proqramı, uşaqların mahnı və rəqs ifaları ilə davam edib.

Mustafa KAMAL,

“Respublika”.