Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edib
Sosial həyat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov oktyabrın 13-də Ağdaşda Göyçay, Ucar, Kürdəmir və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 27 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, könüllü hərbi xidmətə göndərilmə, müddətli həqiqi hərbi xidmətə cəlb edilmə, eləcə də digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyətı orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC