Füzuli doğma sakinlərə qucaq açır
Sosial həyat

Füzuli doğma sakinlərə qucaq açır

İşğaldan azad edilən Füzulidə əsl bayram ab-havası var. Öz sakinlərinə qucaq açan yurd yerimizə həyat qayıdır. Belə ki, dekabrın 18-də Azərbaycanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan Füzuliyə yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb və artıq şəhərə 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuli rayonu zəngin tarixə malikdir. Belə ki, Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında yaradılan rayona ilk dəfə Qaryagin adı verilmişdir. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə isə yaşayış məskəni Füzuli rayonu adlandırılmışdır.

Füzuli rayonu tarixi, dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Rayonun Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, Cəlil türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində XIII əsrə aid Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsrin, Horadiz, Qacar, Merdinli və s. kəndlərdə XIX əsrin yadigarı olan məscidləri, Aşağı Aybasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri və s. dini və mədəniyyət abidələrini buraya aid etmək olar.

Əfsuslar olsun ki, işğal dövründə Füzuli rayonunda Qarğabazar kəndinin mərkəzində 1681-ci ildə tikilmiş məşhur tarixi karvansaray və digər memarlıq abidələri ermənilər tərəfindən dağıdılmış, üzərlərində vandalizm aktları törədilmişdir. Qəsbkarlar müqəddəs ocaqların, tarixi abidələrin bir qismini mal tövləsinə çevirmişlər. Qeyd edək ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun kəndlərinin böyük hissəsi, həmin ilin oktyabrında isə rayonun Arazboyu yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Füzulililər doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. Lakin taleyüklü bir dövrdə Füzulinin bir hissəsini ermənilərin işğalından xilas etmək mümkün olmuşdu. 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu.

Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi cəhətdən aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər sahələri də inkişaf etmişdi. Rayon, eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi. Bununla yanaşı, Azərbaycanın xarici iqtisadi əlaqələrinə töhfə vermək baxımından da Füzuli olduqca böyük əhəmiyyət kəsb edir. Ərazisi 1386 kvadratkilometr, əhalisi isə 150.000 nəfərə yaxın olan Füzuli İranla sərhəddə yerləşdiyindən xüsusi önəm daşıyır. Digər tərəfdən, ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu, turizm üçün yeni imkanlar deməkdir. Digər azad olunmuş ərazilərimiz kimi, Füzuli rayonunun da sosial-iqtisadi inkişaf proqramı uğurla icra olunmaqdadır.

Qeyd etmək lazımdır ki, Füzuli Beynəlxalq Hava Limanının ərsəyə gətirilməsi region üçün olduqca önəmlidir. Bu ölkəmiz üçün yalnız iqtisadi əhəmiyyət daşımır, həm də mühüm hərbi üstünlüklər vəd edir. Beynəlxalq statuslu hava limanının Füzuli rayonunda tikilməsi regionun hava məkanına nəzarət imkanları qazandırır. Bu, həm də Qarabağ bölgəsinin inkişafı üçün zəruridir. Eyni zamanda Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat şəkildə Füzuliyə enib oradan avtomobillə Şuşaya getmə imkanı qazanırlar. Beləliklə, Füzuli rayonu yeni və tarixi mərhələyə qədəm qoyur.

Xalqımıza bu sevinci, xoşbəxtliyi, unudulmaz günləri yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ölkə başçımızın "Füzuli Şəhəri Günü"ndə rayona səfəri və sakinlərlə, ictimaiyyət nümayəndələri ilə səmimi, mehriban görüşü yurdumuzun hər guşəsində fərəhlə qarşılandı. Hər bir azərbaycanlı 30 ilə yaxın Qarabağ həsrətinin bitdiyinə, insanların ata-baba yurdlarına qayıdışına görə ölkə başçısına minnətdarlığını bildirir.

Nurlan ABDALOV,

"Respublika".