Qorunub yaşadılan xalq sənətimiz
Mədəniyyət

Qorunub yaşadılan xalq sənətimiz

5 May Xalçaçı Günüdür

"Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk", - deyən ölkə Prezidenti cənab İlham Əliyev 2016-cı ildə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətini yaradaraq xalçaçılıq sənətinin yaşadılmasını, inkişafını və onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edib.  

Xalçaçılıq Azərbaycanda ən geniş yayılmış xalq yaradıcılıq növlərindən biridir.  Xalqımızın məişətində özünə möhkəm yer tutmuşdur. XIX əsrin sonlarında dünya bazarında Azərbaycan xalçalarına tələbatın artması ölkəmizdə xalçaçılığın inkişaf etməsinə, xalça artellərinin və emalatxanalarının yaradılmasına səbəb olmuşdur.

Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətində xalçaçılığa münasibət də xüsusi yer tutub və tarixən böyük inkişaf yolu keçib. Ölkə Prezidenti cənab İlham Əliyev 7 dekabr 2004-cü il tarixində "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Qanunda göstərilir ki, "Azərbaycan xalçası Azərbaycan xalqının maddi və  milli sərvətidir, intellektual fəaliyyətin nəticəsi olub, xalqın estetik dünyagörüşünü və mədəni identliyini əks etdirir". Ölkə başçısı bu qanunun təsdiqindən az sonra, 2005-ci il fevralın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq etdirilməsi barədə fərman imzalamışdır. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha da inkişafına misilsiz töhfə vermişdir. Həmçinin, dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" qəbul olunub.

2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin bu siyahıda yer alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ-tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır.

Respublikamızda xalçaçılığın inkişafı bir çox səbəblərdən olduqca önəmlidir. Bu addım ta qədimdən dünyanı heyran qoyan xalçaçılıq sənətinin yeni layihələrlə zənginləşməsi deməkdir. Nəticədə xalça və xalça məmulatlarının istehsalı artmış, bu məhsulların ölkənin daxilində və xaricində satış şəbəkəsi genişlənmişdir. Xalçaçılığın inkişafı eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Bu sahə inkişaf etdikcə məhsul istehsalı da artır və ölkənin ixrac potensialı güclənir. Bu gün xalça fabriklərində toxunan xalçalar artıq "Azərbaycan brendi" kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burada ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla tariximiz, milli dəyərlərimiz, mədəniyyətimiz, xalq sənətkarlığımız, xalqımızın təfəkkürü bütün dünyada tanıdılır və təbliğ edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalçaçılığa iqtisadi faktordan daha çox milli dəyərlər kontekstindən yanaşdığı üçün bu sahəyə çox böyük diqqət yetirilir. Bu qədim el sənətinə göstərilən yüksək qayğının daha bir təzahürü odur ki, Azərbaycan xalçaçıları Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən hər il mayın 5-i Xalçaçı Günü kimi qeyd edilir. Bu Sərəncam xalçaçı əməyinə verilən yüksək dəyərdir. Dünya xalqlarının təqvimində heç vaxt  belə bir tarixi gün təsis olunmayıbdır. Ona görə də bu sərəncam tarixi olmaqla yanaşı, həm də Azərbaycan xalçaçısına hörmət və ehtiramın nümunəsi olmuşdur.

M.MİRZƏ,

"Respublika".