UNESCO üzərinə düşən vəzifəni yerinə yetirməyə borcludur
Mədəniyyət

UNESCO üzərinə düşən vəzifəni yerinə yetirməyə borcludur

UNESCO BMT-nin ixtisaslaşmış təşkilatı, dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığının hökumətlərarası forumudur. Rəsmi işgüzar dilləri ingilis, ərəb, ispan, rus və fransızca olan qurumun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır. Təşkilata 190-dan çox dövlət, 11 assosiativ üzvdür və əsasən 5 proqramın icrası ilə məşğuldur. Bunlar təhsil, təbiət elmləri, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiyadır. Bütün bunlarla yanaşı, qurum bir sıra uzunmüddətli layihələr həyata keçirir. Buraya insan və ətraf mühit, dünya irsi abidələrinin qorunması, qeyri-maddi mədəniyyətin - milli rəqs, musiqi və ayinlərin, festival və peşələrin mühafizəsi, habelə sənədli irsin (arxivlərin) qorunub saxlanması və bu sənədlərə çıxışın təmin edilməsi daxildir. UNESCO-nun baş qərargahı Fransa Respublikasının Paris şəhərində yerləşir. Bundan əlavə, dünyanın müxtəlif ölkələrindəki regional büroları, institutları və mərkəzləri ilə geniş şəbəkəyə malikdir.

UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. Eyni zamanda BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, ICESCO, TÜRKSOY və digərləri ilə geniş əlaqələrə malikdir. Qurum üç əsas işçi orqandan, Baş Konfrans, İcraiyyə Şurası və Katiblikdən ibarətdir. Baş Konfrans UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Konfransın iclasları iki ildən bir keçirilir, hər üzv dövlət bir səsə malikdir. Təşkilatın ali orqanı olan Baş Konfransın işini təşkil edən və onun qərarlarının düzgün icra olunmasına nəzarət edən orqan isə İcraiyyə Şurasıdır. Onun funksiya və vəzifələri Nizamnamə, Baş Konfransın qayda və direktivləri ilə müəyyən olunur. Şuranın iclasları ildə iki dəfə keçirilir. UNESCO-nun daimi fəaliyyət göstərən orqanı olan Katiblikdə isə təşkilata üzv dövlətlərin vətəndaşları çalışır.

Ulu Öndər 1993-cü ilin dekabr ayında Fransaya rəsmi səfəri çərçivəsində UNESCO-nun baş direktoru Federiko Mayorla görüşüb. Federiko Mayor Heydər Əliyevə UNESCO-nun xatirə medalını təqdim edib. Münasibətlərimiz həmin tarixdən başlayaraq yüksələn xətlə inkişaf edib. Bu günə qədər Azərbaycan demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzalamış və ratifikasiya etmişdir. Bundan əlavə, ölkəmizdə təşkilatın bir sıra müxtəlif sahələri üzrə milli komitələri yaradılıb. Azərbaycan UNESCO-nun alt-qurumlarına üzv olub. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb. Bu da Azərbaycana UNESCO donorlarından birinə çevrilmək imkanı verib.

Təşkilat ölkəmizin mədəni irsinə, tarixi, ədəbi mirasına xüsusi diqqətlə yanaşır. Ulu Öndərin "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il tarixli fərmanına əsasən "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılıb. Bundan 2 il sonra isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında Sərəncam imzalanıb.

Mütəmadi olaraq ölkəmizdə UNESCO-nun iştirakı ilə tədbirlər təşkil olunur. Şübhəsiz ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Bu, ölkəmizin beynəlxalq arenada daha yaxşı tanıdılması üçün böyük fürsət idi. Mehriban Əliyevanın davamlı təbliğatı sayəsində muğam, aşıq sənəti, Novruz bayramı ənənələri, xalçaçılıq sənəti, tar ifaçılıq sənəti, çovqan oyunu, kəlağayı düzəldilməsi sənəti UNESCO-nun qeyri-maddi-mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. 2009-cu il martın 20-dən 25-dək Bakıda Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" Beynəlxalq Festivalı keçirilib. Bu günə qədər Heydər Əliyev Fondu və UNESCO arasında əməkdaşlıq çərçivəsində qeyri-maddi-mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq, təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq, mədəniyyət sektorunun bərpa edilməsi məqsədilə maliyyə yardımı ilə bağlı sazişlər imzalanıb.

Mehriban Əliyevanın gördüyü əvəzsiz işlər UNESCO tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Mehriban xanım Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə təşkilatın keçmiş baş direktoru Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.

Bundan başqa, 2006-cı ilin oktyabr ayında xoşməramlı səfirin iştirakı ilə UNESCO-nun Baş Qərargahında təşkilatın 60 illik yubileyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan - sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer" adı altında Azərbaycan Günü keçirilib. 2011-ci ildə UNESCO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan "UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumunda Mehriban xanım Əliyeva çıxış edərək dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs edib. Bunlarla yanaşı, yeni dünya nizamının formalaşdığını və bu prosesin bir çox çətinliklərlə müşayiət olunacağını deyən xoşməramlı səfir qloballaşmanın humanitar aspektlərinin əhəmiyyətinə toxunub.

İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri kimi tarixi abidələrimiz UNESCO tərəfindən qorunan abidələr sırasında yer alıb. Lakin 30 il müddətində ölkəmiz təşkilata dəfələrlə çağırış etməsinə baxmayaraq, ona məhəl qoyulmayıb. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan tərəfi təşkilatın missiyasının işğal olunmuş ərazilərə gəlməsinə çağırış edib. Təəssüf ki, onlar bundan imtina edirdilər. Gəlməmələrinin səbəbini açıqlayanda isə bildirirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. Müharibədən sonra isə vəziyyət dəyişdi. Çünki anti-Azərbaycan qüvvələri iddia edirdi ki, guya Azərbaycan işğaldan azad etdiyi öz ərazilərində Ermənistanın mədəni irsini dağıdacaq. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir qurum məhəl qoymurdu. Ərazilərimiz minalardan təmizləndikcə və bərpa edildikcə bölgəyə xarici missiyalar gəlirdi. Bununla da beynəlxalq arenaya sübut edilirdi ki, erməni kilsələrinə toxunulmayıb. Əksinə, ermənilərin bizə məxsus abidələri dağıtmasına baxmayaraq, Azərbaycan tərəfi erməni kilsəsini bərpa edib. Şübhəsiz ki, təşkilatın baş qərargahının Fransada yerləşməsi faktı burada diqqətə çarpır. Müharibədən sonra da missiyanın Qarabağa gəlməməsi onu deməyə əsas verir ki, onların burada qarşılaşacaqları mənzərə heç də istədikləri kimi deyil. Çünki onlar gəldiyi zaman 65 dağıdılmış məscid, Ağdam məscidində donuz və inək saxlanılması, lakin buna baxmayaraq, erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqdılar. Bu faktlar isə UNESCO-nun regiona gəlmək marağını azaldır.

Təşkilatın bu ikitərəfli siyasəti qəbuledilməzdir. Buna əsasən ötən ilin noyabrında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə qurumun Baş direktoru Odri Azulaya məktub ünvanlayıb. Məktubda Azərbaycanın UNESCO-ya verdiyi töhfələr, gördüyü işlər, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər xüsusi vurğulanıb. Daha sonra qeyd edilib ki, 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı vandallıq siyasəti həyata keçirilib. Hazırkı mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezident kimi aktiv cəlb olunduğu və onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. Daha sonra Qərb qonşumuzun işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının göndəriləcəyinə ümid ifadə olunub.

Ünvanlanmış məktubda Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb. Bu xüsusda UNESCO da öz üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur.

Töhfə SƏMƏDOVA,

"Respublika".