Qobustan: Cahangir Baxışovun xatirəsi doğum günündə anıldı
Region

Qobustan: Cahangir Baxışovun xatirəsi doğum günündə anıldı

Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

Vətənimizin bütövlüyü uğrunda rəşadət göstərərək son damla qanına qədər mübarizə aparan şəhid Cahangir Baxışovun anım mərasimində şəhidin ailələri, rayon icra hakimiyyətinin və digər təşkilatların əməkdaşları, qazilər, müharibə iştirakçıları,  Nardaran, Ərəbqədim və Göydərə kənd məktəblərinin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edənlər qəhrəman şəhidimizin həyat və döyüş yolundan danışdılar. Bildirdilər ki, Cahangir Baxışov 2001-ci ildə rayonun Nardaran kəndində anadan olub. 2019-2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 9-da gərgin döyüşlər zamanı ağır yaralanaraq şəhadətə qovuşub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Cahangir Baxışovun gənclərə örnək vətən sevgisindən danışılan mərasimdə natiqlər vurğuladı ki, belə rəşadətli əsgəri olan ordu heç vaxt basılmaz və düşmənə layiqli cavabını verər. Milli Ordumuzun qazandığı Zəfər buna əyani sübutdur.

M.NƏRİMANOĞLU,

“Respublika”.