Nazir Məcnun Məmmədov Şəkidə bölgə  vətəndaşlarını qəbul edib
Region

Nazir Məcnun Məmmədov Şəkidə bölgə  vətəndaşlarını qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 11-12 oktyabr tarixlərində Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şəki, Qax, Balakən, Ucar, Zərdab, Şamaxı, İsmayıllı, Biləsuvar və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir Məcnun Məmmədov və Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra nazir Şəki DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının aqrar sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nəriman   Cavadov,

“Respublika”.