Qırmızı Xaç, yoxsa Qızıl Aypara Cəmiyyəti?
Digər xəbərlər

Qırmızı Xaç, yoxsa Qızıl Aypara Cəmiyyəti?

Əsas məqsədləri qərəzsiz, ədalətli yanaşma olsa da son zamanlar gördüklərimiz onu deməyə əsas verir ki, BQXK mandatına uyğun fəaliyyət göstərmir. Rəsmi İrəvanın humanitar və digər yükləri Ağdam-Xankəndi yolu ilə daşımaqdan imtina etməsi isə bir daha Qarabağda yaşayan erməni əsilli sakinlərin hər hansı bir humanitar böhranla üz-üzə olmadığını təsdiqləyir.

Ermənistana arxa-dayaq duran Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti birmənalı qarşılanmır. Təşkilatın Xankəndidəki ofisinin Bakı təmsilçilərinə  tabe olmaması, əvəzinə isə İrəvan ofisi ilə işləməsi sual doğuran məqamlardandır. Belə olan halda humanitar yardımların daşınması başqa quruma həvalə edilməlidir. Bu vəzifəni icra edə biləcək təşkilatlardan biri isə Azərbaycan Qızıl Aypara Cəmiyyətidir. Azərbaycan ərazisində Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin fəaliyyət göstərməsi ermənilərin hər hansı bir çətinliyi olduğu halda, onların yardımından istifadəsinə də imkan verir. Qızıl Aypara Cəmiyyətinin humanitar yardımını qəbul etməmək üçün ermənilərin tutarlı səbəbi yoxdur. Humanitar yardıma ehtiyacı olduqlarını dünyaya car çəkənlərin bundan imtina etməsi isə onların yardıma dırnaqarası ehtiyacı olduğunu göstərmiş olacaq.

Bu barədə politoloq Fərhad MƏmmƏdov bildirir ki,  humanitar yardım anlayışı hər hansısa bir təşkilatın inhisarında olmayan məsələdir: "Onu hər bir təşkilat, beynəlxalq qurum həyata keçirə bilər. Qarabağla bağlı olan məsələdə anormallıq ondan ibarət idi ki, bu missiyanı həyata keçirən Beynəlxalq Qırmızı Xaç Komitəsi İrəvan ofisindən idarə olunurdu. Azərbaycan da dəfələrlə bildirmişdi ki, onların fəaliyyətində  qaçaqmalçılıqla bağlı şübhələr var idi və biz bunu faktlarla sübut etdik. Ona görə humanitar yardımların Azərbaycan ofisindən idarə olunması və Ağdam yolu vasitəsilə çatdırılması təklif olunur".

Eyni zamanda siyasi ekspert qeyd edib ki, Qızıl Aypara Cəmiyyəti humanitar yardımı həyata keçirmək istəyirsə, ona bu ixtiyar verilə bilər: "Bunlar hamısı Azərbaycan hökumətindən asılıdır. Eyni zamanda, digər ölkələrdə Avropa İttifaqı, ABŞ-ın xüsusiləşmiş təşkilatı vardır. Onlar da bu humanitar yardımı göstərə bilər. Amma hər bir şey Azərbaycan hakimiyyəti ilə razılaşdırılmış şəkildə həyata keçirilməlidir. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi standartlarına uyğun olmalı və ən ideal,  optimal variant isə Azərbaycanda istehsal olunan mallarla təmin edilməlidir.

Röya RÜSTƏMLİ,

"Respublika".