Qərbin lal-kar-kor siyasəti
Siyasət

Qərbin lal-kar-kor siyasəti

Dünya əyilmiş ağac, öz tarazın itirib,

Sanki qiyamət mehin insanlar tələsdirib.

Bu misralarda da deyildiyi kimi, dünya öz tarazını itirib. Yer üzü yaranan gündən bir üzü qaranlıq, bir üzü işıqlı olub. Acgözlük, tamahkarlıq, riyakarlıq və saxtakarlıq, haqsızlıq insanlara məxsus davranışdır. Təəssüf ki, Azərbaycan illərdir bu haqsızlıqlarla qarşı-qarşıyadır. Günlərdir dünya mediasının gündəmindən düşməyən şəkil isə buna nümunədir.

1992-ci ildə evlərindən, isti ocaqlarından didərgin düşən azərbaycanlılar bu gün həmin torpaqlarda sonradan məskunlaşmış erməni xalqını əmin-amanlıqla yola salır. Soyuq qış günündə ayağına ayaqqabı geyinməyə vaxt tapmadan evindən zorla çıxarılan vətəndaşlarımız yollarda donaraq həyatını itiriblər. Bir gecədə yaxınlarını, ailə üzvlərini, övladlarını itirən azərbaycanlılar hara gedəcəklərini bilmədən yollara səpələniblər. Həmin günlərdə bütün dünya mediası, beynəlxalq təşkilatları sanki heç bir hadisə baş verməmiş kimi olanlara göz yumub. Minlərlə itkin düşmüş şəxslərimizin məzarları hələ də tapılmayıb. Həmin günlərdə yardım istəyən azərbaycanlıların çağırışları diqqətə alınmayıb. 1992-ci il dünya tərəzisinin işləmədiyi, ədalət sisteminin kor və kar olduğu ildir. Hətta həmin təşkilatlar Azərbaycana yardım etməmək üçün "qərarlar", "aktlar", "sənədlər" qəbul edirdilər. Bu gün özlərini "humanizm keşikçiləri" sayan donor təşkilatlar bir milyona yaxın azərbaycanlının taleyinə qarşı biganə qaldılar. Elə həmin vaxtlardan Azərbaycan öz daxili məsələlərini, problemlərini həll etmək üçün özü çalışıb. Belə ki, 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə ayrılan vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı Dövlət Neft Fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından və digər mənbələrdən götürməklə 10 milyard manat həcmində vəsait xərcləyib. 2020-2023-cü illərdə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və başqa xərclər dövlət tərəfindən ödənilir.

Azərbaycan həqiqətlərinə göz yuman təşkilatlar bu gün sonradan məskunlaşdıqları torpaqlardan öz istəkləri ilə rahat şəkildə çıxan ermənilərə dəstək olmaq üçün sıraya düzülüblər. Azərbaycan tərəfi Ermənistan siyasi rəhbərliyindən fərqli olaraq Qarabağda erməni əsilli vətəndaşlara bölgədə qala biləcəklərini hələ İkinci Qarabağ müharibəsi zamanı təklif edib. Bildirilib ki, Qarabağda yaşayan sakinlərin hüquqları ölkə qanunvericiliyi çərçivəsində təmin olunacaq. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əks heç bir hərəkət etməyən bütün azlıqlar ölkəmizin fərdidir. Prezident İlham Əliyev çıxışı zamanı xüsusilə vurğulayıb: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".

Ermənistan Azərbaycanın humanist təklifini diqqətə almayaraq, guya bölgədəki ermənilərə qarşı etnik təmizləmə aparıldığı kimi görüntüsü yaratmağa çalışır. Mediaya yayılan görüntülər də sübut edir ki, Azərbaycan tərəfinin niyyəti sülhü bərpa etməkdir. Lakin Ermənistan tərəfi öz qarayaxma kampaniyalarından əl çəkmir. Belə ki, Avropa Komissiyasına yardım müraciətində Qarabağdan gələnlərin sayını 100 minin üstündə göstərməklə bir daha öz xislətlərini nümayiş etdirir. Məlum məsələdir ki, bu şişirdilmiş statistikadır. Görünür "Qərb humanizmi", "Qərb demokratiyası", 90-cı illərdə doğma yurdlarından didərgin düşən 1 milyondan artıq azərbaycanlının deyil, bu gün özgə torpağından öz xoşu ilə rahatlıqla çıxan 40-50 min ermənini üstün tutur. Qərbin ikiüzlü siyasəti özünü bir daha büruzə verir.

Töhfə SƏMƏDOVA,

"Respublika".