Qərbin
Siyasət

Qərbin "keşiş" əməliyyatı

İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan beş bənddən ibarət sülh şərtlərini məğlub ölkəyə təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyev kifayət qədər aydın, şəffaf, səmimi və qəti mövqe ilə bildirdi ki, biz sülh istəyirik, biz müharibə istəmirik.

Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Bu qətiyyətli yanaşma və sülh çağırışları Ermənistanda ilk vaxtlar müəyyən tərəddüdlərə, ikili fikirlərə, hətta revanşist sayıqlamalara səbəb oldu və buna baxmayaraq, rəsmi İrəvan sülh danışıqlarına üstünlük verməyə məcbur edildi. İki ölkənin rəsmiləri arasında görüşlər keçirilir, artıq sərhədlərin delimitasiyası ilə bağlı yaradılmış komissiyalar fəaliyyətə başlayıb.

Ermənistan parlamentinin sədri A.Simonyan yerli mətbuata bildirib ki, ölkəsi sülh və sabitliyin təmin edilməsi səylərinə töhfə verməyə hazırdır. Ermənistan sülh gündəminə sadiqdir, uzunmüddətli sülhün bərqərar olması üçün proses davam etdiriləcək. Xarici qüvvələrin əlində alətə çevrilmiş erməni cəmiyyətinin bəzi üzvlərinin, o cümlədən revanşistlərin və radikal din xadimlərinin birgə yaşayışa, qonşuluğa, əməkdaşlığa, sabitliyə, insani münasibətlərə, sözün əsl mənasında, ləyaqətləri çatmır. İkinci Qarabağ müharibəsində rüsvayçılıqla məğlub olmalarını həzm edə bilmirlər, daxili çarpışmalar, etirazlar, küçə yürüşləri, hökuməti hədəfə alan təhqirlər və digər çirkin hərəkətlər Ermənistanın başağrısına çevrilir, daşnak əhvallı cəmiyyət çalxalanır, Paşinyan hökumətinin istefasını tələb edirlər. Sağlam düşüncəli ermənilər isə hesab edirlər ki, biz müharibə və avantürizm, yaxud sülh arasında seçim etməliyik, dinc yolla getməliyik, başqa alternativ yoxdur. Erməni akademik Gevorq Poqosyan hesab edir ki, Ermənistan cəmiyyətində Qarabağa münasibət artıq dəyişib. 1988-ci ildə Ermənistan sakinlərinin Qarabağ və qarabağlılar haqqında təsəvvürləri fərqli idi. Son onilliklər ərzində bu təsəvvürlər dəyişikliyə məruz qalıb. Erməni alimin sözlərində böyük həqiqət var. Ermənilərdə bu fikir dəyişikliyini İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə, dövlətimizin başçısı İlham Əliyevin qəti və prinsipial mövqe göstərməsi yaratdı. Rəsmi Bakı tarixi qələbədən sonra bəyan etdi ki, ATƏT-in keçmiş Minsk qrupuna ehtiyac yoxdur, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır.

Ermənistanın keçmiş prezidentlərinin tərəfdarları, daşnaklar, cinayətkar ünsürlər, keçmiş separatçıların tör-töküntüləri isə bu aydın və qəti mövqeni qəbul etməmək üçün min bir hoqqadan çıxır, erməni cəmiyyəti durmadan çalxalanır. Bəzi ermənipərəst ölkələrin Azərbaycana qarşı haqsız və ədalətsiz münasibəti isə tamamilə riyakarlıqdan başqa bir şey deyil. Vətən müharibəsində başları əzilən, "ideyaları" sındırılan, ordusu məğlub edilən, döyüş zamanı gizlənən erməni ideoloqlar yenidən meydanlarda və küçələrdə görünməyə başlayıblar. Keşiş Baqrat Qalstanyan etirazçıların qabağına düşərək istefa qışqırır, o erməni kilsəsinə aid olan dini libasını geyinsə də, Qərbin diktəsi ilə durub-oturduğu haylara yaxşı məlumdur. Qərb siyasi texnologiyalar adlı silahını işə salıb və həmin keşiş vasitəsilə kütləni siyasi proseslərə cəlb etməyə çalışır. Siyasi analitiklər hesab edirlər ki, Qərb bununla baş verən hadisələrin emosionallığını artıraraq proseslərin nəzarətdən çıxmasına və bütövlükdə regionda xaosun yaranmasına səy göstərir. Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra erməni ideologiyası durğunluq dövrünü yaşayır. Erməni mifi ifşa olunub və tarixə qovuşub. Bu səbəbdən Ermənistanda xalqın birliyini təmin edən milli ideologiyanın iflası üçün real təhdidlər yaranıb. Məhz buna görə də marionet Ermənistanı tamamilə itirməmək üçün Qərb və rəsmi İrəvan ideologiyada yaranmış boşluğu dini amillə doldurmağa çalışır. Qərb "keşişi" oyun meydanına buraxmaqla Azərbaycan-Ermənistan münasibətləri müstəvisində iki xalq arasındakı dini fərqlilik və xristian təəssübkeşliyi kimi amillərin təkrarlanmasına çalışır. Qeyd edək ki, Qərb müasir dövrdə daxili və xarici siyasətini bilavasitə siyasi texnologiyalar vasitəsilə reallaşdırır və buna dair kifayət qədər misallar mövcuddur. Ermənistan, Gürcüstan, Ukrayna və s. Bu siyahı gündən-günə artmaqda davam edir. Azərbaycanın təşəbbüsləri sayəsində regionda yaradıla biləcək daimi sabitlik və sülh əsla Qərbin marağında deyil. Bizim coğrafiyamızda olan ölkələri, sözün tam mənasında, bərabərstatuslu tərəfdaş kimi görmək istəməyən Qərb bütün regionu asılı vəziyyətə salmaq arzusundadır.

Bu arada isə Qərb qonşumuzda yeni bir şayiə dolaşır. Belə ki, iddia olunur ki, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası 1980-1984-cü illərin topoqrafik xəritələri əsasında aparılır. Bu barədə Ermənistandakı "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan delimitasiya ilə bağlı 1980-ci illərin topoqrafik materiallarına giriş əldə etdiyini, indiki delimitasiyanın o xəritələr əsasında aparıldığını iddia edib. T.Abramyan bildirib ki, Ermənistan və Azərbaycan SSR arasında sərhədin delimitasiyası və demarkasiyasına dair 1984-1988-ci illər üzrə sənədlər Müdafiə Nazirliyinin sərəncamındadır, lakin indiki delimitasiya prosesində onlardan istifadə edilməyib. Onun sözlərinə görə, bu illərə aid materiallar "məxfi" qrifi ilə saxlanılır, buna görə də erməni cəmiyyəti üçün onlar əlçatmazdır: "Mənə bu sənədlərin niyə məxfi qaldığı və hansı əsaslarla klassifikasiya edildiyi barədə tutarlı dəlillər təqdim olunmayıb. Təəccüblüdür ki, Ermənistanın indiki sərhədləri qanunla sirr olmasa da, 1988-ci il sərhədləri hələ də möhürlənmiş sirr olaraq qalır. Bu, xüsusilə, qəribədir, nəzərə alsaq ki, Paşinyanın fikrincə, bu sənədlər hüquqi qüvvəyə malik deyil". Qeyd edək ki, 1989-cu ildə Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsi İdarəsinin rəisi olmuş polkovnik Paykar Qalumyan bu mövzuya toxunmuş, 1985-87-ci illərdə sərhəddə delimitasiya işlərinin aparıldığını bildirmiş, 1988-ci ilin 12 yanvarında bununla bağlı sənəd imzalandığını xatırlatmışdı. Qalumyan demişdi ki, bu sənədlə Azərbaycandan 14,5 min hektar ərazi qoparılıb.

Rəsmi Bakının qətiyyətli mövqeyi nəticəsində vaxtilə ələ keçirilmiş torpaqlar geri qaytarılır, artıq Qazax rayonunun anklav olmayan 4 kəndi ermənilər tərəfindən boşaldılır. Yəqin ki, bölgədə Azərbaycanın lider mövqeyi, sərhəddə yaranmış sabitlik, sülhə doğru atılan addımlar Qərb dairələrini təşvişə salıb. Ona görə də Ermənistanda mövcud hakimiyyəti devirmək üçün "keşiş" əməliyyatına cəhd edirlər. 

Salman ALIOĞLU,

"Respublika".