Aydın görünən odur ki, erməni cəmiyyətində qeyri-müəyyən, təzadlı, xaotik bir vəziyyət yaranıb, vaxtilə işğal etdikləri Azərbaycan torpaqlarını itirdikdən sonra haylar arasında izah edilə bilməyən bir çaşqınlıq, etimadsızlıq, vahimə və xəyal qırıqlığı yaranıb. 44 gün davam edən müharibədə ağır məğlubiyyətə uğrayan, ordusu tarmar edilən, on mindən çox fərrarisi olan, ordan-burdan torpladıqları hərbi texnikaları məhv edilən, 6 min nəfərdən çox əsgər və zabitini itirən Ermənistanda sağlam düşüncədən, sülh razılaşmasından uzaq olan qüvvələr balansı öz xeyirlərinə dəyişməyə çalışırlar. Erməni keşişləri bir yerə toplaşıb sülhdən danışmaq əvəzinə avantürist, faşist təfəkkürü ilə fikirlər səsləndirir, artıq din xadimi kimi deyil, qatı terrorçu kimi etnik nifrəti qızışdırır, Qarabağ ermənilərini kirli daşnak oyunlarına cəlb edir və onları girov saxlamağa çalışırlar.
May ayında və iyun ayının birinci həftəsində Ermənistan silahlı qüvvələri şərti sərhəddə və Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında nisbi sabitliyi davamlı şəkildə pozur, mövqelərimizi atəşə tutur, təxribat-diversiya əməllərindən əl çəkmirlər, Xankəndidə və ətraf ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrini silahlandırmaq üçün gizli dağ yollarından istifadə etməyə cəhd göstərirlər. Cəzasızlıq şəraitində qalan və Rusiya sülhməramlılarının köməyinə arxalanan qeyri-qanuni erməni silahlı dəstələrinin ordumuzun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutması bir daha onu göstərir ki, Xankəndini şeytan yuvasına çevirən separatçılar, xunta rejimi torpaqlarımızdan qovulmayana qədər onlar təxribat törətməkdə davam edəcəklər. Ümumiyyətlə, Ermənistan bütün bu təxribatları keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarına, onların məskunlaşdırılmasına, uzun illər yurd həsrəti yaşayan insanların ora köçürülməsinə maneçilik törətmək üçün edir. Hərbi ekspertlərin sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin qeyri-qanuni silahlı birləşmələrinin təxribatları bilavasitə orada sülh şəraitini tənzimləməli olan Rusiya hərbçilərinin köməyi ilə edilir. Ona görə ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanatın bəndlərinə əsasən Qarabağda olan qeyri-qanuni erməni silahlı dəstələri tam tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılmalı və Rusiya sülhməramlı hərbçiləri ilə əvəzlənməli idi. Amma biz bunun əksini gördük. Oradakı qeyri-qanuni silahlı birləşmələrin sayı hazırda 10 minə çatıb. Onlar tam şəkildə müxtəlif silahlarla və texnikalarla təmin edilmiş vəziyyətdədirlər.
Ona görə də bir neçə gündür ordumuzun bölmələri, əsasən Şuşa, Xocalı, Xocavənd, Ağdam və Kəlbəcər istiqamətlərindən atəşə tutulması səbəbsiz deyil, qeyri-qanuni erməni terrorçuları həmin istiqamətlərdə yeni münaqişə ocaqlarını yaratmaq niyyətindədirlər. Qarabağdakı separatçı qurumun rəhbərləri anlayırlar ki, sakit dayansalar xaricdən, eləcə də Ermənistandan onlara ayrılan 100 milyonlarla dollardan məhrum ola bilərlər. Eyni zamanda Azərbaycanla Ermənistan arasında danışıqların aparıldığı dünyanın güc mərkəzlərində - istər Brüssel, istər Vaşinqton, istərsə də Moskvada ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış əraziləri əsas müzakirə mövzusu olmadığı kimi, artıq ermənilərin tələb etdiyi hər hansı muxtariyyət məsələsi də gündəmdə deyil. Bunu yaxşı bilən separatçılar atəşi tətikləməklə, təxribat törətməklə "biz də varıq" demək istəyirlər. Ancaq unudurlar ki, Xankəndidəki və ətraf ərazilərdəki ermənilər Azərbaycan əsgərinin ovcunun içindədir, sadəcə hayların reinteqrasiyaya başlamalarını gözləyirlər, əks halda, "Dəmir Yumruq" yenidən kimlərinsə başına endiriləcək. Sülh danışıqları ilə bərabər rəsmi Bakı işğaldan azad edilən ərazilərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işlərinin sürətlə aparılması üçün ardıcıl tədbirlər həyata keçirir, ermənilər tərəfindən dağıdılmış kəndlərin təməlləri qoyulur, həyat əhəmiyyətli infrastruktur yaradılır və artıq azad edilən torpaqlara Böyük Qayıdış başlayıb. Bütün bu işlər isə çox çətin şəraitdə davam etdirilir. 2020-ci ilin payızında yerin üstündəki düşməni məhv edən, işğalçıları torpaqlarımızdan qovan Azərbaycan indi yerin altındakı, özü də çox təhlükəli və görsənməyən düşmənlə mübarizə aparır.
Ermənistan uzun illər işğalda saxladığı bütün əraziləri başdan-başa minalayıb, torpaqlarımızı ölümsaçan döyüş sursatları ilə çirkləndirib. Xəbis niyyətli ermənilər torpaqlarımıza bir miyondan çox mina basdırmaqla bu yerlərə qayıdacaq keçmiş məcburi köçkünlərə ziyan vurmağı hədəfləyib. Xain düşmənin qara niyyəti qəhrəman minatəmizləyənlər tərəfindən puç edilir. Artıq min hektarlarla ərazi təhlükəli sursatlardan təmizlənib. Hazırda işğaldan azad edilmiş ərazilərdə 4 dövlət orqanı, 4 kommersiya qurumu və 1 qeyri-hökumət təşkilatı minatəmizləmə əməliyyatları ilə məşğuldur. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları, Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu və Dövlət Sərhəd Xidmətinin mina təmizləyici qrupu dövlət qurumları kimi qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Eyni zamanda ərazilərin minalardan təmizlənməsi prosesinə qardaş Türkiyədən və digər əcnəbi ölkələrdən mütəxəssislər də cəlb olunublar. Mütəxəssislərin qənaətinə görə, mina və partlamamış sursatlara Ağdam və Tərtər rayonlarında daha çox rast gəlinir. Bu heç də səbəbsiz deyil, çünki işğalçı Ermənistan otuz ilə yaxın bu istiqamətdən Azərbaycan ordusunun hücum edəcəyini gözləyib. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır. Bütün çətinliklərə baxmayaraq, ərazilərin minalardan təmizlənməsi prosesi tam sürətlə davam edir. Hökumətin tapşırığına əsasən bəzi ərazilərin minalardan təmizlənməsi prioritet elan edilib. Bu, əsasən infrastruktur layihələrinin keçdiyi ərazilərdir. Hazırda Ağdam, Füzuli şəhərlərində yaşayış binalarının tikintisi, digər rayonlarda kəndlərin, şəhərlərin salınması ilə bağlı işlər aparılır. Həmin ərazilər minalardan təmizlənir ki, daha sonra digər qurumlar fəaliyyətlərini həyata keçirə bilsinlər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda Şuşa şəhərində keçirilən beynəlxalq tədbirdə bildirib ki, mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır. Yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra isə iri şəhərlərin bərpası nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətləri çəkilib, beynəlxalq hava limanı inşa edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda keçirilən konfransda BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır bildirib ki, Ermənistan hələ də Azərbaycana beynəlxalq təşkilatlar vasitəsilə təzyiq etməyə çalışır. Bu düzgün deyil. Müharibədən sonra imzalanmış razılaşmaya görə, İrəvan hələ də götürdüyü öhdəliyi tam yerinə yetirməyib. Ermənistan Naxçıvanla əlaqələrin qurulmasına, xüsusilə Zəngəzur dəhlizinin açılmasına mane olur. Düşünürəm ki, diplomatiya bu deyil. Təcrübəmə əsasən deyə bilərəm ki, yaranmış problemlərin həlli istiqamətində təşəbbüslər göstərilməlidir. Çətinliklər aradan qaldırılmalıdır. Azərbaycan bu gün güclü ölkədir, beynəlxalq nüfuzu var. Qarabağda bərpa hazırda tam sürətlə davam edir. Bölgədə böyük quruculuq işləri gedir. Burada Türkiyə şirkətləri də işləyir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Bəzi layihələrdə öz dəstəyini göstərir. Hər zaman da bu davam edəcək.
Azərbaycan 44 gün davam edən müharibədə qazandığı tarixi qələbə ilə haqqı və ədaləti bərpa etdi, uzun illər davam edən erməni işğalına son qoydu, beynəlxalq ictimaiyyətə kimin haqlı olduğunu göstərdi, ərazi bütövlüyünü təmin etdi, danışıqlar masasında diktə edən tərəfə çevrildi, bəzi ermənipərəst dövlətlərin inadkarlığına baxmayaraq, Laçında sərhəd-buraxılış məntəqəsi quraraq müstəqil dövlət kimi öz şərtlərini elan etdi. Məğlub etdiyi Ermənistana sülh, barışıq əlini uzadan, Xankəndidə və ətraf ərazilərdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni vətəndaşlarını gələcək xoşbəxt həyata səsləyən rəsmi Bakının səbri heç də tükənməz deyil. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməyəcək.
Salman ALIOĞLU,
"Respublika".