Qərbi Azərbaycan: tarixi həqiqətlər
Region

Qərbi Azərbaycan: tarixi həqiqətlər

Naftalan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Qərbi Azərbaycan İcmasının Goranboy-Naftalan üzrə nümayəndəsi Nürəddin Həsənov, Gəncə Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Orucəli Rzayev, müstəqil ekspert, iqlimşünas İsa Əliyev, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Qərbi Azərbaycandan deportasiya edilmiş və Naftalanda məskunlaşmış bir qrup ziyalı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoeksponatlarla, daha sonra Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Soyqırımının tarixi ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev və cənab İlham Əliyev tərəfindən azərbaycanlılara qarşı əsrlər boyu törədilən bəşəri cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində tədbirlər həyata keçirilir, hər zaman diqqət mərkəzində saxlanılır.

Sonda Ermənistandan didərgin salınmış  azərbaycanlıların qayıdışına göstərdiyi diqqətə və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi yüksək dəstəyə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.