Taxıl səpini başa çatır
Region

Taxıl səpini başa çatır

Şəki ölkənin mühüm kənd təsərrüfatı rayonlarındandır və bu il burada 90 min tona yaxın taxıl istehsal olunub. Bu il (taxıl sahələri 49 min hektara yaxın idi) növbəti ilin məhsulu üçün əkin sahələri genişləndirilib. Belə ki, Şəki rayonunda 2023-cü ilin məhsulu üçün bu ilin payızında 65300 hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılıb. Əkinlərin 33300 hektarında buğda, 32 min hektarında isə arpa səpini nəzərdə tutulub.

Şəki DAİM-dən verilən (Aqrar İnkişaf Mərkəzi) məlumata görə, proqnozlaşdırılan əkin sahəsinin çox hissəsi, yəni 48596 hektarı dəmyə ərazilərdə, 16704 hektarı isə suvarılan ərazilərdədir. Əkinlərin yüksək keyfiyyətlə vaxtında başa çatdırılması məqsədilə 64108 hektarda (98.2%) vaxtında şum aparılıb.

İndiyədək proqnozlaşdırılan səpinin 24096 hektarında arpa, 22620 hektarında buğda olmaqla cəmi 46716 (71.54%) hektarda səpin edilib. Hazırda taxıl səpini davam edir və noyabr ayının sonuna qədər səpinin başa çatdırılması nəzərdə tutulub.

Qeyd olundu ki, taxıl səpini müddətində fermerlər əsasən sertifikatlı, yəni keyfiyyətli toxumlardan istifadə etməyə üstünlük verirlər. Səpin üçün 7105 ton sertifikatlı toxumlardan istifadə edilmişdir ki, bu da gələcəkdə hər hektarda məhsuldarlığa öz təsirini göstərəcəkdir. Onu da qeyd edək ki, son illərdə fermerlər səpinlə birlikdə gübrələrdən maksimum istifadə etməyə üstünlük verirlər.

DAİM-in məlumatına görə, rayonda cari ildə 1250 hektar sahədə tütün şitili əkilib. Əkinlərin 917 hektarı Amerikan tipli Vircinia sortları, 333 hektarı isə yerli sortlar təşkil edir. Hazırda istehsal olunmuş tütün məhsulunun tədarük məntəqələrinə satışı davam etdirilir.

M.QULUYEV,

"Respublika".