Qərb blokunun media köstəbəkləri ifşa olunur
Siyasət

Qərb blokunun media köstəbəkləri ifşa olunur

Müasir dövrdə nüfuz dairəsini getdikcə genişləndirən Azərbaycana qarşı bir növ əks-təbliğat müşahidə olunur. Belə ki, dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qlobal güc mərkəzləri anti-Azərbaycan fəaliyyətini daha da genişləndiriblər. Onlar mövcud reallıqları gözardı edərək ədalət tərəzisini yenidən pozmağa cəhd edirlər.

Qərb blokunun bu çərçivədəki hədəfləri isə olduqca fərqlidir. Cəmiyyət institutuna destruktiv zərbələr endirilir, milli-mənəvi dəyərlərimizin ucuzlaşdırılmasına cəhd edilir, daxili böhran yaratmaq xülyası özünü göstərir. Misal olaraq feminizm, LGBT kimi cəmiyyət institutuna, milli-mənəvi dəyərlərimizə açıq-aşkar zidd olan zir-zibillərin xalqa injektə edilməsini göstərmək olar. Qeyd edək ki, bu çirkin əməldə kollektiv Qərb bir çox metodlara əl atır. Xüsusilə daxilimizdəki media "köstəbəkləri"nə böyük "ehtiyac" yaranır. Başqa sözlə desək, hərb meydanında əldə edə bilmədiyinə ideoloji yöndə nail olmağa çalışan anti-Azərbaycan bloku Cənubi Qafqazda sabitlik istəmir.

Okeanın o tayında oturub bəşəriyyət üzərində ağalıq etməyə çalışan ABŞ məhz bu kirli təfəkkürün sahibidir. Keçmişdə, eləcə də müasir dövrümüzdə Azərbaycanı daxildən parçalamaq istəyi, onun artan nüfuzunun qarşısının alınması kimi xülyalar birbaşa və ya dolayı yolla rəsmi Vaşinqtonun adı ilə bağlıdır. Qeyd edək ki, ABŞ tərəfindən Azərbaycanda analoji fəaliyyətin təşkil edilməsi və idarə olunması 1990-cı illərin sonlarından başlayaraq daha geniş vüsət almışdır. Ölkəmizdə sözügedən supergücün Milli Demokratiya İnstitutunun (NED), USAID-ın və digər təşkilatların fəaliyyəti daxili sabitliyi pozmağa yönəldilib. Xüsusilə NED-in Azərbaycan üzrə ofisinin rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə 2011-2012-ci illərdə nələr baş verdiyini hamımız yaxşı xatırlayırıq. Pozuculuq fəaliyyəti üçün ayrılan "yatırımlar"ın miqdarı isə nə az, nə çox  iki milyon ABŞ dolları həcmində olmuşdur.

Şübhəsiz ki, sözügedən prosesdə medianın ələ keçirilməsi məsələsi ön plana çıxır. Daxilimizdəki dönükləri yüksək paralarla cəlb edən Qərb düşünür ki, bu yolla sarsılmaz bütövlüyümüzü parçalaya bilər. Məhz bu uğursuz cəhdlərdən birini də "Toplum TV" üzərindən reallaşdırmaq istədilər. Lakin qüdrətli Azərbaycan dövlətinin ədalətindən yayınmaq bu dəfə də  mümkün olmadı.  Belə ki, sözügedən media saxtakarı üzərindən yarım milyon dollardan artıq vəsaitin Azərbaycana çatdırılması və müxtəlif layihələrin, tədbirlərin və fəaliyyətin qeyri-qanuni şəkildə maliyyələşdirilməsinin həyata keçirilməsi ifşa olundu. Materialların əldə edilməsi ilə müəyyən olunub ki, Qərbin ölkəmizdə reallaşdırdığı digər layihələrə nisbətən yeni layihə olan "Toplum TV" mərkəz olmaqla Azərbaycanda geniş şəbəkənin fəaliyyətinin təmin edilməsi, onların vasitəsilə sosial, ictimai, siyasi istiqamətlər üzrə cəmiyyətdə narazılığın artırılması, itaətsizlik mühitinin formalaşdırılması, gərginliyin yaradılması və inkişaf etdirilməsi strateji xətt kimi seçilib. Bununla yanaşı, şəbəkəyə müxtəlif ərazilər üzrə rəhbərlik edən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, "Toplum TV"nin rəhbəri Xədicə İsmayıl və digər şəxslər bu fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində vəsait alıblar. Acınacaqlı məqam isə bundan ibarətdir ki, bu böhtan yuvasında çalışan, əksəriyyəti gənc olan vətəndaşlar həmin məsələlərdən xəbərsiz olublar. Yəni qeyd edilən ideoloji savaşın predmetləri məhz burada da özünü göstərir.

Regional və qlobal məkanda daim sülh və sabitliyin tərəfdarı olan Azərbaycana qarşı bu cür xain xislətli yanaşma sərgilənməsi qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, bu fitnəni yayanların "missiyası" əzəldən bu cürdür. Sözügedən qlobal güclərin "demokratiya" çubuğunun dəydiyi yerlərdən xaos, qarşıdurmalar, vətəndaş müharibələri əskik olmur. Qüdrətli Azərbaycan dövləti ətrafda baş verən bütün oyunlardan, xain planlardan xəbərdardır. Məhz bu səbəbdəndir ki, ədalətin bərpası gecikmir, xalqı "zəhərləməyə" çalışanların cəzası verilir. Azərbaycanda geniş agentura şəbəkəsi qurmağa cəhd edənlərin özləri və çirkin əməlləri daim ifşa olunmuşdur. Regional müstəvidə üstünlük əldə etmək istəyən Qərb bloku bu kimi əməllərlə öz yerini "bərkitməyə" çalışır. Bunun qarşısında duran tək əngəl isə, heç şübhəsiz, regional lider olan Azərbaycandır. Məhz buna görə də anti-Azərbaycan dairələri hər keçən gün öz nüfuzetmə mexanizmlərinin sayını artırır.

Nurlan ABDALOV,

"Respublika".