Qarabağ Universitetinin yaradılması tarixi ədalətin bərpasıdır
Sosial həyat

Qarabağ Universitetinin yaradılması tarixi ədalətin bərpasıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradılır.

Qarabağ regionunda ali təhsil almaq ənənəsi tarixən mövcud olmuşdur. Xankəndidə ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılmış, 1973-cü ildən 1988-ci ilədək fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. İki minə yaxın tələbənin təhsil aldığı Xankəndi Pedaqoji İnstitutunda 40-a yaxın azərbaycanlı müəllim işləyib. Həmin dövrdə 3 fakültə mövcud olub: Azərbaycan dili və ədəbiyyatı, tarix və riyaziyyat fakültələri. Qismət elə gətirib ki, bacım Allahverdiyeva Tükaz Yaqub qızı da həmin institutun məzunu olub. 1984-cü ildə Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi şöbəyə qəbul olunub. Atamın məhz bu institutu bacıma məsləhət görməsinin səbəbi isə ərazi baxımından Xankəndinin bizə daha yaxın olması idi. Uşaqlığımızın keçdiyi Qarabağ bölgəsində çoxlu qohumlarımız, dostlarımız vardı. Bu günlərdə ölkə başçısının Qarabağ Universitetinin yaradılması barədə verdiyi qərara ürəkdən sevindik. Bir anlıq o günlərə, xatirələrə qayıtdıq. O yerlərdə xoş illərlə yanaşı, çətin, təhlükəli günlər də yaşamışıq. Elə bu məqsədlə də həm bacım - İmişli rayon Sarıxanlı kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Tükaz müəllimin, həm də tələbə yoldaşlarının o illərlə bağlı təəssüratlarını öyrəndim.

Tükaz Allahverdiyevanın dedikləri: - İlk illər vəziyyət çox yaxşı idi. Lakin zaman keçdikcə hiss etdik ki, azərbaycanlıları tədricən sıxışdırırlar. Doğrudur, institutda azərbaycanlı müəllimlərin çoxluq təşkil etdiyi səbəbindən bu, o qədər də hiss olunmurdu. Dərsdən sonra uşaqlarla Xankəndiyə gəzməyə çıxaranda, mağazalara daxil olanda ermənilərin aqressiyası ilə qarşılaşırdıq. O vaxt şəhərdə "Qastronom" "Skazka" deyilən mağazalar var idi. Çörək almağa gedirdik. Erməni qadınlar bizi kobud şəkildə "Axçi spasi", "yəni qız gözlə" deyə, qəsdən yubadırdılar. Ən axırda bizi yola salırdılar. Bir dəfə də "Skazka" mağazasına xaricdə istehsal olan geyimlər gəlmişdi. Mağazada süpürgəçi işləyən azərbaycanlı qadın həmin mallardan almaq istəyərkən onu döyüb, çıxarmışdılar. İnstitut daxilində olmasa da, ictimaiyyət arasında belə hadisələrlə çox rastlaşırdıq. Şəhərdə erməni evində qalan kirayənişinlərin hamısını çıxarmışdılar. Azərbaycanlıların evlərini isə od vurub yandırırdılar. İnstitutda işləyən Məmməd müəllimi öz avtomobilində gedərkən yük maşını ilə vurub dərəyə atmışdılar. Ağır yaralanmışdı. Müəllimlərimiz - Süleyman Zeynalov, Rəfdar İmanov hər zaman bizi qoruyurdular. Vəziyyətin gərginləşdiyi zaman tələbələri Xankəndidən çıxararkən böyük toqquşma olmuşdu. Ermənilər "Hayastan, Hayastan" deyə qışqırıb instituta daxil oldular. O zaman həmin müəllimlər və tələbə oğlanlar qızları bir otağa yığaraq ermənilərin qarşısını kəsdilər. Daha sonra milis işçiləri gəlib tələbələri güclə şəhərdən çıxardılar. Müəllimlərimiz və tələbə yoldaşlarımız olmasaydı, həmin vaxt bütün qızları girov götürəcəkdilər. Onu da qeyd edim ki, əvvəlcə bizə qarşı münasibətləri çox yaxşı idi. Erməni evində kirayədə qalırdıq. Həmişə Novruz bayramında evin sahibəsi plov bişirib bizi qonaq çağırardı ki, sizin bayramınızdı. Sonralar gərginlik yarandı. Tələbələrin əksəriyyəti Qarabağ bölgəsindən idi. Təhsilimizi Şuşada Mədəni Maarif Texnikumunda davam etdirəndə tələbə yoldaşlarımız olan bütün oğlanlar kişi müəllimlərlə birlikdə gecələr hərbi postlara gedib Malıbəyli və Quşçular uğrunda gedən döyüşlərdə iştirak edirdilər.

Növbəti müsahibimiz isə Laçın rayon 18 nömrəli tam orta məktəbdə tarix müəllimi Arzu Qurbanovadır.

- 1984-cü ildə həmin institutun tarix fakültəsinə daxil oldum. Fakültənin dekanı Süleyman Zeynalov, kafedra müdiri isə Rəfdar İmanov idi. Qrupumuzdakı uşaqlar arasında bir qızın anası erməni idi. Erməni qızı olduğuna görə, onu qrupun sinif nümayəndəsi seçdilər. Ararat müəllim həmişə azərbaycanlı tələbələrin qiymətini kəsirdi, bizə qarşı kobud rəftar edirdi. Bir gün dekanlıqda səs-küy yaranmışdı. Məlum oldu ki, erməni millətindən olan Sarkisyan adlı müəllimi bizim Süleyman müəllimin yerinə təyin ediblər. Azərbaycan bölməsinin bütün tələbələri etiraz etdik. Bildirdik ki, Azərbaycan bölməsinin dekanı nəyə görə erməni olmalıdır? Bizə cavabları o oldu ki, kim istəyir qalıb oxusun, istəməyən ərizəsini yazıb çıxa bilər. Süleyman müəllimi dekanlıqdan çıxarandan sonra inistitutda vəziyyət tamamilə dəyişdi. Bizi sıxışdırmağa başladılar. Onlar institutda erməniləşmə siyasəti aparırdılar. Azərbaycanlı müəllimləri bir-bir çıxarıb, yerlərində erməniləri təyin edirdilər. Artıq bu hallar son dövrlər çoxalmışdır. Dərsdən çıxıb evə gedən zaman küçədə erməni uşaqlar "türkes, türkes" deyə qışqırırdılar. Əvvəllər bizə o qədər də aydın deyildi niyə belə edirlər. Demək ki, onların bizə qarşı aqressiyaları həmişə olub. Baxmayaraq ki, onlar gəlmə idilər, ancaq bizə qarşı zorakılıq edərək torpaq bizimdir deyirdilər. Təəssüf ki, o dövrdə Azərbaycan hakimiyyətində yaranan boşluq və səriştəsizlik səbəbindən bütün bunlar baş verdi. Əlbəttə ki, onların da böyük havadarları var idi. Lakin bu gün Ali Baş Komandan İlham Əliyevin, şəhidlərimizin və qəhrəman qazilərimizin sayəsində torpaqlarımızı azad edib, ərazilərimizin tam bərpasını təmin etmişik. Dəmir yumruğun sayəsində Xankəndidə də bayrağımız dalğalanır.

Daha bir məzun müsahibimiz - Salyan rayon Q.Mayılov adına Kürsəngi kənd tam orta məktəbin tarix müəllimi işləmiş Alxan Cəbrayılovdur. 1984-cü il sentyabr ayında ilk dərslərimiz başlayıb. Bizim üçün Xankəndi şəhəri yeni bir aləm, dünya idi. Olduqca mehriban, səmimi kollektivimiz vardı. Müəllimlərimizin hamısı azərbaycanlı idi, yalnız rus dili müəllimindən başqa. 1987-1988-ci ilə kimi vəziyyət çox sakit idi. 1988-ci ildən artıq bəzi dalğaları hiss edirdik. İstər institut daxilində, istərsə də əhali arasında. "Qarabağ" mehmanxanasında qalırdım. Mənimlə bərabər Ermənistandan gələn tələbələr də qalırdılar. Onlarla söhbətimiz zamanı həmişə eyni şeyi soruşurdular. Qədim zamanlardan Qarabağ kimin olub? Mən də biliklərimə və tarixə əsasən izah edirdim ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənilər sonradan bu yerlərdə məskunlaşıb yaşayıblar. Dəfələrlə bu kimi hadisələr təkrar olunub. Ancaq hiss olunurdu ki, onlar istəklərində israrlıdırlar. Deməli, onlar öz təbliğatlarını aparırlarmış. 1987-ci ildə artıq bəzi işartılar hiss olunurdu. Getdikcə milli zəmində vəziyyət daha da kəskinləşirdi.

1988-ci ilin iyul ayında sessiyanı artıq Şuşada davam etdirdik. Bizi Xankəndidən çıxardıqlarına görə bütün sənədlərimiz institutda qalmışdı. Dörd nəfər tələbə yoldaşımla Şuşadan taksi ilə Xankəndiyə gəldik. O zaman vəziyyət gərgin idi və bizim ora gəlməyimiz çox qorxulu idi. Hətta bizi gətirən taksi sürücüsü bildirdi ki, sizi gözləmək təhlükəlidir. Bildirdik ki, 10 dəqiqəyə işimizi həll edib gəlirik, gəlməsək sən get. Fikirləşirdik ki, institutda təhlükə olmaz, nəsə olsa, küçədə ola bilər. İnstituta daxil olanda qapıçı erməni qadın bizi görüb məəttəl qaldı. Soruşdu ki, niyə gəlmisiniz? Vəziyyət çox pisdir. Hətta qapıdan çölə baxıb dedi ki, erməni millətinin başı xarab olub. Bu hadisələrin sonu çox pis görünür. Yəni bu, bir erməni qadınının etirafı idi. Müəllimlər sənədlərimizi tez bir zamanda hazırlayıb verdilər. Elə bir təhlükəylə qarşılaşmadıq. O dövrdə sadə ermənilər daha aqressiv idilər. Bu da uzun illər boyu aparılan anti-Azərbaycan təbliğatının nəticəsi idi. İlk qarşıdurma Xankəndidə 1988-cı ilin fevral ayında baş verdi. Tələbələr yanvar sessiyasından sonra Xankəndi məktəblərində təcrübə keçməli idilər. Həmin dövrdə ermənilər tələbələrə hücum etdilər və böyük qarşıdurma yaşandı.

1989-cu ildə təhsilimizi H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda başa vurduq. Bu gün hamımız fərəh hissi keçiririk. Prezident İlham Əliyevin Qarabağ Universiteti yaradılması haqqında Sərəncamı hamımızın sevincinə səbəb olub.

Ramidə YAQUBQIZI,

"Respublika".