Torpaq uğrunda ölən varsa, VƏTƏNDİR
Sosial həyat

Torpaq uğrunda ölən varsa, VƏTƏNDİR

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bu gün hər kəsə örnəkdir. Şəhidlərimizin keçdikləri qısa, keşməkeşli yollar göstərir ki, onlar bu şərəfli zirvəyə güclü iradə, əqidə, xarakter ilə yüksəliblər. Şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Onların ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır.

Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir əsgər və zabit istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən savaşında olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdilər. Ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə canlarından keçməyə hazır olduqlarını döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdilər. Ölkəmizdə müxtəlif xalqları - ləzgiləri, yəhudiləri, talışları, çaxurları və s. təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşdülər. Onların bu torpağa qəlbən bağlanması hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi İkinci Qarabağ müharibəsində bir daha öz təsdiqini tapdı. Qazanılan möhtəşəm Qələbə çiyin-çiyinə bir amal uğrunda birliyinin, yumruq kimi birləşərək mübarizə aparmağın nəticəsi idi.

Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız haqqında danışacağıq.  Milliyyətcə ahıska türkü olan Battal Bayraxdarov Vətən müharibəsinin ən gənc şəhidlərindəndir. 18 yaşında şəhidlik zirvəsinə yüksəlib. Battal 1 aprel 2002-ci ildə Qubanın Ağbil kəndində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Battal cüdo üzrə bir sıra turnirlərin qalibi olub.

Vətən müharibəsində Azərbaycan Ordusunun əsgəri Battal Bayraxdarov Cəbrayıl və Füzulinin azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabrın 12-də düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Quba rayonunda torpağa tapşırılıb.

Bacısı Nazlı Bayraxdarovanın  dediyinə görə, Battal xidmət müddətində seçilən əsgərlərdən olub: "Qardaşımı orada fəal əsgər olaraq seçib, şəklini şərəf lövhəsinə vurmuşdular. Əsgərlikdən evə zəng edəndə atama bunu fəxrlə söyləmişdi. Başqa bir dəfə zəng edib, baş atıcı olduğunu bildirmişdi. Müharibəyə gedəndə bizə xəbər verməyib. Sonradan xəbər tutanda dedi ki, "narahat olmayın, heç nədən qorxmuram, torpaqlarımızı alıb, gələcəyik".

Şəhid olmamışdan bir müddət əvvəl zəng etdi. Hamımızla söhbətləşəndən sonra dedi ki, telefonu atama verin, onunla sonuncu dəfə danışmaq istəyirəm. Həmin danışığımızdan bir həftə sonra şəhid olması xəbərini aldıq".

Əmisi Paşa Bayraxdarov deyir ki, "O, uşaqlıqdan seçilirdi. Çox mərd və iradəli uşaq idi. Hətta bir dəfə uşaqlarla oynayanda şəhid olacağını bildirmişdi. O, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə hər kəsə nümunə idi".

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Battal Mikail oğlu Bayraxdarov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Doğru deyirlər ki, qəhrəmanlıq bir anın bəhrəsi deyil. Vətənpərvərlik insanda fədakarlıq, mərdlik və məğlubedilməzlik hissi yaradır. Vətənpərvərlik həm də doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər, qeyrət simvoludur. Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Ömrünü Vətən yolunda qurban verən  Battal qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.

Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!

Müşfiq MİRZƏ,

"Respublika".