Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil ediblər
Sosial həyat

Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil ediblər

“Azercell”in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis “Türk Tele kom”un ənənəvi təlimlərinə qatılıb

Azercell-in təşəbbüsü və dəstəyilə Türkiyədə kibertəhlükəsizlik düşərgəsinə qatılan tələbələr lider mobil operatorun nümayəndə heyəti ilə görüşüb. Türk Telekom-un təşkilatçılığı ilə "Gələcəyin kiberqəhrəmanlarından biri ol" şüarı altında baş tutan təlimlərdə yüksək performansla fərqlənərək ölkəmizi layiqincə təmsil edən tələbələrə xüsusi sertifikatlar və hədiyyələr təqdim edilib. Görüş çərçivəsində gənclərlə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Qeyd edək ki, 10 gün boyunca davam edən təlim proqramında iştirakçılar kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də praktiki biliklərə sahib olmaqla yanaşı, Türkiyənin aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşmək imkanı əldə ediblər. Tələbələr qazandıqları təcrübənin gələcək fəaliyyətlərində və karyeralarında əhəmiyyətli rol oynayacağını bildiriblər.

Xatırladaq ki, "Azercell Telekom" MMC Azərbaycanda kibertəhlükəsizlik mühitinin inkişafı, bu sahənin ən son tendensiyalarını və ən yaxşı təcrübələrini ölkəmizə gətirilməsi məqsədilə irimiqyaslı layihəyə ilin əvvəlində start verib. Şirkət mövcud kibertəhlükəsizlik həllərini modernləşdirmək və yenilərini inkişaf etdirmək üçün hazırladığı fəaliyyət planını uğurla tətbiq etməyə davam edir. Bu layihənin mühüm istiqamətlərindən biri Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslaşan mütəxəssislərin peşəkar inkişafına töhfə verməkdir. Bu təşəbbüs çərçivəsində gənc mütəxəssislər üçün müxtəlif təlimlər təşkil ediləcək, şirkətdə təcrübə imkanları yaradılacaq.

Azercell Türkiyədə baş tutan təlimlərdə uğurlu fəaliyyətləri ilə fərqlənən tələbələri bir daha təbrik edib, onlara gələcək karyeralarında uğurlar diləyib.

Ülvi QARAYEV,

“Respublika”.