Azərbaycanda qış turizmi inkişaf edir
Sosial həyat

Azərbaycanda qış turizmi inkişaf edir

Respublikamızda turizminin inkişafına göstərilən diqqət və qayğı onu iqtisadiyyatın aparıcı sahəsinə çevirməkdədir. Reallaşan Dövlət proqramları turizmin daha da inkişafına səbəb olub. Ölkəmizdə yüzlərlə turizm şirkətinin fəaliyyəti, bu sahə üzrə marşrutların yaradılması, dünya standartlarına uyğun beşulduzlu otellərin istifadəyə verilməsi respublikamızı turizm ölkəsi kimi tanıdıb. İstirahət zonalarına gələnlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir.

Son illərdə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ildə respublikamıza dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Respublikamızın müxtəlif bölgələrində turizmin fərqli növləri, (sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi) inkişaf edib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması da olduqca önəmlidir.

Regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir.

Ölkəmizdə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qəbələdə yerləşən "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi, Qusarda "Şahdağ" Qış-Yay Turizm Kompleksi və Naxçıvanda Şahbuz rayonundakı "Ağbulaq İstirahət Mərkəzi"dir.   

Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən və ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən fərqlənir və ilboyu fəaliyyət göstərir. Həmçinin "Şahdağ" Qış-Yay Turizm Kompleksi və "Tufandağ" Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə, xüsusilə də Körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq var. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən "Şahdağ" turizm kompleksinin ərazisi 2058 hektardır. "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının istifadəyə verilməsi də turistlərin istirahətinə daha geniş imkanlar yaradır. Eləcə də Qusar və Qəbələdə yaradılan istirahət guşələri onu göstərir ki,  Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkana malik  ölkələrdəndir.

Mətbuata açıqlamasında millət vəkili Vüqar Bayramov deyib: "Qış turizmi Azərbaycanda turizm xidmətlərində sözsüz paya malik olan istiqamətlərdəndir. Son illərdə isə xüsusilə qış turizminə diqqət artıb. Nəzərə almaq lazımdır ki, ölkə ərazisində infrastruktur formalaşdırılıb, kifayət qədər imkanlar var və təbii ki, daha çox turistin cəlb edilməsi mümkündür. Digər tərəfdən isə qış turizminə marağın artması qlobal olaraq müşahidə olunur. Bu il də qış turizmi Azərbaycanda turizm gəlirlərində yüksək paya malik olacaq. Ümumiyyətlə, növbəti illərdə qış turizminin turizm sektorundakı payının artması gözlənilir. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda da qış turizminə üstünlük veriləcək".

Azərbaycanda qış turizminin, eləcə də turizmin  digər  növlərinin coğrafiyasını  genişləndirmək istiqamətində 30 illik erməni işğalından azad edilmiş Qarabağ və ətraf rayonlarda da böyük imkanlar vardır.  Digər bölgələrimizlə yanaşı, Qarabağ torpaqlarında turizm potensialı kifayət qədər genişdir.  Qarabağın təhlükəsiz zonaya çevrilməsi istiqamətində həyata keçirilən ciddi tədbirlər bu ərazidə turizm infrastrukturunun formalaşmasına və dinamik inkişafına səbəb olacaq. Əlverişli iqtisadi-coğrafi mövqeyi, zəngin ehtiyatlara, nadir təbii iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkədə turizmin inkişafı üçün yeni üfüqlər açıb.

İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağ sözsüz ki, yaxın illərdə ölkə turizminin inkişafına güclü təkan verəcək. Əzəli torpaqlarımız - Ağdam, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocalı, Xocavənd və Hadrut erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimiz əsl cənnətə çevriləcək. Təbii ki, yaxın gələcəkdə bu yerlərə böyük turist axını olacaq.

M.MİRZƏ,

"Respublika".