Qarabağ, Şərqi Zəngəzur - Qəhrəmanlıq dastanı
Siyasət

Qarabağ, Şərqi Zəngəzur - Qəhrəmanlıq dastanı

İndi bütün dünya görür ki, biz qurub-yaradan xalqıq

Azərbaycan... Torpaqları bölünən, insanları ayrı düşən bu diyarın son 30 illik tarixində yaşananları heç bu qoca tarixin özü də unutmayacaq. O ağrılara, acılara dözdük, ağlamadan, sızlamadan torpaq itkisinin dərd yükünü ürəyimizə yüklədik, bir gün bizim də üzümüzün güləcəyinə ümidimizi itirmədik. Torpaqlarımızın geri qaytarılacağına inandıq. Bu inamı yaradan liderimizə güvəndik. Bilirdik ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. İndi işğaldan azad edilmiş ərazilər yenidən qurulur, qəhrəmanlıq dastanı yazılır...

Ötən ilin martında Talış kəndində görülən işlərlə tanış olan dövlət başçısı İlham Əliyev deyib: "Bu gün biz qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq... İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq biz öz ərazilərimizdə qurub-yaradırıq".

Vətən müharibəsindəki tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanılıb. Yollar salınır, körpülər tikilir, dağıdılmış tarixi dini-mədəni abidələr bərpa olunur, infrastruktur yaradılır. Mərhələli şəklidə keçmiş məcburi köçkünlər doğma yurd yerlərinə qayıdır, sönmüş ocaqlarını yenidən yandırırlar. Məscidlərdən azan, məktəblərdən zəng, evlərdən gülüş səsləri eşidilir. Qarabağ və Şərqi Zəngəzur tarixinin yeni inkişaf mərhələsini yaşayır. İndi o yerlərdə beynəlxalq səviyyəli tədbirlər keçirilir, musiqi festivallarının şən, ürəkoxşayan melodiyaları dərələrə, dağlara səs salır. Azərbaycana gələn qonaqlar həmin ərazilərə gedir, hər şeyin canlı şahidi olurlar, düşmən vandalizminin də, qurub-yaratmağın da...

Aprelin 26-da ölkəmizdə səfərdə olan türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Qarabağın incisi, Azərbaycan mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Nümayəndə heyəti ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin ucaldığı Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın və Xan qızı bulağının yerləşdiyi ərazi və qala divarları ilə tanışlıq olub. Səfər çərçivəsində qonaqlar Yuxarı Gövhərağa məscidinə gedib, Cıdır düzünə qalxaraq oradan açılan gözəl mənzərəni seyr ediblər.

Xatırladaq ki, nümayəndə heyəti Şuşadan əvvəl Xankəndiyə səfər edib. Mayın 3-də isə Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqalın başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli şəhərində olub. Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə baxış keçirib. Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, dağıdılmış şəhərin qalıqlarına baxıblar.

Sonra malayziyalı palamentarilər Şuşada ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Qarabağ" fotosərgisinə baxıblar. Daha sonra Şuşada şəhər meydanına, digər görməli yerlərə baş çəkiblər.

Norveçin beynəlxalq səyahətçilərdən ibarət "Vagacklub"unun 30 nəfərlik geniş heyəti mayın 2-də Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində əvvəlcə şəhərin seyrəngah ərazisinə gəlib, burada onlara Laçın şəhərinin tarixi barədə məlumat verilib. Bildirilib ki, əsrarəngiz təbiəti, qədim tarixi abidələri, həmçinin bu şəhərdə qısa müddətdə aparılan nəhəng bərpa-quruculuq işləri nəticəsində Laçın yenidən Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib. Sonra səyyahlar şəhəri gəzib, Zəfər küçəsində gedən yenidənqurma işləri, 1 dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsilə tanış olublar. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib.

Mayın 3-də isə norveçli səyyahlar qrupu Xudafərin körpüsünə gəliblər. Onlara Vətən müharibəsi və Azərbaycan memarlığının dəyərli abidələrindən biri olan Xudafərin körpüsü barədə məlumat verilib. Həmçinin onlar Cocuq Mərcanlı kəndi yaxınlığında minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETİC, MTP, TCC, NomadMania, o cümlədən bu kanalların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın "Piki Reels", İsveçin "Club 100" heyətlərinin ötən 4 ildə Qarabağ və Şərqi Zəngəzura 9 səfəri gerçəkləşib. İlk səfər 2021-ci ildə olub, 4 səfər 2022-ci ildə, 4 səfər isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli "Vagaclub"unun növbəti səfəri isə sayca 10-cudur.

Ümumilikdə 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Beləcə, dünyada milyonlarla insan onların vasitəsilə Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

Ötən ilin fevralında azad olunmuş ərazilərə sayca altıncı səfərdə 12 ölkədən 30 nəfərlik heyət iştirak edib: ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları həmin heyətdə yer alıb. Dünya azərbaycanlılarının ecazkar torpaqlarımız barədə söylədikləri isə insana qürur yaşadır. Böyük Britaniyalı səyyah Heyli Kennedi Şuşada olarkən jurnalistlərə açıqlamasında deyib: "Ecazkar təbiəti görmək istəyən Azərbaycana gəlsin". Xarici səyyah ölkənin təbiətinin möhtəşəmliyi barədə danışıb, bunun turizm üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb: "Bu ecazkar təbiəti görmək üçün mütləq buraya səyahət etmək lazımdır. Mən bunun üçün buradayam. Azərbaycanın heyrətamiz təbiəti var. Ölkənin gözəl mənzərələrindən başqa tarixi məkanları da çoxdur".

İngiltərəli səyyah Stuart Pinçin Cıdır düzündə olarkən deyib: "Şuşa turizm üçün möhtəşəm yerdir. Azərbaycan haqqında çox oxumuşam. Gözlədiyim gözəlliyi görə bildim. Ölkənin çox tarixi keçmişi var. Burada hər yerdə mədəni abidələrlə rastlaşmaq olar. Bunu görmək istəyən hər bir şəxs Azərbaycana gəlib görə bilər".

Bəli, Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, cənnətə dönür. Cənnət görmək istəyən isə qoy, Azərbaycana gəlsin.

Zümrüd QURBANQIZI,

"Respublika".