Heydər Əliyev epoxasının multikultural zənginliyi
Siyasət

Heydər Əliyev epoxasının multikultural zənginliyi

Azərbaycan tarixən dözümlülük, tolerantlıq ənənələrinə görə seçilib. Tarixin bütün inkişaf mərhələlərində iqtisadi-siyasi mərkəz, strateji region funksiyasını özündə əks etdirən yurdumuzda multikultural dəyərlər bəşəri mahiyyət daşımaqla yanaşı, sadə həyat tərzi kimi də qəbul edilib. Hətta dini industriyanın oturuşmuş dövrlərində belə Azərbaycan özünün çoxmillətliliyi ilə diqqət çəkib, millətlərarası münasibətlər dövr, zaman, inkişaf kimi predmetlərdən asılı olmayıb. Başqa sözlə, tarixin bütün dönəmlərində ölkəmizin özünəməxsus tolerantlıq mühiti dünya üçün spesifik örnəyə çevrilib.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin inkişafına verdiyi dəstəyin tarixi hələ Sovet İttifaqı dövrünə, 1969-cu ildən sonrakı zamana təsadüf edir. Həmin illərdə yenicə inkişaf tempi qazanan Azərbaycan ittifaq səviyyəsində dünyaya açılırdı - sənayeləşmə, turizm, iqtisadi potensialın düzgün istiqamətləndirilməsi müəyyən perspektivlər vəd edirdi. Eyni zamanda həmin dövrlərdə Azərbaycanda yaşayan xalqların öz milli-mədəni ənənələrinin qoruması və inkişaf etdirilməsi üçün mühüm addımlar atılırdı. Regionda yaşayan etnik xalqların mədəni inkişafı üçün şərait formalaşdırılır, mədəniyyət evləri açılır, onların milli dəyərlərini inkişaf etdirməsi üçün zəmin yaradılırdı. Xalqların öz dillərində sərbəst danışmasına, bu dilləri yaşatmasına xüsusi diqqət və qayğı göstərilirdi. Eləcə də dini fərqlilik hər hansı bir diskriminasiya yaratmırdı. Məhz ulu öndərin birinci dəfə hakimiyyətdə olduğu dövrdən başlayaraq, bütün xalqlar milli bayramlarını rahat şəkildə qeyd edir, dini inanclarını daha sərbəst formada həyata keçirirdilər.

Beləliklə, ulu öndərin hakimiyyətinin birinci dövründə Azərbaycanda tolerantlığın, multikultural dəyərlərin inkişafı üçün əsl zəmin yarandı. Çünki XX əsrin sonunda - qloballaşmanın vüsət aldığı zamanlarda məhz tarixi tolerantlıq ənənələri Azərbaycanın multikultural həyatının daha yüksək səviyyədə inkişafı üçün təməl rolunu oynadı. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Bu birliyin, bu həmrəyliyin dərinləşməsi, millətlərarası münasibətlərin yeni dövrdə dövlətçilik məfkurəsi ətrafında birləşməsi, tənzimlənməsi fenomenal şəxsiyyət ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev müdrik siyasəti ilə xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşdirməklə ölkəmizin və xalqımızın işıqlı gələcəyinə yol açdı. Ulu öndər milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bu dəyərləri qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. "...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən ulu öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Milli dövlətçilik və milli-mənəvi dəyərlər bir-biri ilə sıx bağlıdır. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də onu çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", - deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Heydər Əliyev hələ Sovet İttifaqı rəhbərliyində çalışarkən xalqımızın dini dəyərlərinin qorunmasında da müstəsna rol oynamışdı. Ulu öndər bu barədə deyirdi: "Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan olunması və təhrif edilməsi idi. Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, din və o cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər qüdrətə malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi".

Müstəqilliyimiz bərpa olunan zaman ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara xüsusi diqqət və qayğı göstərməklə hər şeydən əvvəl, özünün İslam dininə münasibətini nümayiş etdirdi. Bibiheybət məscidində yenidənqurma və əsaslı təmir işləri başlandı. Dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarətgahına çevrilmiş məscid vaxtilə sovet əsgərləri tərəfindən 1933-cü ildə partladılıb dağıdılmışdı. VII əsrin yadigarı olan Bibiheybət ziyarətgahı əsrlər boyu insanların inanc və ibadət yeri olub və Azərbaycan xalqı tərəfindən qorunub. XIII əsrdə burada Şirvanşahlar tərəfindən məscid tikilib. Milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra yenidən vüsət aldı. Ulu öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı, quruculuq, inkişaf dövrü başladı. Ən son statistikaya nəzər salsaq, ulu öndər tərəfindən əsası qoyulan siyasətin uğurları göz önündə canlanır:

- 2009-cu ildən bu günədək 993 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 956-sı İslam, 37-si isə qeyri-İslam (xristian - 26; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür. Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəaliyyət göstərir. Ölkə ərazisində 2253 məscid mövcuddur, habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə ümumilikdə, 748 pir və ziyarətgah müəyyən edilib.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Məscidlərin 65-i tamamilə, 2-si isə qismən düşmən tərəfindən dağıdılaraq yararsız hala salınıb.

Azərbaycan dünyəvi və çoxkonfessiyalı dövlətdir. İslam dini ölkəmizdə tarixi - mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilir. Əsrlər boyu müxtəlif xalqların, dini konfessiyaların təmsilçiləri Azərbaycanda dinc yanaşı və əmin - amanlıqda yaşamışlar. Ulu öndər Heydər Əliyev deyirdi: "Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır".

Azərbaycan Respublikası hər zaman fərqli dinlərin qardaşlıq zəminində yaşadığı ərazi olub. Təbii ki, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XX əsrin sonunda Azərbaycanda bütün dinlərin nümayəndələrinin sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması məhz ulu öndər əməyinin nəticəsi idi. Belə ki, Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər olması Azərbaycandakı tolerantlığın bariz sübutu idi. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabər status daşıyır, ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, digər dini icmalara da xüsusi qayğı göstərilirdi. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav Kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, II Aleksey bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdi. Açılış mərasimində ümummilli lider Heydər Əliyev də iştirak etmişdir. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunmuşdu.

Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss etmişdir. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verilmiş və bu bina kiçik kilsəyə çevrilmişdi. Hazırda respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilir ki, xarici görkəminə görə kilsə əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub. Məhz ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılmışdı, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabını hazırlamışdır. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikamıza etdiyi tarixi səfər də xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapmışlar.

Ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Qədim tarixə və zəngin ənənələrə malik xalqımızın xarakterik keyfiyyəti olan multikulturalizmin və tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış və bu sahə dövlətin qayğısı ilə əhatə olunmuşdur. Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını ortaya qoymaqla respublikamızda tolerantlıq və multikulturalizmin sürətlə inkişaf etməsinə geniş şərait yaratdı. Heydər Əliyev Azərbaycanda yaşayan milli azlıqlarla görüşü zamanı demişdir ki, "mən milli azlıqlarla yox, Azərbaycan xalqı ilə görüş keçirirəm".

Ümummilli lider 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının birinci qurultayında azərbaycançılığın mahiyyətini belə ifadə etmişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Ulu öndər öz çıxışlarında həmişə Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür... Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bir çağırışı ilə silaha sarılan, Vətən uğrunda canından keçən igidlərimiz bütün dünyaya nümunə oldular. Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda "dəmir yumruq" kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız bir daha əyani şəkildə özünü göstərdi. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində Prezidentimizin "Mən hər bir azərbaycanlının Prezidentiyəm", "Biz birlikdə güclüyük" və "Qarabağ Azərbaycandır" şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi ki, belə də oldu. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.

Bütün bu tolerantlıq ənənələrinin dünyada təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən, xeyirxah əməlləri ilə əsl bəşəri dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun rolu olduqca böyükdür. Azərbaycan multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilmişdir. Əsrlər boyu iki dünyanın Avropa və Asiyanın təkcə coğrafi deyil, həm də mədəni baxımdan sərhədi sayılan Azərbaycanda multikultural dəyərlərin qorunub saxlanılmasına xidmət edən siyasi kurs yuxarıda qeyd etdiyimiz kimi, uğurla aparılır. Bu kursun uğurla davam etdirilməsində Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasında, qorunub saxlanmasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Fond olduqca əhəmiyyətli, möhtəşəm proqramlar həyata keçirir. Bu proqramlar Azərbaycan multikulturalizminin yalnız ölkə daxilində deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Bu, ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfəsini verməkdədir. Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyev istər ölkə hüdudlarından kənarda, istərsə də ölkə ictimaiyyətinin qarşısında çıxış edərkən deyir: "Multikulturalizm ölkəmizdə hər bir insanın həyat tərzinə çevrilmişdir".

2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışması, milli birliyimizə sədaqətlə xidmət göstərməsidir. Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Azər BADAMOV,

Milli Məclisin deputatı.