Elçin gəldim bu dünyaya...
Sosial həyat

Elçin gəldim bu dünyaya...

Şəhid Elçin Hüseynovun anası Mətanət xanımla Sumqayıtın Şəhidlər xiyabanında görüşdük. Mətanət xanımla məzarların arası ilə getdikcə şəhid qəbirlərin üzərindəki şəkillərə baxır, ad, soyad, doğum və ölüm tarixlərini izləyirdim. Məzarlar çox idi. Qara mərmərdən düzəldilmiş məzarlar sıra-sıra düzülmüşdü.

1992-ci ildə bu ərazidə ilk sumqayıtlı şəhid basdırılıb. Və sonradan hər il bu xiyabanda onlarla şəhidimiz torpağa tapşırılıb (xiyabanda 513 şəhid qəbri və 144 nəfərin adı düşmüş itkinlər lövhəsi var). Axırıncı qəbirlər sırası II Qarabağ müharibəsində şəhid olanlarınkı idi. Elçinin də məzarı burada, 44 günlük müharibə zamanı həlak olmuş 105 sumqayıtlı şəhidin basdırıldığı sırada idi.

Elçinin məzarına yaxınlaşan kimi ana qəbir daşına sanki oğlunu qucaqlayırmış kimi sarındı. Mən anaya mane olmamaq üçün sakitcə dayanıb, məzara baxırdım. Məzarın üzərindəki şəkildən Elçin mətin sima ilə ətrafı seyr edirdi. Çox aydın gözləri var idi. Elə bil bu gözlərdə bir arxayınlıq sezilirdi. Sanki Elçin öz gələcəyini, ona verilmiş böyük missiyanı, yəni Vətən torpaqlarını azad edib, şəhid olacağını əvvəldən bilirdi. Ana bir qədər övladını oxşayandan sonra dikəldi və dua oxuyub salavat çəkdi. Dedi kaş övladım yaralanıb qayıdardı müharibədən, siz də hospitalda ondan müsahibə götürərdiniz, elə orada tanış olardıq. Qoy Elçinin ya bir qolu, ya ayağı kəsilərdi, qoy lap kor olardı, amma mənim yanımda olardı. Təkcə nəfəsini duysaydım mənə kifayət idi. Mən ona qulluq edib, başına pərvanə tək fırlanardım. Heç azca da olsun yorulmazdım, təki balam olaydı yanımda. Bunu dedikcə ana gözlərini çəkmədən övladının məzardakı şəklinə baxırdı. Mətanət xanım ağlamağını boğub hıçqırmamağa çalışırdı, ancaq gözündən yaş elə süzülürdü. Birdən başını qaldırdı və əli ilə gözünün yaşını sildi. Qürurla dayanıb dedi: - Elçin yaxşı övlad, igid əsgər idi. Mən övladımla fəxr edirəm. O, canını Vətən uğrunda fəda verib şəhidlik zirvəsini fəth etdi. Azərbaycan xalqı daim onun ruhuna rəhmət deyəcək.

Sonra Mətanət ana sözünə belə davam etdi, mənim iki oğul övladım olub. Böyük oğlum Elçin Zamin oğlu Hüseynov 1992-ci ilin 6 sentyabrında Bakı şəhərində doğulub. Elçinin 3 yaşı olanda ailəmiz Sumqayıt şəhərinə köçdü. 1999-cu ildə birinci sinfə gedən Elçin 2009-cu ildə orta təhsilini bitirərək, Sumqayıt Texniki Kollecin Gömrük İşi fakültəsinə qəbul olur. 2012-ci ildə kollecdə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Onu da deyim ki, Elçin əsgərliyə kiçik qardaşı Natiqlə bir yerdə gedir və onlar eyni taqımda xidmət edirlər.

Kiçik yaşlarından çox vətənpərvər və igid uşaq olub Elçin. Gülərüz və zarafatcıl olsa da Vətən adı gələndə dərhal ciddiləşərdi. Heç kimdən çəkinmədən sözün düzünü deyər, haqqı, ədaləti hər şeydən üstün tutardı. Hər zaman elinə, bayrağına olan sevgisini büruzə verərdi. Xüsusilə bu qaçqın-köçkün söhbətini heç qəbul edə bilmirdi. Televiziya kanallarında Xocalı faciəsini göstərəndə və ya şəhidlər haqqında veriliş verəndə Elçin özünə yer tapmırdı. Bununla bağlı hisslərini heç cilovlaya bilmirdi.

Düşmən öldürdüyü, əsirlikdə incitdiyi hər azərbaycanlıya görə cavab verib, cəzasını alacaq. Biz düşmən tapdağı altında qalan bütün torpaqlarımızı azad edəcək, şəhidlərimizin qisasını alacağıq, deyirdi Elçin. O, bu sözləri elə rahat bir əminliklə söyləyirdi ki, hamı bu gəncin əqidəsinə, inamına heyran qalırdı. Ən çox da Mübariz İbrahimovun göstərdiyi şücaətdən sonra Elçinin vətənə olan sevgisi birə min artdı.

Elə ona görə də o, 2014-cü ildə həqiqi əsgərlik müddətini bitirməyinə baxmayaraq, bir neçə aydan sonra yenidən hərbiyə qayıtdı. Müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Bakı korpusunun "N" saylı hərbi hissəsində xidmətini davam etdirir. O, 2015-ci ildə snayperlər kurslarını keçəndən sonra komandanlığa onun cəbhə bölgəsinə göndərilməsi haqda raportla müraciət edir. Elçin hələ həqiqi hərbi qulluq keçərkən bir neçə dəfə Mübariz postunu azad etmək məqsədilə komandanlığa müraciət etmişdi ki, onu cəbhə bölgəsinə göndərsinlər. Lakin o zaman ona imtina edilmişdi. Lakin Elçin öz amalından əl çəkmədi və nəhayət, 2016-cı ildə komandanlıq onu ön cəbhəyə, Bərdə korpusuna göndərir. XTQ-də (Xüsusi Təyinatlı Qüvvələr) kəşfiyyatçı-snayper kimi xidmət etməyə başlayır.

Hələ II Qarabağ müharibəsinə qədər də Elçin döyüş əməliyyatlarında iştirak etmişdir. O, diversiya qruplarının tərkibində dəfələrlə düşmən arxasına keçmiş, ermənilərin postlarına hücum edərək onların çoxsaylı canlı qüvvəsini qırmışdır. Elçin 2016-cı ilin aprel və 2020-ci ilin iyununda Tovuz döyüşlərində də iştirak etmişdir. Bu döyüşlər zamanı o, böyük şücaətlər göstərmiş, sözün əsl mənasında ermənilərin qəniminə çevrilmişdi. Sərrast atıcı və hədsiz igidliyinə görə komandirləri və əsgər yoldaşları ona "Şahin gözlü" və "Canavar" deyə müraciət edirdilər.

Mən bilirdim ki, o çox təhlükələrlə üzləşir və bir ana kimi onu bu yoldan çəkindirməyə çalışırdım. Elçin bütün bu cəhdlərimin qarşılığında mənə elə sözlər deyirdi ki, açığı çarəsiz qalırdım. Deyirdi, ana sən bu torpağın ən böyük vətənpərvərisən, 20 il hərbi hospitalda işləyib əsgərlərimizin müalicəsində iştirak etmisən (ancaq öz övladıma heç nə ilə əlac edə bilmədim). Mən səndən öyrənmişəm bu vətənpərvərliyi.

Nəhayət, Elçin 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ savaşının ilk günündən, ən öndə gedən bölmələrin tərkibində döyüşlərdə iştirak edir. Azərbaycan Ordusu ildırım sürətiylə irəliləyir. Bir həftə ərzində böyük ərazilər düşməndən təmizlənir. Oktyabr ayının əvvəllərində ordumuz Suqovuşana yaxınlaşır və burada çox qızğın döyüşlər başlayır. Oktyabrın 2-də Elçinin taboru erməni pusqusuna düşür. Mürəkkəb təbii landşafta malik olan bu ərazidə pusquya düşmək çox asan idi. Ancaq əsgərlərimiz özünü itirmir, düşmənə layiqli cavab verir və onları qaçmağa məcbur edirlər. Özü də boğazından yaralanır, amma komandirinin əmrinə baxmayaraq döyüşdən çıxmır. Onu bu məqamda heç kim saxlaya bilməzdi (döyüşdən sağ çıxan əsgər dostları sonradan Elçinin aslan kimi vuruşduğunu söyləyirdilər). O, öləcəyini hiss edirmiş kimi, daha çox erməni öldürmək istəyirdi. Lakin boğazından axan qan onu zəiflədir. O, əynindəki dəmir gödəkcəni çıxarıb səliqə ilə yanına qoyur. Üstündəki Azərbaycan bayrağını geyimi altında gizlədir ki, düşmən əlinə keçməsin. Son gücünü toplayıb tüfəngini qaldıraraq atəş açmağa çalışır, ancaq bu vaxt onu düşmən gülləsi haqlayır və Elçin öz missiyasını tam yerinə yetirərək şəhadətə qovuşur. Elçin həmişə ana deyərdi. Mənim həyatda bir amalım var, o da torpaqlarımızı düşməndən azad edib, qaçqın-köçkünləri öz yurd-obalarına qaytarmaqdır. Elə ona görə mənim adımı kim qoyubsa çox düz qoyub. Mən elçin doğulub, elçin də öləcəyəm.

Söhrab SƏFİYEV,

"Respublika" .