Ötən ay Hərbi Prokurorluq  orqanlarının fəaliyyəti uğurlu olmuşdur
Digər xəbərlər

Ötən ay Hərbi Prokurorluq  orqanlarının fəaliyyəti uğurlu olmuşdur

Dövlətimizin gündən-günə qüdrətlənməsi təbii olaraq prokurorluq orqanlarında da uğurlara zəmin yaratmışdır ki, bu da fəaliyyətin səmərəliliyini şərtləndirmişdir.

Hərbi Prokurorluqdan verilən məlumata görə, əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ilin ilk ayı da prokurorluğun, o cümlədən hərbi prokurorluğun nailiyyətləri ilə səciyyələnmişdir. Belə ki, qanunvericiliyin tələblərindən, eləcə də dövlət başçısının göstərişlərindən və tövsiyələrindən irəli gələn vəzifələr peşəkarlıqla yerinə yetirilmiş, fəaliyyət istiqamətləri üzrə işin effektivliyinin və keyfiyyətinin yüksəldilməsi təmin edilmişdir.   

Ötən ay Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmuşdur. Belə ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm işlər görülmüşdür.

Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, aparılan səriştəli istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində 2023-cü ilin yanvar ayında qeydə alınmış cinayətlərin 100 faizi açılmışdır.

2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 22,2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 51,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz və ölümlə nəticələnən özünü öldürmə həddinə çatdırma cinayətləri 33,3 faiz azalmışdır.

Əminik ki, cari ilin növbəti aylarında da bu müsbət tendensiyanın davamlılığı təmin ediləcək.

"Respublika".