Ordu quruculuğunda Ulu Öndərin rolu 1992-ci il avqustun 18-də Naxçıvandan keçmiş sovet qoşunlarının çıxarılması ilə bu prosesin əsası qoyulub
Digər xəbərlər

Ordu quruculuğunda Ulu Öndərin rolu 1992-ci il avqustun 18-də Naxçıvandan keçmiş sovet qoşunlarının çıxarılması ilə bu prosesin əsası qoyulub

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz zəfər şanlı tariximizə qızıl hərflərlə həkk olunmaqla yanaşı, Azərbaycanın gücünü bir daha bütün dünyaya göstərdi. Bu zəfər təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi dövründə güclənən Azərbaycan Ordusunun istənilən təhdidin qarşısını dərhal almağa qadir olduğunu təsdiqlədi. Müstəqillik tariximizdə ordu quruculuğu istiqamətində çox uğurlu addımlar atılmışdır. Belə ki, Ulu öndər Heydər Əliyevin tələbi ilə 1992-ci il avqustun 18-də Naxçıvan Muxtar Respublikasından keçmiş sovet qoşunlarının çıxarılması ölkəmizdə həyata keçirilən ordu quruculuğunun şanlı səhifələrindən biri kimi qiymətləndirilir. Məhz bu gün həmin tarixdən 31 il ötür.

Hələ 1990-cı ildə Heydər Əliyevin Naxçıvana qayıdışı respublikamızda baş qaldırmış müstəqillik mübarizəsinin daha da vüsət almasına və bütün siyasi proseslərin tamamilə yeni mərhələyə qədəm qoymasına gətirib çıxardı. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvanda qətiyyətli addımların atılması, eləcə də sovet atributlarından imtina edilməsi mühüm hadisə idi. Bundan başqa, ilk dəfə üçrəngli bayrağımızın dövlət bayrağı elan olunması, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi, həmçinin keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun muxtar respublikada boykot edilməsi Azərbaycan xalqının öz istiqlalı uğrunda mübarizəsini gücləndirməsində mühüm rol oynadı. Bu isə ölkəmizi əbədi müstəqilliyə qovuşdurdu. Ulu öndərin Naxçıvana qayıdışı, həm də bu diyarı erməni işğalından qorudu. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda separatçılıq fəaliyyətini gücləndirən ermənilərin o zaman hədəflərindən biri də Naxçıvan idi. Bu dövrdə ölkə rəhbərliyinin səriştəsiz fəaliyyəti isə xain hayların işğalçılıq planlarının daha da güclənməsinə şərait yaradırdı. Mürəkkəb şəraitdə taleyin ümidinə buraxılmış Naxçıvanı 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsindən sonra həyata keçirilən müdafiə tədbirləri, Milli Müdafiə Komitəsinin yaradılması ilə muxtar respublikanı hərbi təcavüzdən xilas etmək mümkün oldu. Ulu öndərin ordu quruculuğu istiqamətində atdığı məqsədyönlü addımlar blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla yanaşı, müstəqil Azərbaycanda milli ordu quruculuğu prosesinin başlanğıcını qoydu.

Ümummilli liderin qarşıya qoyduğu əsas vəzifələrdən biri də ordu quruculuğunun həyata keçirilməsi, torpaqlarımızın müdafiəsinin təşkil olunması idi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində hakimiyyət dairələrinin buraxdıqları kobud səhvlər vahid komandanlığa əsaslanan ordunun yaradılmasına əngəl törətdi. Çünki silahlı dəstələr əsasən ayrı-ayrı şəxslər və ya siyasi qruplarla əlbir idi. Bunun da çox acı nəticələri oldu. Naxçıvandakı vəziyyət isə digərlərindən tamamilə fərqlənirdi. Çünki burada həyata keçirilən ordu quruculuğu prosesinə rəhbərliyində görkəmli və təcrübəli dövlət xadimi, böyük sərkərdə Heydər Əliyev dururdu.

Ulu öndərin xalqa ən böyük xidmətlərindən biri də məhz keçmiş sovet ordusunun hərbi birləşməsinin Naxçıvandan çıxarılmasına nail olması idi. Belə ki, 1992-ci ilin yay aylarında Heydər Əliyevin Rusiyanın Zaqafqaziya Sərhəd Dairəsinin Naxçıvandakı hərbi hissələrinin komandanlıqları ilə apardığı danışıqlar nəticəsində 75-ci motoatıcı diviziya ləğv edildi. Diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycana verilməsi haqqında razılıq əldə olundu. Danışıqlar çərçivəsində muxtar respublikanın rəhbəri dövlətimizin artıq tam müstəqil dövlət olduğunu və dünya ölkələri tərəfindən tanındığını bəyan etdi. Heydər Əliyev həmçinin Azərbaycanın, onun tərkib hissəsi olan Naxçıvanın ərazisində başqa dövlətin hərbi hissələrinin qalmasının qeyri-mümkünlüyünü qətiyyətlə bildirdi. Həmin il iyulun 25-də Naxçıvan Ali Məclisinin Rəyasət Heyətinin iclasında muxtar respublikanın Dövlət Müdafiə Komitəsinin yenidən təşkil edilməsi və onun əsasında Azərbaycan Müdafiə Nazirliyinin tərkibində müvafiq hərbi birliyin yaradılması qərara alındı. İyulun 22-dən etibarən 75-ci diviziyanın bütün əmlakının, texnikasının, silah və sursatının Azərbaycan Ordusuna təhvil verilməsinə başlanıldı. Bu proses isə avqust ayının 15-də yekunlaşdı. Beləliklə, 1992-ci il avqustun 18-də keçmiş sovet ordusunun 75-ci diviziyasının şəxsi heyətinin son dəstəsi Naxçıvanı tərk etdi. Bu hadisədən bir müddət sonra isə keçmiş sovet dövlətinin 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi. Bununla Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda 5-ci Əlahiddə Motoatıcı Briqadası yaradıldı.

Qeyd edək ki, XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Naxçıvan Rusiya ilə İran arasında toqquşmaların baş tutduğu əraziyə çevrilmişdi. Məhz o zamandan bəri Naxçıvanda xarici dövlətin hərbi birləşmələri fəaliyyət göstərirdi. Tarixi Azərbaycan torpağı olan Naxçıvanda bu cür hərbi fəaliyyətə birdəfəlik son qoyuldu. Naxçıvanda həyata keçirilən ordu quruculuğu Ermənistanın bu istiqamətdəki işğalçılıq planlarını da iflasa uğratdı.

Son 20 ildə Naxçıvanın müdafiəsi daha da gücləndirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl ordu quruculuğu prosesi nəticəsində hərbi qüvvələrimizin maddi-texniki təminatı möhkəmləndirilib, döyüş hazırlığı ən müasir səviyyəyə çatdırılıb. 44 günlük Vətən müharibəsində də qələbəmizin təmin olunmasında bütün bunların böyük rolu olub. İkinci Qarabağ müharibəsindən sonra da silahlı qüvvələrimizin strukturuna daxil olan bütün qoşunların döyüş imkanları artırılır. Bu isə deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının, o cümlədən Azərbaycanın etibarlı hərbi müdafiəsi layiqincə təmin edilir.

Nəzrin ELDARQIZI,

"Respublika".