Ölkəmizin gələcəyi möhkəm və etibarlı əllərdədir
Digər xəbərlər

Ölkəmizin gələcəyi möhkəm və etibarlı əllərdədir

Bu tarix təkcə Azərbaycan gənclərinin, qalib Azərbaycan əsgərinin bayram günü deyil, bu gün həm də bütövlükdə cəmiyyətimizin gələcəyimizə inam və güvənc günüdür.

Artıq Gənclər Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Gənclərimizin builki bayramı həm də ona görə əlamətdardır ki, ölkəmizdə 2023-cü il "Heydər Əliyev İli"dir. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı sərəncama əsasən, 2 Fevral - Azərbaycan Gəncləri Günü kimi təntənəli şəkildə qeyd olunur. Ölkəmizdə Gənclər Gününün təsis edilməsindən təxminən 2 il sonra isə BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilmişdir. Bu tarixlərin müqayisəsi onu göstərir ki, Azərbaycanda Gənclər Günü dünya miqyasında gənclər gününün qeyd edilməsindən əvvəl təsis edilmişdir.

Əlbəttə, əgər biz gələcəyimizin etibarlı əllərdə olmağının strateji əhəmiyyətindən danışsaq belə tarixi günlərin nə qədər önəmli olmasının fərqinə vararıq. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu üçün bu günü ictimai-siyasi və dünyəvi əhəmiyyətinə görə müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin və inkişafının ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirmək olar. Çünki Heydər Əliyev ölkəmizin gələcəyinin möhkəm və etibarlı əllərdə olmasını daim bir strateji xətt kimi diqqətdə saxlayırdı. O, həm də ölkəmizdə gənclərin ictimai-siyasi, mədəni, elmi, intellektual, dünyəvi bilik və bacarıqlarının daim inkişaf etdirilməsini tövsiyə edirdi.

2 Fevral - Gənclər Gününün təsis edildiyi dövrdə müasir müstəqil Azərbaycan dövlətinin sağlam və güclü gələcəyinin təmin edilməsi istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər Heydər Əliyevin gənclərə olan qayğısının və onlara olan inamın təcəssümü idi. Təsadüfi deyil ki, Milli Olimpiya Komitəsinin yaradılması, ölkəmizin Prezidenti İlham Əliyevin o zamanlar Komitəyə rəhbərlik etməsi, onun bu sahədəki fəaliyyəti nəticəsində idmançılarımız ölkəmizdə və dünyada idmanın müxtəlif növləri üzrə böyük nailiyyətlər qazandılar.

Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral 2021-ci ildə Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı.

Ölkəmizdə gənclərimizin ən böyük himayədarı məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Nurlan ABDALOV,

"Respublika".