Ordumuz gücü və peşəkarlığı ilə seçilirdi
Digər xəbərlər

Ordumuz gücü və peşəkarlığı ilə seçilirdi

Silahlı Qüvvələrimizin döyüş rəşadəti düşmənin tezliklə məğlub olacağını təsdiqləyirdi

Prezident, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq səviyyəli görüşlərdə münaqişənin sülh yolu ilə həllinə dair təkliflərinə baxmayaraq, Ermənistan rəhbərliyi faşist siyasətindən əl çəkmirdi. Hələ bu azmış kimi düşmən hərbi cinayət nəticəsində zəbt etdiyi və 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı, bütün yaşayış və inzibati binaları, tarixi və dini abidələrimizi darmadağın edirdi. Azərbaycanın sülhsevər siyasətinə məhəl qoymayaraq nəzarətində saxladığı əbədi yurd yerlərimizdə cinayətkar əməllərlə məşğul olurdular. Danılmaz faktdır ki, Ermənistan işğal dönəmində Qarabağ və ətraf rayonlarda qeyri-qanuni fəaliyyətlə məşğul olub, həmin ərazilərdə narkotik maddələr əkilib-becərilib, xüsusi laboratoriyalarda emal edilib və müxtəlif ölkələrə satılıb. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qurumlar qarşısında məsələ qaldırsa da heç bir nəticəsi olmayıb. Cinayətkar havadarlarına arxalanan Ermənistan daha da azğınlaşaraq regionda faşist siyasətini genişləndirməyə çalışırdı.

Dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qərarları da bu ölkə üçün heç bir təsir qüvvəsinə malik deyildi. Beləliklə də dünyada ikili standartların hökm sürdüyü bir vaxtda Azərbaycan ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatı keçirməyə məcbur oldu. Tarixdə İkinci Qarabağ müharibəsi başlayanda mən də könüllü olaraq orduya yazıldım.

Sentyabrın 27-də səhər saat 6-da Murovda əks-hücuma başladıq. Döyüşçü  yoldaşlarım sevinirdi,  çünki qalib olacağımıza tam əmin idik. Bütün xalqımız da qələbə istəyi ilə mübarizə qoşulmuşdu. Dövlət başçımızın bütün çıxışları və müsahibələri Zəfər gününü bizə daha da yaxınlaşdırırdı. Bu səbəbdən də hər bir əsgər xalqımızın yekdil birliyinə arxalanaraq Ali Baş Komandanın bütün göstərişlərinə döyüş rəşadəti ilə əməl etməyə çalışır və döyüşə qələbə əzmi ilə gedirdi. Çünki biz bilirdik ki, əzəli torpaqlarımızı nə vaxt olsa da azad etməliyik. Hətta göstəriş verilmişdi ki, kimin səhhətində problem varsa, döyüşə getməyə bilər. Amma heç kim bu təkliflə razılaşmırdı, hamı döyüşə getmək istəyirdi. Suqovuşandan başlayaraq Talış kəndi istiqamətində xeyli ağır döyüşlərdə iştirak etdik. İmkan olan kimi müharibənin gedişatı ilə bağlı rəsmi məlumatlara qulaq asır və son dərəcə sevinirdik. Qısa vaxt ərzində Suqovuşanın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və Şuşanın azad edilməsi ordumuzun rəşadətini və düşmənin zəif olduğunu əyani surətdə təsdiqlədi. Ermənistanın kapitulyasiya aktını tələsik imzalaması isə erməni ordusunun gücü barədə mifi darmadağın etdi.

Döyüşdə olan hər bir əsgər qələbə gününü səbirsizliklə gözləyirdi. Çünki Ali Baş Komandanın rəhbərlik etdiyi ordu ilə xalqımızın sıx birliyi və gücü düşmənin tezliklə məğlub olacağını göstərirdi. Şükür ki, bu şərəfli günləri görmək mənə də qismət oldu. Çünki 44 günlük müharibənin hər anı tarix idi.

Müharibə gedən anlarda xalqımızın Prezident İlham Əliyevin ətrafında son dərəcə sıx birliyini hiss etmək üçün sadəcə döyüş bölgəsində olmaq kifayət edirdi və bütün əsgər yoldaşlarım bundan qürur duyurdu. Çünki xalqın orduya son dərəcə böyük inamı və yüksək dəstəyi var idi. Qələbənin qazanılmasında bu amil böyük rol oynadı. Ordumuz qüdrətini göstərdi.

İştirak etdiyimiz bütün döyüşlərdə igid əsgərlərimiz var-qüvvəsi ilə vuruşurdu. O ağır döyüşlərdə əsgərlər arasında yaranan dostluğumuz durmadan möhkəmlənirdi. Ordumuz isə döyüş rəşadəti ilə düşməni məhv etməklə dünyanın müasir hərb tarixinə xüsusi töhfələrini bəxş edirdi.

İndi keçmiş döyüş yoldaşları ilə mütəmadi görüşürük. Mənə yaş fərqinə görə dayı deyirdilər. Əsgərləri oğlum qədər sevirdim. İmkan olan kimi şəhid əsgərlərimizin məzarlarını ziyarət edər, ailələrinə mənəvi dayaq olmağa çalışır, vəziyyətləri ilə maraqlanır, döyüş təəssüratlarımızı bölüşürük.

Qüdrətli ordumuz bir sutkadan az davam edən antiterror əməliyyatı ilə Qarabağda separatçıları birdəfəlik ləğv etdi və onların bir qrup cinayətkar rəhbəri həbs olunaraq Bakıya təcridxanaya gətirildi. İndi onlar xalqımıza və dünyada sülhə qarşı törətdiyi cinayətkar əməllərinə görə qanun qarşısında cavab verirlər. Budur ordumuzun gücü və qüdrəti.

Əkrəm BABAYEV,

 müharibə veteranı.