Oğru elə bağırdı ki, ...
Siyasət

Oğru elə bağırdı ki, ...

Fevralın 1-də Ermənistan Roma Statutunu ratifikasiya edərək Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olub. Rəsmi İrəvanın bu addımı Rusiya, o cümlədən Azərbaycan ilə münasibətlərinə öz mənfi təsirini göstərəcək.

Çünki bununla Paşinyan hakimiyyəti əsassız iddialarını, saxta məlumatlarını müxtəlif platformalardan dünya ictimaiyyətinə çatdırmaq məqsədi güdür. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevralın 8-də ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması ilə əlaqədar keçirilən tədbir zamanı söylədikləri də bunu bir daha təsdiqləyir.

Mirzoyan bildirib ki, Roma Statutu regionda sabitliyin və sülhün təminatına, qanunların pozulmasının qarşısını almağa kömək edə bilər. Ermənistan həmişə beynəlxalq səviyyədə insanlıq əleyhinə cinayətlərin qarşısının alınması və pislənməsi proseslərinin fəal iştirakçısı və təşəbbüskarı olub. Bu yerdə deyirlər ki, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Əksinə, Ermənistan ölkəmizə qarşı beynəlxalq hüququn normalarına zidd əməllər, soyqırımları törədib. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, viran qoyan, buradakı müqəddəs yerlərimizi təhqir edən İrəvanın xarici işlər nazirinin bu cür danışması həqiqətən gülüncdür. Beynəlxalq Cinayət Məhkəməsinin Ermənistanın iç üzünü bildiyi halda onu üzvlüyə qəbul etməsi qurumun fəaliyyətindəki selektiv yanaşmadan xəbər verir.

Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu mülki şəxslərə qarşı törədilmiş cinayətlərin araşdırılması üçün beynəlxalq cəza hüququ tətbiq edir. Belə olduğu təqdirdə isə Xocalı faciəsi kimi qətliamların günahkarı olan Ermənistan dövlətinin məsuliyyətə cəlb olunması lazım idi. Üstəlik, İrəvanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri sadəcə bunlarla da bitmir. Hayastan gücdən istifadə etmək qadağasını pozaraq 30 il ərzində ölkəmizin torpaqlarını işğal altında saxlayıb. Halbuki qanunla heç bir dövlət güc yolu ilə başqa bir dövlətin ərazisini işğal edə bilməz. Bu qadağa BMT-nin Nizamnaməsində də öz əksini tapıb. Bununla yanaşı, mənfur haylar işğal müddətində Qarabağın demoqrafik quruluşunu da dəyişdirdilər. Düşmən ölkənin azərbaycanlı əhalini yurd yerlərindən didərgin salması beynəlxalq məsuliyyətdir. Buna görə də BCM Ermənistan dövlətini və bu prosesdə iştirak edən hərbçi və digər şəxsləri beynəlxalq cinayət məsuliyyətinə cəlb etməlidir. Görünür, qurumlar hər zamankı kimi işğalçı ilə işğala məruz qalan dövləti seçməkdə çətinlik çəkirlər.

Yeri gəlmişkən, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyü Rusiya ilə korlanmış münasibətləri daha bərbad hala gətirəcək. Çünki Paşinyan hakimiyyəti bu addımı atmaqla bir daha Qərbə meyil etdiyini, onun marionetinə çevrildiyini təsdiqlədi. Eyni zamanda Ermənistan mətbuatında Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfər etdiyi təqdirdə onun həbs olunacağı barədə də məlumatlar yayılıb. Məlum olduğu kimi, Beynalxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsi ilə bağlı qərarı var. Haaqa tribunalının bu qərarı isə Rusiya Prezidentinin Ukraynada apardığı müharibə ilə əlaqədardır. Moskva Beynəlxalq Cinayət Məhkəməsinin həmin qərarı çıxaran hakim və prokurorları barədə cinayət işi başladaraq onları axtarışa vermişdi. Bu gün Ermənistan hakimiyyəti etiraf etməsə də, qurumun bu qərarından öz maraqlarına uyğun istifadə edir. Ermənistan baş naziri yaxşı bilir ki, Rusiya Prezidentinin İrəvana səfəri baş tutsa, 5-ci kolon aktivləşə və hakimiyyətdə ciddi problemlər yarana bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".