Beynəlxalq aləmdə özünü gözdən salan “müsyö”
Siyasət

Beynəlxalq aləmdə özünü gözdən salan “müsyö”

Biz İkinci Qarabağ müharibəsində sadəcə Ermənistana deyil, onun havadarlarına da qalib gəldik.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, ölkədə sülh və sabitliyin bərqərar edilməsi Ermənistan və onların təəssübkeşlərini ciddi şəkildə narahat etdi. Azərbaycanın Qarabağda antiterror tədbirləri nəticəsində bütün qanunsuz erməni hərbi birləşmələri zərərsizləşdirməsi dünyadakı ermənipərəstləri qıcıqlandırdı. Onlar dövlətimizin Qarabağ üzərində sülh və sabitliyi bərqərar etməsini həzm edə bilmir.

Xüsusilə Fransa bu barədə daha çox "narahatdır". Fransa prezidenti Emmanuel Makron yerli televiziyalara müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirərək "erməni sevgisi"ni hər dəfə nümayiş etdirir. Davamlı şəkildə ermənipərəst mövqeyi ilə işğalçı Ermənistana hərtərəfli dəstək verən Makron növbəti dəfə yalan danışır. Fransa liderinin Ermənistanın qeyri-qanuni iddialarını dəstəkləmək üçün hər şeyə hazır olması, hətta yalan danışmağı özünə rəva bilməsi onun məkrli siyasətindən xəbər verir. Bir sözlə, Fransa açıq şəkildə Azərbaycan əleyhinə mövqe tutduğunu nümayiş etdirir.

Qeyd edək ki, cari il aprelin 16-da Makron Fransanın Azərbaycandakı səfirini rəsmi Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırdı. Bu addım təzyiq üsullarından biri kimi dəyərləndirilir. Çünki rəsmi Paris dəfələrlə Azərbaycana müxtəlif yollarla təzyiq göstərməyə çalışıb. Lakin digər planları kimi, Makronun ölkəmizə qarşı bu hiyləsi də baş tutmadı və səfirliyin fəaliyyətini yenidən bərpa etməli oldu. Belə ki, Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir. Nüfuzuna zərbə vuran və beynəlxalq aləmdə özünü bir daha gözdən salan Fransa prezidenti bu qədər yanlış siyasət yürütməsi ilə tarixə düşəcək. Ümumiyyətlə, Fransa gərəksiz müdaxilələr etməsə, Azərbaycan və Ermənistan sülhün imzalanmasında irəliləyiş əldə edə bilər. Sərhədlərindən çox uzaqda yerləşən ərazilərə müstəmləkəçilik iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə bu siyasətdən əl çəkmək istəmir. Qoşulmama Hərəkatı isə Azərbaycanın rəhbərliyi ilə Fransanın bu çirkin siyasətinə qarşı güclü müqavimət nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlərin görüşündə deyib: "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır".

Qeyd edək ki, Makronun səfirini geri çağırması, eyni zamanda onun məğlub olması kimi də başa düşülür. Fransanın Cənubi Qafqaz arzusu ona baha başa gələcək. Bu ölkənin Cənubi Qafqazda söz sahibi olmaq xəyalları getdikcə müşkülə çevrilir. O, regionumuzu müstəmləkəyə çevirdiyi Afrika ilə səhv salıb. Sözsüz ki, fransız səfirin dönüşü geciksəydi, Azərbaycan da layiqli şəkildə cavab verəcəkdi. Bütün bunlar onu göstərir ki, rəsmi Paris Azərbaycan qarşısında gücsüzdür və ölkəmizin beynəlxalq hüquq normaları çərçivəsində haqlı mövqedə olduğunu dərk edir. Fransa öz mövqeyindən geri çəkilməyə məcburdur.

Makron hakimiyyəti birdəfəlik başa düşməlidir ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyması məqsədilə həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır. Fransanın bölgədə qarışıqlıq yaratmaq səyləri heç bir nəticə verməyəcək. Onsuz da Ermənistanın qurtuluş yolu Azərbaycanla normal münasibətlər qurmaqdır. Nə Ermənistan, nə də Fransa Azərbaycana heç bir formada təzyiq göstərə bilməz. Hər kəs bu reallığı qəbul etməlidir ki, 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyuldu və bununla da Cənubi Qafqazda yeni reallıq yarandı. Bu yeni mənzərənin iki özəlliyi vardır: birincisi, regional və beynəlxalq miqyasda əməkdaşlıq üçün daha uyğun şərait yaranıb, ikincisi, Azərbaycan bundan sonra da regionun lideri olaraq qalacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".