Vətənini zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət
Digər xəbərlər

Vətənini zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət

Bu gün Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır. Müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini müqayisəli təhlil etdikdə bu yolun heç də hamar olmadığını, böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldığını görürük. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etsə də bu sevinci yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşadı. Müstəqilliyimizin ilk illəri ən faciəli səhifələr kimi tariximizə yazılıb. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin həyata keçirdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratdı, dövlət müstəqilliyimizin taleyi sual altına düşdü. 90-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O çətin günlərdə xalq ayağa qalxaraq xilaskarını - Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Məhz dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi.

Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq ümummilli liderin xilaskarlıq missiyası göz önünə gəlir. Bu fakt inkaredilməzdir ki, əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan, bəlkə də, oyuncaq dövlət, yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqlarına diqqəti yönəldərək belə bir çağırışı etdi ki, gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlamışıq: "Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlamışdır. Böyük investisiyalar cəlb edildi ölkəmizə. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər".

Dahi şəxsiyyət Heydər Əliyev hər bir ölkənin inkişafında sabitliyin və iqtisadi tərəqqinin əsas faktor olduğunu önə çəkdi və bu istiqamətdə mühüm addımlar atdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində atəşkəsə nail olunması ölkəmizin bütün sahələrdə uğurlu inkişafına yol açdı. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Bu müqavilə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Ulu Öndər Heydər Əliyev bildirmişdir: "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır".

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Xarici siyasətimizin prioritet məsələsi olan Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıldı. Təbii ki, münaqişənin həllində əsas amillərdən biri beynəlxalq dəstəyin qazanılması, təbliğat işinin yüksək səviyyədə qurulması, Azərbaycan həqiqətlərinin əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılması idi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi.

Digər sahələr kimi, ordu quruculuğu da Ulu Öndərin adı ilə bağlıdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə hərbi kadrların yetişdirilməsi prioritet məsələlər sırasında olmuşdur. Dahi şəxsiyyət 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ölkə başçısının 2001-ci ildə imzaladığı Fərmanla Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldi. Ümummilli Liderin Fərmanı əsasında 26 iyun tarixinin ölkəmizdə Silahlı Qüvvələr Günü kimi təsis edilməsi ordu quruculuğuna göstərilən diqqətin təsdiqidir.

Heydər Əliyev yolu daim Azərbaycana davamlı uğurlar qazandırır. 1993-cü ilin 15 iyun tarixindən bu günədək əsrə bərabər inkişaf yolu keçən, təkmil inkişaf modelini dünyaya təqdim edən Azərbaycan son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atır. Ümummilli Liderin torpaq, Vətən, xalq sevgisindən irəli gələn uğurlu siyasəti nəticəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin üzərində respublikamız davamlı inkişaf edir, sabaha doğru inamla irəliləyir. Cənab İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycanın iqtisadi imkanları daha da artdı, iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amilə çevrildi. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu prioritetliyini qorudu, torpaqlarımızı işğaldan azad etmək gücünə, qüdrətinə malik, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Milli Ordumuz formalaşdı. Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlığı, şücaəti ilə dünyanın ən yenilməz, məğrur ordusu olduğunu təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.

Ulu Öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində əksini tapan çağırışlar, inam və etimad real həyatda öz təsdiqini tapdı. Hər zaman bu fikri böyük qürurla, fəxrlə qeyd edirik ki, dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri məhz sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli Lider yetişdirməsidir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan qurdu, cənab İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ölkə Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa olundu. Cənab İlham Əliyev işğal altındakı torpaqlarımızı azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısı ötən il Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Qarabağın tacı Şuşadan xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

Artıq Azərbaycan yeni dövrə qədəm qoyub. Bu ilin fevral ayında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkiləri keçirildi. Cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi son 20 ildə görülən işlərə verilən dəyərin, dövlətimizin başçısına inamın, etimadın göstəricisi olmaqla yanaşı, Heydər Əliyev siyasətinə dəstəyin təqdimatıdır. Xalqımız bu yolun Azərbaycana möhtəşəm uğurlar qazandırdığını böyük qürur hissi ilə qeyd edir. Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qalib Prezidenti olan xalq xoşbəxtdir.

Ulu Öndərin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun Azərbaycanın uğurlarında öz payı vardır. Yaranmasının 20 illiyini qeyd edən Fondun bu illər ərzində azərbaycançılıq ideologiyasının təbliği istiqamətində addımlarını xüsusi qeyd etmək istərdik. Azərbaycanın tarixinin, milli-mənəvi dəyərlərinin, ədəbiyyatının, incəsənətinin təbliğinə xidmət edən layihələri saysız-hesabsızdır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar, reallaşdırdığı layihələr daim diqqətlə izlənilir, xalqımız tərəfindən yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun xətti ilə respublikamızdan kənarda və ölkə daxilində həyata keçirilən tədbirlər Azərbaycanın dünya miqyasında tanınması, milli-mənəvi sərvətlərimizin təbliği istiqamətində reallaşdırılan əhəmiyyətli layihələr olmaqla xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından da fərqlənir.

Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində yeni dövrə qədəm qoyan Azərbaycan müəyyənləşdirdiyi hədəflərə doğru inamla addımlayır. Mehriban xanım Əliyeva daim çıxışlarında Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu məqamı xüsusi vurğulayır ki, tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətənin - Azərbaycanın taleyi Onun taleyi ilə əbədi olaraq bağlandı. Hüseyn Cavidi uzaq soyuq Sibirdən Vətəninə qaytaranda, dahi həmvətənlərinin xatirəsini əbədiləşdirmək üçün bir-birindən əhəmiyyətli tarixi-mədəni layihələri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayanda bizlərə "Bu Vətən sənin, mənim, hamımızındır" kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçdi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Liderin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söylədiyi "Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömrün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir" fikirləri dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təqdimatıdır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.

Samir QOCAYEV,

YAP Goranboy Rayon Təşkilatının sədri.