Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
Siyasət

Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişmələri, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Dünya Azərbaycanı belə tanıyır... Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və dini-mənəvi dəyərlərə dərin ehtiramın ifadəsinə çevrilən bir ölkə. Paytaxtımızda keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirəndə əmin oluruq ki, respublikamız dünyanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Eyni zamanda Azərbaycan regional lider kimi qlobal problemlərin həllində platforma rolunu oynayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir.

Xüsusi qeyd edilməlidir ki, Mədəniyyətlərarası Dialoq Forumu təkcə yeni dövrün problemlərindən doğan bir proses deyil. Məhz bu çərçivədə "Bakı Prosesi" 2008-ci ildən başlayaraq qeyd edilən məsələlər ətrafında fəallıq göstərir. Prezident İlham Əliyev tərəfindən əsası qoyulan və hər il mütəmadi şəkildə keçirilən forumlar, dialoqlar və tədbirlərdə dünyaya aydın mesajlar verilir. Məhz deyilənlərin fonunda sözügedən proses bizi birləşdirən dəyərlər, mədəni birlik, eyni zamanda kimliyimizə qayıdış kimi məfhumları daha çox qabardır. Dünyanın hər bir nöqtəsində sülhün və sabitliyin əsas zəmanəti kimi, Bakının ön plana çıxması olduqca əhəmiyyətlidir. Ölkəmizin mədəni və sivil həyatında mühüm rol oynayan tədbirlərin baş tutması, ölkə başçımızın diqqət və qayğısı əsasında əldə edilən beynəlxalq ictimaiyyətin müsbət rəyi nüfuzumuza müsbət təsir göstərir. Yüksək səviyyəli dövlət xadimlərinin, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıların olduğu "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün olduqca önəmli platformadır.

Bakıda baş tutan forumun qısa tarixçəsinə nəzər salsaq görərik ki, XXI əsrin bəlasına çevrilən ksenofobiya, irqçilik və islamofobiya kimi məsələlərin həlli istiqamətində Azərbaycan səylərini durmadan artırır. Məlumdur ki, 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə baş tutmuşdur. Elə həmin ilin 27 may tarixində Prezident İlham Əliyevin imzaladığı Fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir dəfə Azərbaycanda keçirilməsi qərara alınıb. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında keçirilib. Forumda ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 may - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr edilən layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu ətrafında müzakirələr aparılıb.

Şərq ilə Qərb arasında körpü olan ölkəmiz bəşər tarixi boyunca müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin birgə yaşadığı məskən olmuşdur. Coğrafi mövqeyin şərait yaratdığı bu çərçivədə Azərbaycan əhalisinin polietnikliyi kimi amillər bugün və gələcəkdə də özünü göstərəcək. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda bütpərəstlik, zərdüştiliklə bərabər, yəhudilik, xristianlıq və islam kimi səmavi dinlərin nümayəndələri yanaşı yaşamışlar. Danılmaz faktdır ki, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, ölkəmiz fərqli dinlərin mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcılarının ümid yeri olmuşdur. Bütün bunların əsasında, etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olmuş, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmişdir. Məhz bu səbəbdən müasir dövrümüzdə Azərbaycana olan inam və etibar durmadan artır. Digər dövlətlərin və xalqların nümayəndələrinin məhz paytaxt Bakını səmərəli dialoq üçün uyğun görməsi deyilənləri bir daha təsdiq edir. Bununla yanaşı, cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamı xüsusilə qeyd edilməlidir. Bu çərçivədə Dövlət tərəfindən dini icmalara maliyyə vəsaiti ayrıldı. Qeyd edək ki, bu addım dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaratdı.

Məlumdur ki, Azərbaycan xalqı tarix boyu bəşəri cinayətlərə məruz qalmış, müxtəlif dövrlərdə əraziləri işğal olunmuşdur. Xüsusilə 30 ilə yaxın işğal dövründə ərazilərimizdən müxtəlif cinayətlər üçün istifadə edən, burada qanunsuz yaşayışa rəvac verən, ekoloji, ideoloji, milli və dini terrorizimi həyata keçirən Ermənistanın beynəlxalq hüquqazidd bu özbaşınalığına bəzi güc mərkəzləri göz yumublar. Bu müddət ərzində ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdə mövcud olan 68 dini abidənin, demək olar ki, hamısını dağıdıb və yaxud təhqirlərə məruz qoyublar. Məhz digər xalqların bu cür bəlalara dücar olmaması üçün ümid işığı olan Azərbaycan daim mədəniyyətlərarası dialoqu möhkəmləndirməyə xüsusi önəm verir. Yeri gəlmişkən qeyd edək ki, "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur.

Nurlan ABDALOV,

"Respublika".