Məramı
Siyasət

Məramı "yardım" etmək olan qurumun məkrli planları

USAID-ın (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer "X" platformasında paylaşdığı videoda Azərbaycanın iki ay öncə apardığı antiterror tədbirləri nəticəsində 100 min erməninin Qarabağı tərk etdiyini və ABŞ-ın onlarla həmrəy olduğunu bəyan edib.

Ağ Evin köçkünlərə əlavə 4 milyon dollar məbləğində humanitar yardım ayırdığını vurğulayan Pauer Qarabağ ermənilərini qəbul etdiyi üçün hətta Paşinyan hökumətinə minnətdarlığını da bildirib. Təşkilatın rəsmisi onu da qeyd edib ki, İrəvana səfəri zamanı Qarabağdan gedən insanlarla görüşüb, onların problemlərini dinləyib. Amma ermənilərə can yandıran Pauer Bakıda olarkən azərbaycanlı məcburi köçkünlərə məhəl qoymayıb, onlarla maraqlanmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də məsələ ilə bağlı verdiyi açıqlamasında bu məqama toxunub. O, Samanta Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşdüyünü, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etdiyini xatırladıb. XİN rəsmisi vurğulayıb ki, təxminən 30 illik işğal boyunca azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAID rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb. Buna görə də indiki məqamda Qarabağın erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir.

Bu qurumun 4 min itkin düşmüş azərbaycanlının taleyi ilə bağlı narahatlığını bildirməməsi, minadan zərər çəkənlərlə həmrəylik ifadə etməməsi isə təəccüblü deyil. Çünki USAID-ın bağlı olduğu Soros fondu Azərbaycandan biabırçı şəkildə qovulub. Quyruq ağrısı pis olar deyiblər. Yəqin ki, Soros da bunu unutmayıb və kinini zaman-zaman pauerlərin timsalında büruzə verir. Digər tərəfdən, beynəlxalq təşkilatın xanım direktorunun ermənilərlə xüsusi bağlılığı var. Belə ki, o, 2006-cı ildə qondarma erməni soyqırımına aid filmin təqdimatında türkləri faşist adlandırıb. Pauerin, həmçinin çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla da dostluq münasibəti olub. O, dəfələrlə Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarxın tədbirlərində çıxış edib. Hətta Vardanyan Qarabağda həbs edilərək paytaxta gətiriləndən sonra Samanta Pauer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Pauerə cavabında bu məqama toxunub. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, "pulbazlıq" və qondarma "Avrora" mükafatı altında siyasi spekulyasiyalar yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar olub.

Buradan o da aydın olur ki, ABŞ-dakı ermənipərəst dairələri hərəkətə gətirən məhz erməni lobbisidir. Hazırda Pauer və digər amerikalı rəsmilərin səsləndirdikləri bəyanatlar da onların sifarişi əsasında hazırlanır. Görünür, İrəvan bu üsulla Qarabağdan köçən ermənilərə görə Vaşinqtondan növbəti maliyyə yardımının ayrılmasını gözləyir, bununla da büdcəni doldurmaq istəyir. Amma Bayden hökuməti heç bir halda qarşılıqsız yardım göstərmir. Əgər ABŞ USAID-ın vasitəçiliyi ilə Qarabağ ermənilərinə əvvəlcə 2,5, bu dəfə isə 4 milyon dollar ayırırsa, bunun qarşılığını artıqlaması ilə Ermənistandan alacaq. Əslində Pauer də gözəl dərk edir ki, Qarabağ erməniləri qaçqın deyil. Onlar regionu könüllü şəkildə tərk ediblər və ermənilərə heç bir təzyiq göstərilməyib. Eyni zamanda Qarabağdakı ermənilərin böyük əksəriyyəti qeyri-qanuni məskunlaşma aparıblar və işğal dövründə əraziyə Azərbaycan hökumətinin razılığı olmadan Ermənistan, Livan, Suriyadan kifayət qədər sakin köçürülüb.

Bu faktlardan USAID də agahdır. Amma görünür, rəsmi Vaşinqtonun həqiqətə göz yummaqda marağı var. Ağ Ev Qarabağ erməniləri kartından istifadə etməklə Rusiyanı regiondan uzaqlaşdırmağı hədəfləyir. Son dövrlərdə Qarabağdakı rus sülhməramlılarının amerikalılar ilə əvəzlənməsi versiyasının səsləndirilməsi də bu planın tərkib hissəsidir. Buradan da aydın olur ki, Ermənistan Birləşmiş Ştatların növbəti qurbanıdır və ondan yalnız geosiyasi maraqları üçün istifadə edir.

Jalə QASIMZADƏ,

"Respublika".