Selektiv yanaşmanın və azərbaycanofob siyasətin təzahürü
Siyasət

Selektiv yanaşmanın və azərbaycanofob siyasətin təzahürü

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət, yeni reallıqlar yaranıb. Azərbaycan bölgədə təhlükəsizlik, qarşılıqlı anlaşma, etibarlı tərəfdaşlıq mühitinin formalaşması istiqamətində vacib addımlar atır. Regionda sülhün, əmin-amanlığın qarantı kimi çıxış edən, kommunikasiyaların açılmasını təmin edən, region dövlətləri ilə əməkdaşlığı təşviq edən 2020-ci il 10 noyabr üçtərəfli Bəyanat hər iki tərəfin qarşısında bir sıra öhdəliklər qoyur. Zəngəzur dəhlizinin açılması fonunda bölgədə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, bir çox irimiqyaslı layihələrin reallaşdırılması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi zərurətə çevrilib.

Azərbaycanın Cənubi Qafqazda söz sahibinə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun artması bir çox qərb ölkələrini, o cümlədən Fransanı təşvişə salıb. 30 il davam edən Qarabağ münaqişəsi zamanı da ölkəmizə qarşı ikili münasibət bəsləyən, yaranmış vəziyyəti sülh yolu ilə həll etmək, münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, buna mane olan, münaqişənin həllinə imkan verməyən Fransa 44 günlük müharibədən sonra öz mövqeyini daha açıq şəkildə nümayiş etdirdi. Bu gün də Ermənistanı İkinci Qarabağ müharibəsi zamanı imzaladığı təslimolma aktına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə, Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamamağa sövq edir. Lakin uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın anti-Azərbaycan siyasəti həyata keçirərək ölkəmizin əleyhinə atdığı bütün addımlar nəticəsiz qalır. Məsələn, ötən il Fransa hakimiyyətinin daha bir məkrli niyyəti - Frankofoniya Təşkilatı vasitəsilə Azərbaycana təzyiq etmək cəhdi iflasa uğradı. Belə ki, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən, mütəmadi olaraq bölgədə sülhü təhdid edən addımlar atan Fransa ötən il 19-20 noyabr tarixlərində Tunisin Cerba şəhərində keçirilən XVIII sammitdə Frankofoniya Təşkilatı vasitəsilə Azərbaycana təzyiq etmək üçün xüsusi plan hazırlamışdı. Müstəmləkəçi dövlət sənəd layihəsini təşkilata üzv dövlətlərin mövqeləri nəzərə alınmadan Zirvə görüşünə təqdim etmişdir. Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Fransanın xüsusi canfəşanlığı sayəsində Azərbaycanın əleyhinə qərəzli, həqiqəti əks etdirməyən ifadələr salınmışdır. Lakin qətnamənin müzakirəsi zamanı Azərbaycana dost olan, onun haqlı mövqeyini müdafiə edən BFT-yə üzv dövlətlərin bir neçəsinin səyi nəticəsində bu ifadələr qətnamədən çıxarılmışdır. Bununla yanaşı, layihənin müvafiq bəndlərinə etirazlarını bildirən, sənədin qəbul olunmasına razı olmadıqlarını bəyan edən üzv dövlətlərin nümayəndələri onların tələblərinin yerinə yetirilmədiyindən konfrans zalını tərk etmişlər.

2022-ci il noyabr ayının 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırarkən demişdir: "Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Bizdə fransız-erməni tandeminin eyhamlarla, ittihamlarla və təhqirlərlə dolu həmin sənədin ilkin mətni vardır, ancaq bizim təkcə Qoşulmama Hərəkatında deyil, - yeri gəlmişkən, bu təşkilatın üzvlərinin bəziləri Frankofoniya Sammitinin üzvləridir, - həm də Avropada dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi faktiki olaraq ləğv edilib. Yəni onlar çox formal bir sənəd qəbul ediblər".

Fransa-Ermənistan cütlüyü bu dəfə isə BMT-də fiaskoya uğradı. Sentyabrın 21-də Ermənistan və havadarı Fransanın təkidi ilə BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı keçirilən təcili iclas nəticəsiz başa çatdı. İlk olaraq qeyd edək ki, əsas missiyası dünyada sülhü və təhlükəsizliyi təmin etmək olan belə bir "mötəbər" təşkilatın Azərbaycanın öz ərazisində lokal xarakterli antiterror tədbirləri ilə bağlı iclas keçirməsi birbaşa ölkəmizin daxili işinə qarışmaqdır. Digər tərəfdən, hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan dövlətimizi TŞ-də yalan dolu əsassız ittihamlarla günahlandırmaq, Azərbaycanın cəmi 24 saat ərzində keçirdiyi lokal antiterror tədbirləri zamanı guya Qarabağ bölgəsində yaşayan mülki əhali arasında kütləvi tələfatın, dinc insanlara qarşı təhdidlərin olmasının iddia edilməsi açıq-aşkar ikiüzlü, ədalətsiz siyasətin göstəricisidir. Almaniya, Fransa və Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının tribunasından Ermənistanın yalanlarına dəstək verməklə bunu bir daha sübut etdilər. Amma Aİ, Almaniya, Fransa nümayəndələrinin heç biri Qarabağda qanunsuz yerləşən, 2020-ci il 10 noyabr Bəyanatına əsasən ərazilərimizi tərk etməli olan silahlı birləşmələrin mövcudluğundan, azərbaycanlılara qarşı həyata keçirilən mina terrorundan bir kəlmə belə danışmadılar. Hətta hər zaman ikili yanaşma sərgiləyən Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin söylədiyi əsassız fikirləri bəyanat kimi yaymaq istədi. Lakin Macarıstanın bu sənədə veto qoyması onların bu niyyətini puça çıxardı, heç bir əsası olmayan hücumları iflasa uğradı və nəticədə TŞ-də ölkəmiz əleyhinə sənəd qəbul olunmadı. Onu da qeyd edək ki, bu, Ermənistanın BMT-də ilk uğursuzluğu deyil. Belə ki, avqust ayının əvvəlində Ermənistan Azərbaycanın legitim hüququ olan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin ləğv olunması ilə bağlı çirkin niyyətini həyata keçirmək üçün BMT-yə üz tutmuş, Qarabağdakı vəziyyətin Təhlükəsizlik Şurasında müzakirə edilməsini istəmişdir. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Laçın-Xankəndi yolunun "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili keçirilən iclasında Ermənistanın yalanları, əsassız iddiaları ifşa olunmuşdu.

Bütün bunlar bir daha sübut edir ki, heç bir ölkənin daxili işlərinə qarışmayan, onun ərazi bütövlüyünə xələl gətirəcək addımlar atmayan Azərbaycan bütün dünyada böyük nüfuza sahibdir. Onun haqlı mövqeyi bir çox dövlətlər tərəfindən müdafiə olunur və dəstəklənir. Aİ, Almaniya və Fransa kimi erməni havadarlarının nüfuzlu təşkilatlarda əsassız iddialarla çıxışları isə selektiv yanaşmanın və azərbaycanofob siyasətin təzahürüdür.

 Mehparə ƏLİYEVA,

 "Respublika".