Region

"Yaşıl dünya boyalarda"

Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda "Yaşıl dünya boyalarda" adlı ümumrayon tədbiri keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib, ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və fəal üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə layiqli töhfələr verir.

Təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində paytaxt Bakıda və bölgələrdə ardıcıl, məqsədyönlü işlər görülür.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli ölkəmizdə uğurla həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə ölkəmizin sanballı töhfəsinin bariz nümunəsidir.

Şagirdlərin yaşıl dünyamıza həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. İcra başçısı tərəfindən sərginin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".