Mavi gözlü Xəzər sirlərlə doludur
Ekologiya

Mavi gözlü Xəzər sirlərlə doludur

"Tarixi abidələr xalqın keçmişini, onun tərəqqi və tənəzzül çağlarını parlaq əks etdirir. Bu abidələrdə ötüb keçən əsrlərin sənətkarlığı və incəsənəti həkk olunub. Onları qoruyub bu zamana qədər gətirib çıxarmışıq. Xəzər dənizinin sahilində, mənzərəli yerdə, Bayıl yaşayış sahəsində inşa olunmuş bu abidəni həmin yerin adına müvafiq olaraq "Bayıl qəsri" və ya "Səbail qəsri" adlandırıblar. 1306-cı ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı tikili dağılıb və bir neçə əsr suyun altında qalıb. Ada Xəzər dənizində suyun səviyyəsinin azalması nəticəsində yalnız XVIII əsrin əvvəllərində, daha dəqiq desək, 1723-cü ildə üzə çıxıb".

Bu fikirlərin müəllifi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mədəni irsin tədqiqi şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimovun sözlərinə görə, əsrlər əvvəl suyun altına qərq olmuş qalanın nə vaxtsa yenidən üzə çıxacağı ehtimal olunur...

Gözəlliyi ilə həmişə öyündüyümüz mavi Xəzər böyük bir təhlükə ilə üz-üzədir. Onun suyu getdikcə azalır. Bilirik ki, Xəzər dənizi qapalı su hövzəsidir və bu səbəbdən onun səviyyəsində vaxtaşırı dəyişmələr baş verir. Bunun isə müxtəlif səbəbləri var. İlk növbədə, bu, onu qidalandıran çaylardan, düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Təbii ki, dənizin dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsirsiz qalmır. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axınında da azalma müşahidə olunur.

Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb, ancaq qısa müddətdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonralar yenidən azalmağa başlayıb. Dəniz suyunun səviyyəsinin artdığı həmin illər yaşlı və orta nəslin yaxşı yadındadır. Suyun səviyyəsi o qədər artmışdı ki, hamının sevimli yeri olan bulvarı da tanınmaz hala salmışdı. Dənizdə bir balaca külək əsəndə su səddi aşıb səkilərə doğru irəliləyir, insanların gediş-gəlişinə maneə yaradırdı. Geri çəkiləndə isə səkilərdə, əsasən də ağacların dibində mazut gölməçələri yaranırdı. İllərlə zəhmət çəkilib böyüdülən ağaclar da təhlükə içində qalırdı. Bulvara gözəllik verən gül-çiçək kolları da məhv olmuşdu. Bu mənzərə hər kəsin ürəyini ağrıdırdı. Bulvar getdikcə kimsəsizləşirdi. Bir dəfə bulvara gedib-gəlmək bir cüt ayaqqabı almaq demək idi. Belə ki, dalğaların sahilə atdığı mazut ayaqqabılara yapışır və onu təmizləmək çətin olurdu. Əslində o dövrdə Xəzərin suyunun səviyyəsinin artması daha böyük problemlər yaratmışdı.

Doğrudur, hazırda Xəzərin suyunun səviyyəsinin artması ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün o qədər də təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə mənfi təsir edə bilər.

Xəzərin səviyyəsi isə aşağı düşməkdə davam edir və əlbəttə, bu, narahatlıq doğurur. Məsələn, əvvəllər Buzovna, Novxanı yaxınlığında su altında olan ərazilər də quruyur. Mütəxəssislərin bəziləri bu prosesi qlobal istiləşmə, iqlim dəyişmələri ilə bağlayırlar. Bəziləri isə bunu Xəzərin suyunu formalaşdıran çayların suyunun azalması ilə əlaqələndirirlər. Hətta qeyd edirlər ki, Xəzərin suyunun səviyyəsi hər 100 ildən bir dəyişir. Onu da qeyd edək ki, Xəzərin bu probleminin əsas səbəbi kimi iqlim dəyişmələrini göstərənlərin sayı daha çoxdur. İqlim dəyişmələri isə antropogen amillərdən baş verir. Dənizin su səviyyəsinin azalması prosesinin 2050-ci ilə qədər davam edəcəyini proqnozlaşdıranlar da var.

 Almaniyalı alimlərin fikrincə Xəzər dənizinin suyunun kəskin azalması prosesi əsrin sonuna qədər davam edəcək, dəniz 9-18 metr enəcək. Bu isə iqtisadiyyata da zərər verəcək. Böyük ərazilərdə şoran sahələr yaranacaq, sahilboyu göllər quruyacaq.

Problem artıq özünü ciddi şəkildə büruzə verir. Məsələn, Türkmənbaşı yaxınlığında Avazada gəmilərin yan aldığı körpü indi quruda qalıb. İllərdir kruiz gəmilərində işləyən Batır Yusupov deyib: "Əvvəllər Türkmənbaşıdan Xəzər şəhərinə gəmi ilə gedərdim. Dənizdə ciddi lillənmə (dəniz dibində ciddi çöküntü toplanması) olduğundan bu marşrut bir ildir ki, ləğv edilib". Xəzərin indiki vəziyyəti artıq digər Xəzəryanı ölkələr Türkmənistan, Rusiya, Qazaxıstan və İranda da özünü göstərir. ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev deyib: "Əlbəttə ki, bu, çoxtərəfli əməkdaşlıq məsələsidir. Biz bu məsələləri qonşularımızla həll etməyə çalışırıq və faktiki olaraq onların üzərində işləyirik. Çünki əlaqələndirilmiş tədbirlər görməsək və müvafiq addımlar atmasaq biz hamımız bundan əziyyət çəkəcəyik". Xəzər dənizinin ərazilərinin 5 ölkə tərəfindən təmizlənməsi, tullantıların azalması, ekosistemin bərpası, eyni zamanda Xəzərin biomüxtəlifliyi ilə bağlı ciddi addımlar atılmalıdır. Çox güman COP29-da dünyanın aparıcı mütəxəssisləri bu problemin də həlli yollarını axtaracaqlar. Qeyd etdiyimiz kimi, dəniz o qədər çəkilər ki, hətta indiyədək gizli saxladığı sirlər də üzə çıxa bilər. Elə Xəzərin dibindəki "sualtı şəhər" də... Axı o da məhz bir vaxt dənizin suyunun səviyyəsinin belə artma və azalma prosesinin qurbanlarından biri olub.

Zümrüd QURBANQIZI,

"Respublika".