Cənubi Qafqaz geoiqtisadi maraqların kəsişmə nöqtəsinə çevrilir
Siyasət

Cənubi Qafqaz geoiqtisadi maraqların kəsişmə nöqtəsinə çevrilir

İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, 44 gün ərzində 30 illik işğala heç bir ölkədən kömək istəmədən öz gücü sayəsində son qoyması Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişdi. Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən siyasəti ilə regionun yeni xəritəsini cızdı, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrildi. Yeni dünya düzəninin formalaşdığı bu dövrdə yeni əməkdaşlıq formatlarının yaranması, bununla bərabər supergüclərin maraqlarının toqquşması regionda vəziyyəti mürəkkəbləşdirdi.

Bu gün Cənubi Qafqazda ən mühüm məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması fonunda regionda sülhün, təhlükəsizliyin bərqərar olmasıdır ki, dövlətimiz bu istiqamətdə düşünülmüş siyasət həyata keçirir. Birgəyaşayışa, region xalqlarının mehriban qonşuluğuna böyük önəm verən Azərbaycan sülhü təşviq etməklə regional inkişafa, beynəlxalq əməkdaşlığa töhfələr verən ölkə olduğunu isbat edir. Regionda baş verən proseslərin əsas aktoruna çevrilən ölkəmiz həm geostrateji, həm də geosiyasi baxımdan əlverişli məkandır.

Cənubi Qafqaza xüsusi meyil göstərən Rusiya, Avropa Birliyi, ABŞ, Türkiyə, Çin və s. kimi ölkələr müxtəlif sahələr üzrə əlaqələrini dərinləşdirməklə regionda üstünlük qazanmağa, milli maraqlarını təmin etməyə çalışırlar. Böyük dövlətlər bir tərəfdən bərabərhüquqlu ikitərəfli və çoxtərəfli əməkdaşlıq yolları axtarır, digər tərəfdən isə özlərinin geosiyasi, geoiqtisadi maraqları uğrunda fəal rəqabət aparırlar. Bu mənada regional və regiondan kənar dövlətlərin Cənubi Qafqazın enerji resurslarının istifadəsi ilə bağlı geoiqtisadi maraqları toqquşur. Avropa və Asiyanın kəsişməsində yerləşən və geniş ərazini əhatə edən, böyük nəqliyyat-kommunikasiya imkanları ilə dünyaya açıq olan Cənubi Qafqazın tranzit-dəhliz imkanları həm əksər region ölkələrinin sağlam rəqabət maraqlarına cavab verir, həm də bütün dünya ölkələrinin bölgənin iqtisadiyyatına investisiya yatırmağa, hərtərəfli iqtisadi əməkdaşlığa imkan yaradır. Cənubi Qafqaz özünün enerji resursları və karbohidrogen ehtiyatları, Şərq-Qərb quru, hava, su yolları və nəqliyyat-kommunikasiya dəhlizləri və s. ilə transmilli geostrateji və geoiqtisadi maraqların kəsişdiyi və toqquşduğu əsas məkanlardan biri hesab olunur. NATO-nun və Avropa İttifaqının Şərqə doğru genişlənməsi və Cənubi Qafqaz ölkələrinin Qərbin yeni qonşusuna çevrilməsi Avropanın siyasi, iqtisadi və hərbi sahələrdə marağına səbəb olub.

Rusiya Cənubi Qafqazda öz təsir gücünü nəyin bahasına olursa-olsun qorumağa çalışan dövlətlərdən ən birincisidir. Eyni zamanda Avropa Birliyi, NATO və onlara üzv olan dövlətlər Cənubi Qafqazda müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq həyata keçirir. Bu mənada Cənubi Qafqaz Asiya, Avropa, ABŞ və Rusiyanın maraqlarının əks olunduğu əhəmiyyətli geosiyasi regiondur.

Müstəqil siyasət yürüdən Azərbaycan həm Rusiya, Türkiyə, Gürcüstan, həm də ABŞ, Çin, Avropa Birliyi və İslam Konfransı Təşkilatı ölkələri ilə ikitərəfli və çoxtərəfli regional tərəfdaşlıq əlaqələri qurmağa nail olmuşdur. Dövlətimiz məqsədyönlü siyasəti sayəsində dünyanın bir çox transmilli qlobal məsələlərinin həllində ciddi amilə çevrilib və Avropanın enerji təhlükəsizliyinin təminatında, Şərq-Qərb nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında mühüm rol oynayır. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına daşınması ilə bağlı Azərbaycanın Gürcüstan, Türkiyə, ABŞ və Avropa Birliyi ilə eyni mövqedən çıxış etməsi enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri yaratmışdır. Bu tərəfdaşlığa əsasən Azərbaycan regionda Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi transmilli layihələr həyata keçirmiş, TANAP, TAP, Şahdəniz-2 və s. irimiqyaslı layihələr üzrə ABŞ, Avropa Birliyi, Türkiyə kimi beynəlxalq və regional tərəfdaşlar qazanmışdır.

Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələrini gücləndirməklə yanaşı, bu ölkələrin Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemindəki rolunu da xeyli artırmışdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri layihəsinin reallaşması, TANAP, TAP kimi yeni transmilli qaz kəmərlərinin gələcək dividendləri, Şahdəniz-2 fazasının zəngin qaz ehtiyatları bütövlükdə regionun geosiyasi mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqazda ABŞ, Avropa Birliyi, Türkiyə kimi Qərb tərəfdaşları ilə yanaşı, MDB, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi ölkələrlə də hərtərəfli tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır.

Müstəqil Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi regional siyasət, irəli sürdüyü bütün geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təşəbbüslər beynəlxalq aləmdə birmənalı şəkildə dəstəklənir. Dövlətimiz bütün transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrini regionda ən etibarlı, strateji tərəfdaş olaraq uğurla həyata keçirir.

Dünyanın artan enerji ehtiyacı və ticarət əlaqələrinin genişləndirilməsi zərurəti kontekstində Cənubi Qafqaz özünün zəngin karbohidrogen ehtiyatları, Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, nəqliyyat-kommunikasiya sahəsindəki imkanları ilə bütün dünyanın nəzər diqqətini özünə cəlb edərək geoiqtisadi maraqların kəsişmə nöqtəsinə çevrilmişdir.

Mehparə ƏLİYEVA,

"Respublika".