Ermənistan təhlükə mənbəyi olmaqda davam edir
Siyasət

Ermənistan təhlükə mənbəyi olmaqda davam edir

17 min "Kalaşnikov" avtomatının terrorçulara verilməsi də bunu təsdiqləyir

İkinci Qarabağ müharibəsində darmadağın olan Ermənistan silahlı qüvvələri hələ də özünə gələ bilmir. Orduda baş alıb gedən fərarilik halları, son bir neçə ildə müdafiə naziri vəzifəsinə təyin olunanların tez-tez dəyişməsi, qeyri-döyüş şəraitində əsgər ölümlərinin günbəgün artması Ermənistan üçün adi hal alıb. Ötən gün daha bir faktın ortaya çıxması Ermənistanda orduya nəzarətin demək olar ki, olmadığını göstərib. Ölkənin daxili işlər naziri Vahe Qazaryanın sözlərinə görə, cəbbəxanalarda 17 min avtomat yoxa çıxıb. Qazaryan qeyd edib ki, silahlar 2020-ci ilin sonunda - Azərbaycan Ermənistanın işğal etdiyi Qarabağ bölgəsinin böyük hissəsini azad edəndən - 44 günlük müharibədən sonra yoxa çıxıb. Silahlar müharibə zamanı itməyib, bu, müharibədən sonra baş verib. Nazir həmçinin bildirib ki, o, "silah və sursatla bağlı məsələdən narahatdır", çünki bunun "regional təhlükəsizlik və sabitlik üçün potensial nəticələri" ola bilər.

Maraqlısı odur ki, bu qədər silahın yoxa çıxmasına nə bir xarici ölkə, nə də hər hansısa bir beynəlxalq təşkilat reaksiya verib. Təbii ki, ikili yanaşma burada da özünü göstərir. Əgər həmin silahların Ermənistanda yox, Qərbin uzlaşmadığı başqa bir dövlətdə yoxa çıxsaydı, heç şübhəsiz ki, bu xəbər dünya gündəmindən əksik olmaz, dərhal da qərb institutları həmin ölkəni terror qruplaşmalarını silahlandırmaqda ittiham edərdi. Lakin məsələ Ermənistan olduqda bu cür mövzular əsla gündəmə gətirilimir, əksinə, ört-basdır edilir.

"Eureporter" nəşri erməni nazirin açıqlamaları haqda maraqlı araşdırma aparıb, bəzi məqamları da izah etməyə çalışıb: "Bu rəqəmi başa düşmək çətindir - 17000. Təsəvvür edin - bu, üç yarım piyada briqadasını silahlandırmaq üçün kifayət qədər silahdır! Bütün Ermənistan ordusu 65 min nəfərdən ibarətdir - ona görə də çatışmayan silahlar onun şəxsi heyətinin dörddə birinə bəs edərdi. Əgər onlar düzgün qablaşdırılarsa, bu, 1400-dən çox böyük və ağır qutu olacaq ki, bunu da hərəkət etmək üçün 10-dan çox hərbi yük maşını aparacaq", - deyə yazıda qeyd olunub. Nəşr onu da vurğulayıb ki, Ermənistan boyda bir ölkədə 17 min avtomatı gizlətmək çətin olardı. Araşdırmada onların Türkiyə, Gürcüstan və Azərbaycan sərhədlərindən deyil, İran vasitəsilə Ermənistandan çıxarılması ehtimal edilir.

Ermənistanın uzun illərdir İran ərazisindən silah və narkotik qaçaqmalçılığı etdiyini nəzərə alsaq, onda deyilənlərin həqiqət olması inkar edilə bilməz. Artıq hər kəs İrəvan və Tehranın terror qruplaşmaları ilə yaxın olmasını və onları silah-sursatla təmin etdiyini yaxşı bilir. Belə olan halda heç şübhəsiz ki, həmin silahlar İran üzərindən PKK, YPG, Hizbullah, ASALA kimi təşkilatlara çatdırılıb. Ermənistanın 17 min avtomatı itmiş kimi göstərməsi isə, yalnız nəzərləri üzərindən yayındırmağa çalışmaqdır. Ermənistan bunu isbat etdiyi halda belə, yenə də cinayət məsuliyyətindən boyun qaçıra bilməz. Çünki hər bir dövlət tabeçiliyində olduğu silahlara nəzarət etmək öhdəliyinə sahibdir.

Artıq ekspertlər də "Kalaşnikov"ların terrorçuların əlində olmasını istisna etmir. Çünki ASALA, PKK, YPG kimi terror təşkilatları dəfələrlə Ermənistana dəstək nümayiş etdirib və bu dövlətlə yaxınlıqlarını bildiriblər. Hətta yerli və xarici mətbuatda kifayət qədər faktlar olmuşdu ki, Vətən müharibəsində PKK və YPG terrorçuları işğalçı ölkə tərəfindən döyüşlərə qatılmışdı. Bunun bir səbəbinin həmin terror qruplarının liderləri arasında ermənilərin olması, ikinci səbəb isə bu terror qrupların hərbi ehtiyaclarının Ermənistan dövləti vasitəsilə təmin olunmasıdır.

Musa BAĞIRLI,

"Respublika".