Müstəqil ölkəmizin tarixində bir ilk
Siyasət

Müstəqil ölkəmizin tarixində bir ilk

Azərbaycan artıq qalib tərəf kimi regionda yeni şərtlər yaradıb və bu şərtləri diktə edən tərəfdir. Azərbaycan artıq növbədənkənar Prezident seçkilərinə də qalib ölkə kimi gedir. Həmçinin nəzərə almaq lazımdır ki, məhz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra ilk dəfə Prezident seçkiləri keçirilir.

Prezident İlham Əliyev 2018-ci il seçkilərində də qarşıda duran əsas hədəfləri elan etdi və Prezident seçildikdən sonra çox həssas və gərgin bir dövrdə, 2020-ci ildə qlobal pandemiyanın dünyanı cənginə aldığı bir vaxtda məhz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Daha sonra isə 2023-cü il lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa edildi və regionda yeni reallıqlar yarandı. İndi müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində ilk dəfə seçkilər keçiriləcək. Yəni nəzərə almaq lazımdır ki, bu seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti deməkdir və artıq torpaqları işğalda olmayan bir ölkədə Prezident seçkiləri keçirilir.

Hazırda tarixi zəfərdən sonra formalaşan yeni reallıqlar fonunda Azərbaycanın gələcəyə baxışı, idarəetmə modeli ilə bağlı islahatlar həyata keçirilir. Qarşıda dövlətimizin böyük hədəfləri var və bu kontekstdə növbədənkənar prezident seçkilərinin tarixi əhəmiyyəti olacaq.

Tural İSMAYILOV,

politoloq.