Münxen səfəri ölkəmizin beynəlxalq miqyasda əsas aktorlardan biri olduğunu təsdiq edir
Siyasət

Münxen səfəri ölkəmizin beynəlxalq miqyasda əsas aktorlardan biri olduğunu təsdiq edir

Taleyüklü dövrləri geridə qoyan dövlətimiz bu sınaqlardan uğurla çıxmış, yürütdüyü uğurlu siyasət qlobal güclərin diqqətini cəlb etmişdir. Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində qeyd etdiyi məqamlar bir daha bunu təsdiq edir: "Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir".

Prezident İlham Əliyevin liderliyi ilə qüdrətli Azərbaycan dövləti yeni reallıqlar yaratmışdır. Bu gün biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Əfsuslar olsun ki, bu uğura gedən yolda ölkəmizə qarşı bəzi güclər daim destruktiv mövqe sərgiləmişdir. Müasir dövrümüzdə də uğurlarımızı həzm edə bilməyənlər bu siyasəti davam etdirməkdədir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın imperativləri XXI əsrdə ən yüksək tribunalarda dəstəklənir. Xüsusilə 30 illik işğal dönəmində ölkəmizə qarşı edilən haqsızlıqlar, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması halları məhz ölkə başçımızın göstərdiyi qətiyyətli mövqe ilə aradan qaldırılır. Xatırlatmaq lazımdır ki, xüsusilə işğal dövründə "status-kvo"nun qorunub saxlanması arzusu artıq tarixə qovuşmuş Qarabağ probleminin Ermənistanın lehinə həll olunması istəyi, qlobal güclərin xristian təəssübkeşliyi açıq şəkildə özünü göstərirdi. Çoxüzlü yanaşmalar fonunda öz doğma torpaqlarından didərgin düşmüş 1 milyondan çox soydaşımızın taleyi ilə bağlı heç bir fikir bildirilmirdi. Erməni havadarları daim vaxtuzatma cəhdləri ilə prosesi dondurmaq niyyəti güdürdülər. Regiondan kilometrlərlə uzaqda olan oyunçuların məsələyə yanaşması qəbuledilməz həddə gəlib çatmışdı. Beynəlxalq ədaləti tənzimləməli olan qurumlar da bu ədalətsizliyə göz yumurdular.

Prezident İlham Əliyev bu haqda demişdir: "Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər". 44 günlük Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonra yeni reallıqları həzm edə bilməyən qərəzli dairələr regiona müdaxilə etmək arzusundadırlar. Onlar hələ də Cənubi Qafqaza sülhün gəlməsinə mane olmaq niyyətindədirlər. Əgər onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə mane olaraq İrəvana birtərəfli üstünlük qazandırmaq istəyirlərsə, bu, mümkün deyil. Özünü vasitəçi kimi təqdim edən qüvvələrin qeyri-obyektiv və beynəlxalq hüququn normalarını ayaq altına atan hərəkətləri nəticəsində Ermənistan yenidən silahlanır və təxribatlara əl atır.

Qeyd etmək lazımdır ki, beynəlxalq güclərin keçmiş Qarabağ probleminin həlli üçün rəva bildikləri sistem artıq iflasa uğramış ATƏT-in Minsk qrupu idi. Hansı ki, uzun illər Azərbaycanın haqq səsinə "qulaqlarını" kar etmiş bu qurum ötən müddət ərzində heç bir nəticəyə nail ola bilmədi. Əksinə, Ermənistanın yeni ərazi iddiaları yenidən baş qaldırdı. Bu zaman zərfində onlar yalnız yeyib-içmək məclisləri ilə, necə deyərlər "diplomatik turizm" ilə işğal altındakı torpaqlarımızda şəkil çəkdirirdilər. 2020-ci ildə ölkə başçımız ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən zaman səsləndirdiyi fikirlər bir daha iflasa uğramış bir platformanın səriştəsiz dövrünü bütün dünyaya sübut edir: "Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir". Elə günümüzdə də beynəlxalq güclər məhz ATƏT-in fəaliyyət prinsiplərindən olduqca narazıdır. Xatırladaq ki, fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü oldu. Demək olar ki, beynəlxalq ictimai rəyin formalaşdığı məsələlər ətrafında ölkə başçımız əsaslı fikirlər səsləndirdi. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi.

Diqqətə çatdıraq ki, Münxen şəhərində təhlükəsizlik üzrə 60-cı beynəlxalq konfransda 180 dövlətin yüksək vəzifəli nümayəndəsi, o cümlədən 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Konfransın gündəliyində Ukrayna və Yaxın Şərq, eləcə də Somali, Sudan və Haitidəki müharibələr, birgəyaşayış üçün əsas kimi beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasının mümkün islahatı və iqlim dəyişmələrinə dair məsələlər yer alır. Qeyd edək ki, Münxendə fevralın 17-də Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. Ardınca görüş ikitərəfli formatda davam edib. Görüş çərçivəsində iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla bu gün qlobal güclər hesablaşır. Ölkəmiz beynəlxalq miqyaslı layihələrin aparıcı aktoru kimi çıxış edir. Dövlətimiz bu gün beynəlxalq hüquq çərçivəsində regionumuzda sabitliyin yaranmasına xidmət edən konstruktiv mövqe sərgiləyir. Məhz Prezident İlham Əliyevin Münxen səfərində qlobal güclərin xahişi əsasında bir sıra görüşlərin keçirilməsi, aparılan fikir mübadiləsi, Azərbaycanın qlobal problemlərin həlli istiqamətindəki mövqeyi deyilənlərin əyani sübutudur. Xüsusilə İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ardınca ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə görüşlərin keçirilməsi, habelə İsrail prezidenti və Türkiyənin xarici işlər naziri ilə baş tutan danışıqlar uğurlu xarici siyasətimizin bəhrəsidir.

Əlbəttə ki, nüfuzlu qlobal layihələrdə Azərbaycanın davamlı iştirakı, bu çərçivədə göstərilən səylər artan nüfuzumuzun bel sütununu təşkil edir. Ölkəmiz bu gün dünyada mötəbər tədbirlərin ev sahibi kimi çıxış edir. Son olaraq, beynəlxalq ictimaiyyətin etimadının göstəricisi kimi COP29-un bu il ölkəmizdə keçiriləcəyi deyilənlərə əyani misaldır. Qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin qlobal problemlərin həllindəki rolunu bir daha göstərir. Xüsusilə XXI əsrin ən böyük problemlərindən olan iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşması kimi məsələlərin həllində ölkəmizin ortaya qoyduğu və qoyacağı həllər dünyaya yeni nəfəs gətirəcəkdir. Məlumdur ki, 2000-ci illərin başlanğıcından etibarən bu kimi məsələlərin həlli istiqamətində müəyyən addımlar atılsa da, effektiv həll üçün dünya dövlətlərinin birgə fəaliyyəti əsaslı şərtdir.

Nurlan ABDALOV,

"Respublika".