Mötəbər tədbir ölkəmizə iqtisadi-siyasi dividendlər gətirəcək
CƏMİYYƏT

Mötəbər tədbir ölkəmizə iqtisadi-siyasi dividendlər gətirəcək

Qlobal beyin mərkəzlərinin hesablamalarına görə, son yüz ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında isə qeyd olunur ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Hesab edilir ki, əgər planetimizdə temperatur bu tempdə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Dövlətlər isə vəziyyətdən çıxış yolunu birgə mübarizədə görürlər. İyunun 5-6-da Azərbaycanda keçiriləcək 29-cu Bakı Enerji Forumu da bu mübarizəyə həsr olunacaq. Enerji sahəsinin əsas istiqamətləri üzrə mühüm müzakirələrin aparıldığı platformada 600-dən çox nümayəndənin iştirakı gözlənilir. Builki tədbirin əsas gündəliyi "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Xəzər regionunda Yaşıl Enerji və Hidrogen Potensialı", "Beynəlxalq Qaz Təchizatı" və digər aktual mövzulardır. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "COP29: Azərbaycan üçün yeni çağırışlar və imkanlar" adlı xüsusi sessiya da əlavə olunub.

Belə bir tədbirə ev sahibliyi etməyimiz isə təsadüfi deyil. Çünki Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Bu istiqamətdə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişmələri probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensiallarının mövcudluğu ilə yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli imkan mövcuddur. Bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib. COP29 ölkəsi olaraq Azərbaycanda bu cür enerji qaynaqlarının olması və onlardan səmərəli istifadə mühüm məsələdir. Bu əsasda ölkəmiz 2030-cu ilədək və ondan sonrakı dövrdə "yaşıl enerji", iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir. Hazırda Odlar yurdunda iqlim dəyişmələrinə qarşı mübarizə yüksək səviyyədə aparılır. Respublikamızda istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilədək 35, 2050-ci ilədək isə 40 faiz azaldılması hədəf götürülüb. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaşıl enerji" məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə "yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur. "Yaşıl enerji" həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni səhifəsini təşkil edəcək. Üstəlik, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində geniş imkanlar yaranacaq. Bu vasitə ilə regionda və onun hüdudlarından kənarda iqlim hədəflərinə nail olmaq asanlaşacaq. Elə bu səbəbdən də 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Latviya parlamentinin sədri Dayqa Mierina mayın 20-də Bakıda keçirdiyi mətbuat konfransı zamanı deyib ki, ölkəsi Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsini alqışlayır.

Ümumilikdə Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Bununla yanaşı, COP29-un ölkəmizdə keçirilməsi həqiqətlərimizin həmin platforma vasitəsilə daha yaxşı təqdim edilməsinə şərait yaradacaq. Bu səbəbdən, deyə bilərik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası dövlətimizin qarşısında həm iqtisadi, həm də siyasi perspektivlər açacaq.

Jalə QASIMZADƏ,

"Respublika".